reklam
Regionxeberlericom.az » Sosial » “Sosial yardım vermirlər, yüz bəhanə gətirirlər” - GİLEY

reklam

“Sosial yardım vermirlər, yüz bəhanə gətirirlər” - GİLEY


Göyçayda yaşayan Aytəkin Əliyeva 4 ildir xəstəliklərlə mübarizə aparır. regionxeberlericom.az DİA.AZ-az istinadən xəbər verir ki, gənc qadın bu müddətdə ailəsinin onun müalicəsi üçün hər şeyi satdığını deyir. Bizi Aytəkinin həyat yoldaşı Samir Əliyev qarşılayır. Hələ yolda bu illər ərzində qadını həyatda saxlamaq üçün necə mübarizə apardıqlarından danışır. Deyir ki, çox qazana bilmir, iki gündə bir dəfə bazara çıxır, evə uzağı 10 manat gətirir. Aytəkinin müalicəsi üçün isə çox pul xərcləyiblər.

“Üçüncü övladımız dünyaya gələndən sonra belə oldu. Hepatit B və D, qaraciyərdə problem olduğu üzə çıxdı. Keçən ilin iyununda dalağını götürdülər. Əməliyyata 4 min manat xərcimiz çıxdı. Sistemin biri 120 manat idi. İmkan çatmırdı, çox vurdura bilmirdik. Onun sağalması üçün hər əziyyətə qatlaşmışıq. Sanki müalicələr düz aparılmayıb. İnfeksiya xəstəxanasında, Ucarda, “Semaşko”da yatıb. Vəziyyəti heç yaxşı deyil. Güclə addım atır”, - Samir danışır.

Evə çatırıq. Aytəkin addım-addım yeriyərək bizə yaxınlaşır. Vəziyyətinin çox pis olduğunu deyir.

“Oturduğum yerdə halım pisləşir. Tək qalmağa qorxuram. Uşaqları məktəbə, bağçaya apara bilmirəm. İnanın, heç nəyimiz qalmayıb. Ortada üç uşaq var. Onları aylarla qoyub gedirəm, analıq eləyə bilmirəm”, - Aytəkin kədərini bu cür ifadə edir.

Söhbətə onun bacısı Günay Həsənova qoşulur. Müsahibimiz danışır ki, bacısının ailəsi əvvəllər peşə məktəbinin yataqxanasında yaşayırmış. Yanğından sonra yaşayış yeri əldən çıxıb. Qohumlar yığışıb ailəyə daxma qaraldıb. Amma burada da lazımi şərait yoxdur.

Aytəkin yeni yaşayış yerində hər şeyin yarımçıq olduğunu deyir. Qadın xətəliklə necə mübarizə apardıqlarından danışır. Hər dəfə Bakıya müalicəyə gedəndə azı 400-500 manat xərclədiklərini deyir: “Gedəndə də haradasa qalmaq lazım gəlir. Hər şey çətindir. Bir dəfə özəl xəstəxanada 8 manatım çatmadı, məni girov saxladılar. Heç nə havayı başa gəlmir”, - qadın belə deyir.

Ailə dövlətdən heç bir yardım görmür. Ölkə başçısına məktub yazaraq vəziyyəti çatdırmağa çalışıblar. Bildiriş gəlib, amma cavabdan xəbər çıxmayıb. Düşünürlər ki, yerli məmurlar cavab məktubunu sıradan çıxarıb.

“İki dəfə pensiya üçün müraciət eləmişik. “Yox” cavabı almışıq. Sosial yardım üçün də getmişdik. Vermirlər, yüz bəhanə gətirirlər. Hepatit D təcili müalicə olunmalıdı. Pula çox ehtiyac var. Bir az qalanda qarnıma su yığılır. Burnumdan hər gün qan açılır. Təsəvvür edin, dörd il ardıcıl xəstəxanalarda pul xərcləmək nə deməkdi. İrana qədər getmişik”, - Aytəkin problemin bütün tərəflərini deməyə çalışır.

Qadın deyir ki, İranda onlara müalicəyə gecikdiklərini söyləyiblər. Aytəkin ilk vaxtlarda imkansızlıqdan lazımi addımları ata bilmədiklərini xatırlayır: “Sonra nəyimiz varsa, satmağa başladıq. Bax, yenə müalicə üçün getmək lazımdı. Amma pulu haradan tapacağımı bilmirik. Bacım məktəbdə xadimə işləyir, onun kartından 300 manat çıxarıb müalicəyə getdiyim vaxtlar olub”.

Ailənin üç övladından ikisi məktəb yaşındadır. Uşaqları internat tipli gimnaziyaya qoyublar. Amma axşamlar ananın yanına gələ bilirlər. Aytəkin elə-hey təkrar edir ki, “uşaqlara analıq eləyə bilmirəm”.

“Deyirlər ki, bir kilodan artıq yük götürmə. Amma mən onların qayğısına qalmaq istəyirəm. Mən uşaqlarıma baxmaq istəyirəm”, - ananın sakit fəryadıdır.

Ümid ölməyib. Həkim axırıncı dəfə Aytəkinə deyib ki, qaraciyərində sağlam toxumalar çoxdur. Qadın bu ümidə sığınıb sağalacağından, uşaqlarını daha çox bağrına basacağından danışır...


Paylaş:


Müəllif : Tarix:
19-03-2020, 11:58
Sikayət   


loading...
Загрузка...