reklam
Regionxeberlericom.az » Sosial » Sabunçunun icra başçısına ETİRAZ... - Şəhidə hörmətsizlik edənlər, Vətən sizi bağışlamayacaq!

reklam

Sabunçunun icra başçısına ETİRAZ... - Şəhidə hörmətsizlik edənlər, Vətən sizi bağışlamayacaq!
















Vətən hissi ən uca, ən ali duyğudur; onun uğrunda can fəda edənlər Vətən qədər uca və ali olurlar. Heç şübhəsiz, Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, düşmənə qan udduran və şəhadətə yüksələn Türkman Yolçu oğlu Məmmədov da bu ucalıqda pərvaz edir. Onun müqəddəs şəhid ruhu daim Vətənin göylərində çırpınacaq.

1 noyabr 2021-ci ildə İkinci Qarabağ müharibəsində şəhid olmuş Türkman Yolçu oğlu Məmmədovun ildönümü idi. Qəhrəman şəhidimiz Gədəbəy rayonundan hərbi xidmətə çağırılmışdı. O, Qarabağda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərən, tarix yazan igidlərimizdən biri idi.

Türkmanın atası Yolçu Məmmədov oğlunun adının əbədiləşdirilməsi üçün ildönümü münasibəti ilə öz vəsaiti hesabına Əmir Bağırov küçəsində bulaq tikdirib. Həmin bulağın açılış mərasimində və şəhid oğlunun ildönümündə iştirak etmək üçün Sabunçu Rayon İcra Aparatının rəhbərliyinə, bir neçə deputata və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin Sabunçu rayon nümayəndəliyinə məlumat verib. Ancaq çox təəssüflər olsun ki, həmin tədbirə yalnız Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov, köməkçisi Rəşad Quliyev, Tovuz-Gədəbəydən seçilmiş deputat Arzu Nağıyev gəlmişdilər.

Tədbirdə həmçinin 17 saylı orta texniki peşə liseyinin müəllim-tələbələri, şəhidin oxuduğu 22 saylı Cəbrayıl rayonu ümumi məktəbin müəllim və şagirdləri, qulluq etdiyi “N” saylı hərbi hissənin zabit və döyüşçü yoldaşları iştirak edirdi.

Çox təəssüflər olsun ki, Sabunçu rayonundan seçilən deputatı orada görmək mümkün olmadı. Eləcə də Sabunçu rayonunun icra aparatının, Səfərbərlik və Hərbi Çağırış üzrə nümayəndəlik açılış mərasiminə qatılmadı. Bu, əlbəttə, həm şəhid atasına, ən başlıcası da, şəhidin ruhuna böyük hörmətsizlik idi və buna başqa ad vermək mümkün deyil.

Şəhid tədbirinin yalnız qəsəbə nümayəndəsi, müavini və bələdiyyə müavinləri səviyyəsində təmsil olunması iştirak etməyənlərdə Vətən sevgisinə biganəlikdir. Bu da yetişən nəsillərdə vətənpərvərlik hissini azaldır. Vətənə vurulan ən ağır zərbə şəhidə hörmətsizlik edənlərin biganəliyidir.

Şəhidin atası Yolçu Məmmədov oğlunun anım tədbirini işıqlandırmaq üçün “ATV”, “Xəzər TV” və “İctimai TV”-yə ərizə ilə müraciət etmişdi. Təəssüflər olsun ki, bu televiziya kanallarından da heç biri tədbirə gəlmədi. Mən belə deyərdim ki, onlar bunu özlərinə rəva bilmədilər. Bəs vətənpərvərlik hissi? Televiziyalar nə üçün şəhid atasının müraciətini saymazlıqdan gəldilər? Bundan sonra kim o kanalların səmimiyyətinə inanar ki?!

Tədbiri sadəcə, internet televiziyaları işıqlandırdı. Bunun üçün “SƏDA” TV-nin direktoru, şair-publisist Mehman Göytəpəliyə, jurnalist-aparıcı Elnur Şükürova, Sveta xanıma, Arzu xanıma, Milli Qəhrəman Po­lad Həşimovun adını daşıyan “POLAD TV”-nin direktoru Minadi Mikayılova, çəkiliş qrupu İslam Ələsgərli və layihə rəhbəri İlhamə Səmədovaya böyük minnətdarlıq düşür. Onlar tədbirdən gözəl reportajlar hazırladılar. Həm də şəhidin doğmalarına təsəlli oldular.

Sonra “Dəmir yumruq” adlı ictimai-siyasi təşkilat şəhidin yaxınlarından müsahibələr götürdülər.

Tədbiri canlı yayımla paylaşan “SƏDA TV”-nin aparıcı-jurnalisti Elnur Şükürov çox doğru qeyd etdi ki, şəhidə qarşı hörmətsizlik bağışlanmaz işdir. “Mən Bakı şəhərinin Binəqədi, Yasamal, Xəzər, Suraxanı, bölgələrində, Lənkəran, Masallı, Cəlilabad rayonlarında şəhid ailələri ilə görüşlərdə, tədbirlərdə çox iştirak etmişəm, çəkilişlər hazırlamışam, şəhidə olan məhəbbətin şahidi olmuşam, ancaq Sabunçu rayonunun başçısı Adil Vəliyev, onun timsalında digərləri nə üçünsə Vətən uğrunda canını fəda edən bir qəhrəman oğula bu qədər laqeydlik göstərdilər. Sabunçu rayonunun ərazisində yaşayan şəhid ailələri tələb edirlər ki, bizi Suraxanı rayonuna qeydiyyata götürsünlər. Bizə Sabunçu rayonunun icra aparatının rəhbərləri baxmırlar. Mən bütün şəhid valideynlərindən bu sözləri eşidirəm. Üzümü Sabunçu rayonunun icra başçısı Adil müəllimə tutub deyirəm: yoldaş Adil müəllim, cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev hər çıxışında deyir ki, şəhid ailələrinə, qazilərimizə dayaq olun. Ancaq siz cənab Prezidentin dediyinin əksini edirsiniz. O oturduğunuz kresloda şəhid və qazilərimizin canı-qanı hesabına oturmusunuz”.

Sonra 17 saylı TPM-nin fizika müəllimi Nəsib Hüseynov çıxış etdi. O, bildirdi ki, Türkman Məmmədov mənim tələbəm olub. Çox vətənpərvər idi. Allah ruhunu şad etsin!

Məktəbin tələbələri Şəbnəm Mustafayeva, İlyas Əfəndiyev və Elcan Təhməzov şəhidlər haqqında şeirlər söylədilər. Daha sonra məktəbin direktoru Humay Quliyeva, hərbi hazırlıq müəllimi Cavanşir Orucov çıxış etdilər.

Humay müəllimə öz çıxışını göz yaşları içində etdi. Türkmanın valideynlərinə səbr dilədi.

Sonra 22 saylı Cəbrayıl rayonu ümumi məktəbin direktoru Mustafa Qəhrəmanov çıxış etdi. O, çıxışında bildirdi ki, Türkman təkcə valideynlərinin deyil, bütün Azərbaycan xalqının oğludur.

Həmin məktəbin 7-ci sinif şagirdi Kəmalə Məmmədovanın söylədiyi şeir parçası bütün tədbir iştirakçılarını göz yaşlarına qərq etdi.

Elnur müəllim şəhid Türkman Məmmədovun atası Yolçu kişidən, anası Rəhimə xanımdan, babaları Vilayət və İsadan müsahibə götürdü. Bacıları Türkan və Türkanə bildirdilər ki, şəhidlər arasında ayrı-seçkilik etməsinlər. Hər bir şəhid eyni statusa malikdir. Ancaq biz görürük ki, şəhidlər arasında da ayrı-seçkilik olur.

Sonra söz bulağı təmənnasız inşa edən ustalara verildi. Kamal Vəliyev və Adil Zeynalov bildirdilər ki, biz Yolçu ilə qapıbir qonşuyuq. Türkmanın uşaqlığı bizim gözümüzün qabağında olub. Biz bu bulağa nə zəhmət çəkmişik, Türkmanın halal xoşu olsun.

Sonra çəkiliş qrupları Əmir Bağırov küçəsi ev 13-ə gəldilər. Məlum oldu ki, şəhidin atası Yolçu Məmmədov öz ailə büdcəsi hesabına şəhid oğlunun otağını muzeyə çevirib.

Elnur müəllim şəhidin ev-muzeyindən canlı yayım apardı. Ev-muzeyindən Yolçu kişi, Rəhimə xanım, şəhidin bacıları öz ürək sözlərini əlaqədar təşkilatlara ünvanladılar.

Sonra hər iki kanalın çəkiliş qrupları oradan Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına ziyarətə yola düşdülər. Şəhidlər Xiyabanından canlı yayımla hər iki kanal çəkiliş apardı, yenidən Əmir Bağırov küçəsinə qayıdıb yas mərasimində iştirak etdilər.

Yalnız saat 14:00 radələrində icra başçısı Adil Vəliyev və bir neçə məmur da yas mərasiminə qatıldı. Burada bir atalar sözü yada düşür: «Daldan atılan daş topuğa dəyər». Atalar həyatı görə-görə gəliblər. Biz də bu prosesi yaşaya-yaşaya təəssüf edirik.

Şəhidin atası Yolçu kişi tədbirə çox gec qatılan icra başçısına və məmurlara bildirdi ki, Əmir Bağırov küçəsinə oğlum şəhid Türkman Məmmədovun adı verilsin. Orada yaşayan ağsaqqallar, ziyalılar da Adil Vəliyevdən xahiş etdilər ki, Yolçu kişinin bu müraciətinə baxılsın. Çünki bu, şəhidin atasına, anasına bir təskinlik olar.

Əlbəttə, bəlli deyil, bu müraciətin nəticəsi nə olacaq, bütün hallarda Türkmanın şəhid adı Vətən küçələrində bəzənir.

Şəhid Türkman Məmmədovun döyüşçü yoldaşları, hal-hazırda ehtiyatda olan mayor Yalçın Hüseynov, manqa komandiri Xanoğlan Cəfərov, əsgər dostu İlkin Vəliyev Türkmanın keçdiyi döyüş yolundan, onun qəhrəmanlığından geniş danışdılar. Yalçın Hüseynov bildirdi ki, Türkmanın döyüş yolu Füzuli rayonundan başlayıb. Cəbrayıl, Qubadlı, Xocavənd rayonunun Zoğalbulaq Şəxir kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Xalqımızın qeyrətli oğlu, şəhid Türkman Yolçu oğlu Məmmədov Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncamla ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə, «Qubadlının azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə ilə təltif olunub. Bu medallar Türkmanın Vətən sevgisidir, millət duyğusudur, xalq anlayışıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların pak, müqəddəs ruhları qarşısında baş əyirik!

P.S. “SƏDA TV”-nin və “POLAD TV”-nin bütün işçilərinə, ümumiyyətlə, şəhidə hörmət hissi olan hər kəsə minnətdarlığımı bildirirəm. Qoy şəhid adı gələndə dodaq büzənlər anlasınlar ki, onlar məhz Türkman kimi oğulların sayəsində öz kreslolarında rahat oturublar……

Hüseyn Məmmədov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü //deryaz.az//





Paylaş:


Müəllif : Tarix:
5-11-2021, 09:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər