reklam
Regionxeberlericom.az » Siyasət » Embarqo və qiymət limiti Rusiyanın neft ixracını sarsıda bildimi?

reklam

Embarqo və qiymət limiti Rusiyanın neft ixracını sarsıda bildimi?


Ötən ilin fevralında Ukraynaya qarşı başlatdığı müharibəyə görə çoxsaylı məhdudiyyətlərin hədəfinə çevrilən Rusiya misilsiz təzyiq altına düşdü. Sanksiyalar ilk növbədə bu ölkənin müharibəni aparmaq üçün maliyyə imkanlarını azaltmağı hədəfləsə də qısa zamanda bu sahədə əhəmiyyətli dəyişikliklər baş vermədi.

Bunun əsas səbəbi büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli pay sahibi olan enerjidaşıyıcılarının satışından Rusiyanın hələ də yüksək gəlir əldə etməsi idi. Müharibənin ilk 6 ayı ərzində təkcə Avropa İttifaqı (Aİ) Rusiyadan 102,6 milyard ABŞ dolları dəyərində neft, təbii qaz və kömür aldı. Ona görə növbəti mərhələdə əsas prioritet nəyin bahasına olursa olsun Rusiyanı həmin gəlirlərdən məhrum etmək oldu.

Aİ öncə kömür tədarükünü tamamilə dayandırdı. Daha sonra kəmərlə qaz idxalı ilin sonuna yaxın demək olar ki, heçə endirildi. Nəhayət ötən ilin dekabr ayının əvvəlində dəniz yolu ilə neft tədarükünə embarqo və həmin xammal üçün qiymət “tavanı” işləməyə başladı. Xüsusilə neftlə bağlı məhdudiyyətlərə böyük ümid bəslənirdi. Bu onunla əlaqədar idi ki, Rusiyanın xarici bazarlara çıxardığı enerjidaşıyıcılarının 60-70 %-i neftin payına düşürdü. Bundan başqa müharibəyə kimi ixrac olunan neftin yarıdan çoxunun alıcısı məhz Aİ ölkələri idi. 2021-ci ildə Rusiya Aİ-yə sutkalıq 2,4 milyon barel neft satıb. Bütün bu faktorlar həmin məhdudiyyət mexanizminin Rusiyanın neft ixracını əhəmiyyətli dərəcədə sarsıda biləcəyinə inamı artırırdı və nəticə etibarı ilə belə də oldu.

Neftlə bağlı məhdudiyyətlərin ilk həftəsində Rusiyanın “qara qızıl” ixracı 54 % azaldı. Ötən ilin son 4 həftəsində isə Rusiyanın dənizlə neft tədarükü sutkalıq 117 min barel azalaraq 2022-ci ilin ən aşağı həddinə düşdü. Bu, ilk növbədə Rusiya neftinin daşınması üçün dəniz nəqliyyatı çatışmazlığı ilə bağlı olub. Baltik və Qara Dəniz, eləcə də Arktika regionundakı terminallardan sutkalıq təqribən 1,5 milyon barel Rusiya nefti istehlak edən Avropa bazarı embarqodan sonra tamamilə itirildi. Genişmiqyaslı müharibəni maliyyələşdirmək üçün Rusiya daha çox neft satmalıdır. Ona görə yataqların konservasiyası və hasilatın azaldılmasından söhbət belə getmir. Sadəcə olaraq azad olan həcmlərin digər alıcılara ilk növbədə Şərqə, o cümlədən Çinə və Hindistana yönəltmək lazım idi. Bunun reallaşdırarkən Rusiya kifayət qədər ciddi maneələrlə üzləşdi. Əvvəla daşınma vaxtı kəskin artdı. Daha əvvəl Baltik dənizindəki limanlardan Rotterdam limanına neft 7 günə çatdırılırdısa, indi həmin limanlardan bu xammalın Hindistana tranzitinə 31 gün sərf edilir.

Onsuzda toksiklik baxımından Rusiya nefti ilə işləmək həvəsində olanların azlıq təşkil etdiyi bir vaxtda uzaq məsafədən dolayı tankerlərin dövretmə müddəti dəfələrlə artdı. Məsafənin uzanması daşınma xərclərinin də kəskin artmasına gətirib çıxardı. Belə olan şəraitdə Rusiya öz neftinə tələbi stimullaşdırmaq üçün qiymət dempinqinə getmək məcburiyyətində qalıb. Hələ embarqoya kimi Çin və Hindistan uzun müddət Rusiya neftini 39 %-lik endirimlə alırdı. Ötən il Rusiyanın qiymət dempinqindən itkiləri 50 milyard ABŞ dolları həcmində olub.

Avropa kimi rəqabətqabiliyyətli bazar itirildikdən sonra Rusiyanın Çin və Hindistanla endirim məsələsində mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Təsadüfi deyil ki, hazırda Rusiya öz neftini orta dünya qiymətlərindən 30 ABŞ dolları aşağı satır. Bütün bunlar nəticə etibarı ilə neft gəlirlərini azalması ilə müşahidə edilir. Belə ki, ötən ilin son 4 həftəsində büdcəyə neftin ixrac rüsumlarından daxilolmalar 2022-ci ilin ən aşağı səviyyəsində olub.

Hər nə qədər Rusiya embarqo və qiymət limitinin bazarı çalxalayacağını, təklif çatışmazlığından dolayı qiymətlərin kəskin artacağını iddia etsə də reallıqda bunların heç biri baş vermədi. Məhz bu faktor qiymət “tavanı” ilə Aİ-ə əlavə manevr imkanları verdi. Artıq Estoniya yanvarın ortalarında qiymət limitinin 60 ABŞ dollarından da aşağı salınması məsələsini Aİ qarşısında qaldıracaq. Əsas kimi isə məhdudiyyəltərin qlobal yanacaq böhranı yaratmadığı və Rusiya neftinin hazırda həmin həddin altında satıldığı göstərilir.

Nəzərə almaq lazımdır ki, gələn ayın 5-dən Rusiyadan neft məhsullarının, o cümlədən dizel yanacağı, mazut, benzin, kerosin idxalının məhdudlaşdırılması mexanizmi işləməyə başlayacaq. Bundan başqa həmin məhsullar üçün qiymət limiti də tətbiq ediləcək. Neftdən fərqli olaraq bu cür məhsulları alternativ bazarlara yönəltmək Rusiya üçün qat-qat çətin olacaq. Buna görə həmin embarqonun nəticələrinin daha dağıdıcı olacağı gözlənilir. Bu perspektiv Rusiya höküməti tərəfindən makroiqtisadi proqnozlarda da öz əksini tapıb. Maliyə Nazirliyinin gözləntilərinə görə, bu il il neft-qaz gəlirləri 23 % azalacaq




Paylaş:


Müəllif : Tarix:
10-01-2023, 14:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər