reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Qiyməti fiksə etsələr, ərzaq yoxa çıxacaq: Hökumət nə tədbir görəcək - İNCƏLƏMƏ...

reklam

Qiyməti fiksə etsələr, ərzaq yoxa çıxacaq: Hökumət nə tədbir görəcək - İNCƏLƏMƏ...









"Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərin hazırlanmasına başlanılıb və artıq işçi qrup yaradılıb. İşçi qrup yanvarın sonlarına doğru ilkin layihəni müzakirə üçün hökumətə təqdim edəcək. Qəbul olunacaq yeni qərarlar taxılın, unun, un məhsullarının, çörəyin qiymətinin sabit qalmasına təsir edəcək. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-yə açıqlamasında deyib.

Antiinflyasiya tədbirləri gücləndirilir

Qeyd edək ki, ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə aidiyyəti dövlət qurumlarına qısa müddətdə "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmələri tapşırılıb.

"Benzin, dizel yanacağının qiymətini endirmək olar"

Antiinflyasiya tədbirləri ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, inflyasiyanın qarşısını almaq üçün bir sıra makroiqtisadi alətlərdən istifadə etmək olar:

"İnflyasiyaya kəskin təsir edə biləcək alətlərdən biri dövlət tərəfindən tənzimlənən qiymətlərdə endirimə getməkdir. Məsələn, benzin, dizel yanacağı, təbii qaz, elektrik enerjisi, su qiymətlərində endirimə getmək olar. Lakin indiki şəraitdə bu addımın atılması o qədər də real görünmür.

Məhz keçən il dizelin, avtomobil yanacağının, elektrik enerjisinin və s. qiymətinin artması inflyasiyaya təsir edən daxili səbəblərdəndir. Bu, hər bir xidmətin və istehsalın maya dəyərini yüksəltdi, əsasən də kənd təsərrüfatında. Bunlar da inflyasiya dalğasının yaradılmasında əsas səbəblərdən biri oldu".

Gömrük rüsumlarının müvəqqəti sıfırlanması mümkündür

"İkinci alət gömrük və vergi rüsumlarıdır. Ölkə daxilində istehsal olmayan gündəlik tələbat malları ilə bağlı müəyyən addımlar atıla bilər. Gömrük rüsumlarının müvəqqəti sıfırlanması, ƏDV-nin azaldılması və yaxud da dondurulması mümkündür. Bu da inflyasiyaya təsir göstərə bilər", - deyə o qeyd edib.

Uçot dərəcəsi artırılmalıdır

Onun fikrincə, üçüncü addım isə Mərkəzi Bankın uçot dərəcəsini artırmasıdır: "Bu, klassik makroiqtisadi addımdır. Amma bizdə uçot dərəcəsi ilə inflyasiya arasında birbaşa korrelyasiya yoxdur. Uçot dərəcəsinin 3 faiz olduğu vaxtlarda da bizdə inflyasiya yüksək olub. Süni qiymət artımı ilə bağlı yoxlamaların artırılması, nəzarət mexanizmlərinin yaradılması qərarları olsa, bu, işləməyəcək. Çünki hər bir mal və xidmətin maya dəyəri və satış qiymətləri var. Dövlətin də satış qiymətlərinə təsiretmə mexanizmləri çox zəifdir".

"Sadaladığım tədbirlər həyata keçirilsə, süni qiymət artımı olmayacaq, hətta bəzi sahələrdə qiymətlərin azalmasının şahidi ola bilərik. Bu addımlar inflyasiyanın qarşısının alınmasına ciddi təsir edə bilər", - deyə ekspert diqqətə çatdırıb.

"Fiksə edilmiş qiymət siyasəti doğru yanaşma deyil"

Onun sözlərinə görə, əgər fiksə olunmuş qiymətlər olsa, bu, doğru olmayacaq: "Bəzi ölkələr buna cəhd etdi, lakin əks effekt gördü. Məsələn, ötən il Rusiyada qarabaşaq, düyü və bir çox məhsulların maksimum qiymətləri elan edildi ki, bundan baha qiymətə satılmasın. Amma bir müddət sonra mağazalardan bu məhsullar yoxa çıxdı. Fiksə edilmiş qiymət siyasəti doğru yanaşma deyil".

Ərzaq qiymətləri ilə bağlı hökumətin "qırmızı xətləri"

Qeyd edək ki, Nazirlər Kabinetində keçirilmiş hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb.

Baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib. Bunlardan birincisi süni qiymət artımına yol verməmək, ikincisi sahibkarların marjasının təmin olunmasıdır.

Əli Əsədovun sədrliyi ilə müşavirə

Xatırladaq ki, yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Ə.Əsədov qeyd edib ki, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12% olub.

Bütövlükdə qlobal istiləşmə və quraqlıq, dəyər zəncirinin qırılması və tələb-təklif arasında balansın pozulması, habelə daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır.

Bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib.

Bildirilib ki, qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur.

İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Belə ki, kənd təsərrüfatı və ərzaq idxalımız 2,1 mlrd. dollar olmaqla ümumi idxalın 18%-ni təşkil edir. 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub.

Dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb.

Bahalaşmanın Azərbaycana təsirinin azaldılması məqsədilə...

Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə danışan Baş nazir daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləğinin artırıldığını, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin 2024-cü ilədək uzadıldığını, iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlərin ayrıldığını bildirib.

Vurğulanıb ki, təbii olaraq bütün görülmüş kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb.

Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlərin görüldüyü qeyd edilib.

İstehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir

Xüsusilə vurğulanıb ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir.

Diqqətə çatdırılıb ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğunu nəzərə alaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır.

Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır

Kənd təsərrüfatı məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına və özünütəminetmə səviyyəsinin artırılmasına nail olunmasının vacibliyi vurğulanıb. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək iqtidarında olmalıdır.

Diqqətə çatdırılıb ki, çevik və kompleks antiinflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər.




Paylaş:


Müəllif : Tarix:
25-01-2022, 09:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər