reklam
Regionxeberlericom.az » Sosial » Tağı Əhmədovun “Akif Çovdarov kimdir ki...” sözləri qarşı tərəfi qəzəbləndirdi - QALMAQAL

reklam

Tağı Əhmədovun “Akif Çovdarov kimdir ki...” sözləri qarşı tərəfi qəzəbləndirdi - QALMAQAL


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Kamandar Nəsibovun “Yeni Müsavat”a eksklüziv müsahibəsi maraqla qarşılanıb.

Vəkilin xüsusən, “Bakı Metropoliteni” QSC-in sabiq rəisi, hazırda YAP-ın Yasamal təşkilatının sədri olan Tağı Əhmədovla bağlı fikirləri ciddi rezonans doğurub.

Kamandar Nəsibov Tağı Əhmədovun Akif Çovdarova qarşı ifadə verərək ondan hədələməklə 3 milyon rüşvət alması haqda iddalarını digər yüksək vəzifəli şəxsin diktəsi ilə irəli sürdüyünü deyib.

Vəkilin dediklərindən sitat: “Tağı Əhmədovu Akif Çovdarovun üzünə durmağa məcbur etmişdilər. Biz özümüz bilirik ki, kimlər ona rəhbərlikdən deyib ki, get, Akif Çovdarovun üzünə dur. O vaxt rəhbərlikdə müəyyən şəxslər vardı-hansılar ki, indi hakimiyyətdə deyillər- onlar Tağı Əhmədovu məcbur etmişdilər. Tağı Əhmədovun metrodakı fəaliyyəti ilə bağlı MTN-də araşdırma aparılmışdı. Bundan xəbər tutmuşdular və Moskvada olan Tağı Əhmədova demişdilər ki, istirahətini dayandır, təcili Bakıya qayıt. Biz özümüz bilirik ki, Tağı Əhmədova bunu kimlər deyib. O vaxt Tağı Əhmədovu Moskvadan hay-küylə gətizdirən kimlər olub. Tağı Əhmədovun metrodakı işi ilə bağlı araşdırma aparılanda ona çox yüksək vəzifəli şəxs zəng edib demişdi ki, gəzməyi qurtar, burada səninlə bağlı iş gedir, bütün zibillərin çıxıb ortaya. Elə həmin şəxslər də MTN məsələsi olanda Tağı Əhmədovu Akif Çovdarovun üzünə qoydular. Tağı Əhmədovun məhkəmə iclasında nə formada danışırdı, nə deyirdi, görsəydiz, absurd idi dedikləri. Nə Tağı Əhmədovun qardaşı oğlu, nə bacısı oğlu o dediyi vaxtda, dediyi yerdə olmayıblar. Tağı Əhmədovun özü də həmin ərazidə olmayıb. Telefonların dislokasiyasından da bu bilindi. Tağı Əhmədov həmin vaxt tamam başqa bir ərazidə olmuşdu. Onun bacısı oğlu ilə qardaşı oğlu da guya pulun verildiyi yeri təsvir edə bilmirdilər”.

Müsahibə yayılandan sonra Tağı Əhmədov barəsində deyilənlərə reaksiyası belə olub: “Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, mən də ona halal edirəm. Üçüncüsü, onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif Çovdarov kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”

Tağı Əhmədovun unikal.org-a söylədiyi bu fikirlərə Kamandar Nəsibovun münasibətini öyrəndik.

Vəkil Tağı Əhmədovun məhkəmə iclasında bu məsələ ilə bağlı söylədiklərini yada saldı: “Sabunçu məhkəməsində Tağı Əhmədov iclasa gəldi. Məhkəmə iclasında heç nə sübuta yetirilmədi. Biz hesab edirik ki, Tağı Əhmədovun dedikləri tamamilə uydurmadır”.

“Tağı Əhmədov bu uydurmanı niyə deyirdi” sualına vəkil belə cavab verdi: “Tağı Əhmədov çıxıb onu bu işə məcbur edən şəxsin adını çəkməlidir. O adam vəzifədə deyil. Bilmirəm Tağı Əhmədov kimin sözü ilə bunu edib. Bu məsələni Tağı Əhmədovun özündən soruşmaq lazımdır. Qoy çıxıb desin. Mən onun yerinə cavab verə bilmərəm”.

Vəkil deyib ki, Tağı Əhmədovun bu cür danışması başadüşüləndir: “Tağı Əhmədov başqa cür danışa da bilməz. Gəlib deməyəcək ki, məhkəməni aldatdım. Tağı Əhmədov müsahibə verib deyir ki, bəs mən rüşvət götürməmişəm. Başqa bir müsahibəsində də deyir ki, metropolitenin rəisi işləyəkən mənzil tikənlər yanıma gəldi, dedilər ki, torpaq ver bina tikək, sənə də mənzil verək. Tağı Əhmədov metropolitenin torpaqlarını verib, bu torpaqların əvəzinə mənzil alıb. Bunun adı nədir? Rüşvətdir də, natura şəklində alıb. Tağı Əhmədovun çıxışlarını yığıb istintaqın qabağına qoymaq kifayətdir ki, sübut olunsun ki, Tağı Əhmədov rüşvət götürüb”.

Kamandar Nəsibov deyir ki, Tağı Əhmədovun son açıqlamasını oxuyanlar elementar bir sualla onun danışıqlarının uydurma olduğunu müəyyənləşdirə bilərlər: “Bu adam deyir ki, Akif Çovdarov kimdir ki, mən ondan pul istəyim. Adama sual verərlər ki, bəs niyə istəyirdin? Niyə gedib adamın üzünə dayanıb pul istəyirdin?”

“Yeni Müsavat” əməkdaşı məsələyə Tağı Əhmədovun da münasibətini öyrənməyə çalışıb. İsrarlı zənglərimizə baxmayaraq Tağı Əhmədov telefona cavab verməyib.
Musavat.com


Paylaş:


Müəllif : Tarix:
23-04-2020, 17:50
Sikayət   


loading...
Загрузка...