reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əhaliyə verilən suyun keyfiyyəti müzakirə yaratdı - Beynəlxalq hesabata inanaq, yoxsa...

reklam

Əhaliyə verilən suyun keyfiyyəti müzakirə yaratdı - Beynəlxalq hesabata inanaq, yoxsa...















ABŞ-ın Yel Universiteti "Dünyanın Su Xəritəsi" adlı hesabat dərc edib. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb. Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Ölkəmiz bu balla region dövlətlərindən geridə qalıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3, Ermənistanda 61,7, Rusiyada 55,8, İranda 48,8, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında dəyərləndirilib. Bu ölkələrdə evdə krandan su içməkdə problem görülməsə də, Azərbaycanda təhlükəli hesab edilib.

Sputnik Azərbaycan ölkəmizdə suyun keyfiyyətinin aşağı olması ilə bağlı iddiaları araşdırıb.

Suyun tərkibi standartlara uyğundur?

Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutundan Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə suyun keyfiyyəti respublikada qəbul olunmuş normativlərə uyğundur. İnstitutdan verilən açıqlamaya görə, suda 200-ə yaxın göstərici analiz olunur. Bundan əlavə su sanitar göstəricilərinə görə də yoxlanılır. Qurumdan verilən məlumata görə, ölkəmizdə su ilə bağlı yeni standart təsdiqlənib. AZS 929:2023 "İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət" standartına mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəriciləri və onların yol verilən qatılıq hədlərinin siyahısı daxildir. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub. Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrənilir. İndiyə qədər isə ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılıb. Həmin standarta görə, içməli su epidemik cəhətdən təhlükəsiz, kimyəvi tərkibinə görə zərərsiz və əlverişli orqanoleptik xüsusiyyətlərə malik olmalıdır.

"Su keyfiyyətlidirsə, camaat niyə filtr , qablaşdırılmış su alır?"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, rəsmi qurumlar tərəfindən Azərbaycanda suyun keyfiyyətinin normalara uyğun olduğu bildirilsə də, heç kəs kran suyu içmir.

"Ölkəmizdə suyun keyfiyyətinin standartlara uyğun olduğu bildirilir. Amma hazırda bir az maddi imkanı olan heç kəs krandan gələn suyu içmir. Bu gün paytaxtda qablaşdırılmış içməli su bazarı böyüməkdə davam edir. Su filtri satan şirkətlər fəaliyyət göstərir. Mənzillərə verilən su keyfiyyətlidirsə, camaat niyə pulla su alıb içir? Niyə xeyli vəsait xərcləyib filtr alır? Aidiyyatı qurumlar buna aydınlıq gətirməlidir. Su keyfiyyətli olsa insanlar krandan gələn suyu içməz", - deyə ekspert bildirib.

F. Həsənovun sözlərinə görə, suyun keyfiyyəti ciddi yoxlanılmalıdır. Həmsöhbətimiz bildirib ki, Azərbaycanda xarici təşkilatlarla neft müqavilələri bağlandıqdan sonra ölkəmizdə suyun keyfiyyəti ilə bağlı məsələ gündəmə gəlib: "Xarici ölkələrdə insanlar suyun keyfiyyətinə ciddi fikir verilir. Neft şirkətlərində çalışan əcnəbilər Azərbaycana gəldikdən sonra ölkəmizdə mənzillərə verilən suyun keyfiyyəti aşağı olduğundan, qablaşdırılmış su almağa başladılar. Hazırda da kimin maddi baxımdan imkanı yaxşıdırsa, qablaşdırılmış su alır. Təlabat yüksək olduğundan, bazarda gündə bir su istehsalı ilə məşğul olan şirkət peyda olur. İnsanlar mənzillərə verilən suyu içməli su kimi işlədə bilmirlər. Hətta içmək üçün suyu qaynadıb sonra istifadə edirlər. Bu özü suyun keyfiyyətində problemin olduğundan xəbər verir".

Universitet araşdırma üçün rəsmi müraciət etməyib?

"Azərsu" ASC-nin baş texnoloqu, texnoloji proseslərə nəzarət və su təhlükəsizliyi şöbəsinin müdiri Cəmil Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Yel Universiteti Azərbaycanda yerində su nümunələri götürməyib. O, bildirib ki, universitetin belə bir araşdırma apardığı barədə onlara rəsmi müraciət daxil olmayıb.

"Çox güman ki, statistik məlumatlar əsasında ümumiləşdirərək rəqəmlər açıqlayıb. Onu da qeyd edim ki, Yel Universitetinin araşdırmasında təkcə suyun keyfiyyət göstəriciləri yox, həmin respublikanın ekoloji durumu da nəzərə alınır. Sözügedən hesabatda ölkəmiz su təsrrüfatının inkişaf dinamikasına, su təmizləyici qurğuların inşasına görə öndədir. Təəssüf ki, heç kəs bunu qabartmır" deyə şöbə müdiri bildirib.

Qablaşdırılmış sularda təhlükə

C. Babayev əlavə edib ki, ölkəmizdə içməli suyun keyfiyyəti aşağı olduğu üçün əhalinin mənzillərə verilən suya filtr qoyduğu barədə iddialar doğru deyil: "Şirkətlər öz filtrlərini satmaq üçün reklam edirlər. Suyun tərkibini məqsədli şəkildə çirkli göstərirlər. İnsanlar isə onlara inanaraq filtr alıb istifadə edirlər. Halbuki filtrlər suyun tərkibində orqanizm üçün xeyirli mineralları tutub saxlayır. Hətta qablaşdırılmış sular da heç də həmişə təhlükəsiz deyil. Qablaşdırılmış suların standartı fərqlidir. Qablaşdırılmış suların fiziki, kimyəvi və bakterioloji göstəriciləri fərqli olur".

Qurum səlahiyyətlisi bildirir ki, əhali içməli su dedikdə ancaq "Azərsu"yun xidmətini nəzərə alsa da, bələdiyyələrin də nəzdində su anbarları var. Baş texnoloq ölkəmizdə əhaliyə verilən suyun keyfiyyəti ilə bağlı narahatçılığa heç bir əsas olmadığını da bildirib. Onun sözlərinə görə, suyun tərkibi gün ərzində 400-dən çox analizə görə yoxlanılır:

"Su xətlərində lokal xarakterli çirklənmələr ola bilər. Bu təzyiq və hidrovlik dəyişmələrə görə baş verir. Amma abonentin daxili şəbəkəsində də problem ola bilər. Ona görə də, abonent onun mənzilinə verilən suyun keyfiyyətindən narazıdırsa, bizim quruma müraciət edə bilər. Biz dərhal yoxlama aparırıq. Ümumilikdə əhali mənzillərə verilən sudan rahatlıqla istifadə edə bilər. Mən öz evimdə Ceyranbatan su anbarından gələn sudan istifadə edirəm. Su kranına filtr qoşmadan, krandan gələn sudan istifadə edirik. Əgər su içmək üçün təhlükəli olsaydı,əhali arasında xəstəliklər yayılardı. Bu məsələ aidiyyatı qurumların diqqətindədir".





Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 12:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər