reklam
Regionxeberlericom.az » Hadisə » Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid

reklam

Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid


Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan Xəyyam Hüseynovun həyatı maraqlı məqamlarla zəngindir.

Hüseynov Xəyyam Hüseyn oğlu Göyçayda doğulub. Orta məktəbi əla qiymətlərlə oxuyan Xəyyamın uşaqlıq illəri ailəsi və dostları tərəfindən xoş anlarla xatırlanır. Dostları onun haqqında mərd insan kimi söhbət açırlar.

Xəyyam Hüseynov orta təhsilini bitirdikdən sonra ali məktəbə, müəllimlik ixtisasına qəbul olub, lakin özünü bu sahədə görmədiyindən qərarını dəyişib. Hərbi xidmətə yollanan Xəyyam “N” saylı hərbi hissədə düşmənlə üzbəüz dayanıb, daim çətin anlarla üzləşib. Lakin buna baxmayaraq, çətinliklərə sinə gəlib, hətta nümunəvi hərbi xidmətə görə təltif və təşəkkürnamə alıb, beləcə əsgərliyini uğurla başa vurub.

O, hərbi xidmətdən sonra isə yenidən doğma yurduna, ailəsinin yanına qayıdıb. Xəyyam incəsənətə böyük maraq göstərir, hətta rejissor olmaq istəyir. Lakin ermənilərin cəbhədəki təxribatları, Vətən müharibəsi onun arzularını arxa plana atmasına səbəb olur. Ailə üzvləri bildirir ki, Xəyyam hələ müharibədən əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinə gedərək, adını könüllülər siyahısına yazdırır, cəbhəyə getmək istədiyini deyir. Nəhayət, arzusuna çatır - sentyabrın 20-də yenidən hərbi xidmətə çağırılır.

Ön cəbhədə Vətənin müdafiəsinə qalxan Xəyyam ailə üzvlərini bir an da unutmur, daim doğmaları ilə telefonla əlaqə saxlayır. O, sanki şəhidlik zirvəsinə ucalacağını duymuşdu.

Sentyabrın 26-da atası ilə son dəfə telefonla danışan Xəyyam ondan halallıq istəyib və iki arzusunun yerinə yetirilməsini diləyib. Bunlardan birincisi bacısının övladına öz adının verilməsi, ikincisi isə şeirlərinin kitab şəklində çap edilməsi idi.

Az sonra Ağdərə istiqamətində gərgin döyüşlərə qatılan Xəyyam ilk döyüş tapşırığını uğurla yerinə yetirir. Lakin ikinci tapşırığa gedəndə isə ağır yaralanaraq şəhid olur.

Qırx dörd günlük Vətən müharibəsi başda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, məhz Xəyyam və onun kimi mərd oğullarımızın sayəsində qələbə ilə nəticələndi.

Allah rəhmət eləsin!



Paylaş:


Müəllif : Tarix:
22-12-2020, 09:25
Sikayət   


loading...
Загрузка...