reklam
Regionxeberlericom.az » Gündəm » BDU-nun ölən tələbəsi ilə bağlı şok gəlişmə - məsuliyyətə cəlb edilənlər olacaq

reklam

BDU-nun ölən tələbəsi ilə bağlı şok gəlişmə - məsuliyyətə cəlb edilənlər olacaq


Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb. Bu barədə “Yeni Müsavat”a Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib. O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspertizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib: “Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.

Qohumu Samir İsayev bildirib ki, Şəkər Xasmətovanın qanında 54 faiz qaz zəhərlənməsi tapılıb: “Dayım Bakı Şəhər Prokurorluğuna çağırılmışdı. Bu nəticələr rəsmən təqdim olundu. Otağın aşağı mərtəbəsində hamam otağına gedən qaz boruları divarın daxilindən çəkilibmiş. Sızma da buradan olub”.

Məlumat üçün bildirək ki, ötən il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı evə buraxılıb.

“Yeni Müsavat”a danışan həkim Adil Qeybulla bildirib ki, tələbələrin qazdan zəhərlənməsi mümkündür: “Lakin onlardan birinin ölüb, digərlərinin sağ qalması kimin zəhərlənməyə nə qədər məruz qalmasından asılıdır. Əgər bir insanda talassemiya, yaxud da hansısa buna bənzər xəstəlik varsa, dəm qazında, bunu daha çox ağır keçirir, nəinki bu xəstəlikləri olmayanlar. Eyni simptomda müxtəlif orqanizmlər fərqli nəticələr verir. Hər halda, biz yalnız verilən rəsmi rəyə istinad edirik. Çünki əlimizdə başqa bir məlumat yoxdur. O baxımdan da biz təəssüf ki, rəsmi rəyə inanmaq məcburiyyətindəyik. Bu məsələdə son sözü ekspert rəyinin deyəcəyini bildirirdik. İndi də Türkiyədə belə bir nəticəyə gəliblərsə, yəqin ki, bu, daha ciddi nəticədir”.

Hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirib ki, bu məsələ istintaq tərəfindən ciddi araşdırılmalıdır: “Necə olur ki, gecə vaxtı birdən-birə hamam otağından qaz açıldı, bunların otağına sızdı və tələbələr boğuldular. Bu hadisə gündüz olsaydı, hər halda, qoxudan qızlar hiss edə bilərdilər. Yoxlamaq lazımdır ki, bu məsələdə qəsd hadisəsi olubmu? İstintaq nəticəsində müəyyən edilməlidir ki, doğrudan da bu hadisə təbii qaz sızması nəticəsində baş verib və araşdırılmalıdır ki, necə olub ki, qaz içəri dolub. Baş verən hadisə olduqca şübhəli məqamdır. Bunu aydınlaşdırmaq lazımdır ki, məsələdə qəsd var, yoxsa yoxdur. Çünki sızma məhz gecə vaxtı baş verib və gündüz heç kim bunu hiss etməyib. Bir zamanlar şayiə kimi yayırdılar ki, hadisədə qəsd məqamı var. Lakin istintaq bunu təsdiqləmədi. Yenidən araşdırma aparılmalıdır. Çox müəmmalı məsələ olduğu üçün məsələyə şərh vermək çətindir. Necə ola bilər ki, birdən-birə qaz buraxılıb? Əgər qaz boruları köhnə olubsa və birdən-birə otağa qaz dolubsa, deməli, burada binaya nəzarət edən şəxslər məsuliyyət daşıyırlar. Çünki qaz boruları köhnə ola bilməz. Otağın aşağısından isə qaz borusunun keçməsi yolverilməzdir. Ona görə də istənilən halda burada məsuliyyətə cəlbetmə faktı olacaq. Əgər yaşayış otağında qaz işlədirmirsə, onun divarından, divarının aşağısından qaz borusu keçirsə, bu, yoxlanmalıdır. Ümumiyyətlə, otağın divarından təhlükəyə səbəb ola biləcək qaz borusu keçməli deyil. Bu kimi nüansları nəzərə alsaq deyə bilərik ki, məsuliyyətə cəlb edilən şəxslər olacaq”.


Paylaş:


Müəllif : Tarix:
20-03-2020, 09:56
Sikayət   


loading...
Загрузка...