reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Başıma gələnlərdən sonra yenə qardaşım gedib şəhid oldu.." - "Tərtər işi"

reklam

"Başıma gələnlərdən sonra yenə qardaşım gedib şəhid oldu.." - "Tərtər işi"

















Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, uzunmüddətli həbs cəzasına məhkum edilən zabitlərə qarşı əsas sübutlardan biri onların tabeliyində olmuş əsgərlərin istintaqdakı ifadələri idi. Həmin əsgərlərin bir neçəsi aprelin 11-də məhkəmədə Tərtər işgəncələrilə bağlı dindirilib. Onlar bildirib ki, məruz qaldıqları işgəncələrə dözməyib, tələb olunan sənədlərə imza atmağa məcbur olublar. Sonradan Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa məktublar göndərib, şikayətlər ediblər. Lakin onda da Hərbi Prokurorluq tərəfindən hədələniblər.
Sözügedən əsgərlər də Tərtər işgəncələrilə bağlı 500-ə yaxın zərərçəkmiş arasındadır.
Tərtər işgəncələrinə görə həbs olunanlardan bir hissəsinin (9 nəfərin) işinə artıq məhkəmədə baxılır. Onlar 4 nəfər və 5 nəfər olmaqla, iki qrup şəklində mühakimə olunur.
RegionXəbərlərcom.az Meydan TV-yə istinadla xəbər verir ki, aprelin 11-də 4 nəfərlik qrupun – Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsi davam etdirilib. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.
Məhkəmə prosesində zərərçəkmişlər ifadə verib.
Zərərçəkənlərdən Nicat Abbasov ifadəsində bildirib ki, 1 ay 17 gün işgəncəyə məruz qalıb, bədəninə elektrik cərəyanının izləri, yanıq yerləri hələ də qalır. Onun sözlərinə görə, məruz qaldığı işgəncələr nəticəsində sinir sistemi pozulub:
“Gözlərimizi, əllərimizi bağlamışdılar. Tabor komandirimiz Saleh Qafarov idi. Onu bizim yanımızda döyüb öldürdülər. Mənim başıma gələnlərdən sonra yenə qardaşım 2020-ci ildə Vətən müharibəsinə gedib şəhid oldu. Mən onu getməyə qoymurdum. Mənim başıma gələnlərdən sonra o formanı geyinməsini istəmirdim. Kişi kişiyə qarşı elə hərəkət eləməzdi”.
Zərərçəkmiş Etibar Əhmədov bildirib ki, özü ilə yanaşı, bibisi oğlu – müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Elçin Quliyev də Tərtər hadisələri zamanı işgəncəyə məruz qalıb və həyatını itirb. O dövrdə taborda sürücü işlədiyini deyən Etibar Əhmədov danışır ki, onu bibisi oğlu ilə birləşib, düşmənə işləməkdə ittiham edirdilər.
“Bibim oğlunu döyə-döyə, işgəncə altında öldürmüşdülər, maşına mindirəndə vurub boynunu sındırmışdılar. Məni dəfələrlə toka veriblər, döyüblər… Onlara izah eləməyə çalışırdım ki, mən Xocalıdanam, məndən erməniyə işləyən, xain olmaz”, – zərərçəkmiş bildirib.
Etibar Əhmədovun sözlərinə görə, uzun müddət davam edən işgəncələrdən sonra onu xidmətə yararsız adıyla ordudan tərxis ediblər:
“Mənim hərbi biletimi təmizləyib özümə versinlər”.
İşgəncələrə dözməyib, komandirlərinin əleyhinə ifadə verdiklərini deyən əsgərlər də zərərçəkmiş qismində dindiriliblər.
“Bizə deyirdilər ki, komandirinizin sizi düşmən tərəfə aparması haqda ifadə verməlisiniz. Bizə bu yalan ifadəni vermək üçün nə qədər işgəncə verdilər. Yalan ekspert rəyi aldılar. Ekspert rəyində göstərilib ki, guya dörd ay əvvəl aparılmışam. Bu, mümkün deyildi. Çünki mən cəmi iki ay idi posta çıxırdım. Ümumi hərbi xidmətə gəlməyim heç beş ay olmamışdı”, – İsrafil Ələkbərzadə ifadəsində bildirib.
Zərərçəkmişin sözlərinə görə, işgəncələri, ifadənin yalan olduğunu Hərbi Prokurorluğun müstəntiqinin diqqətinə çatdıranda isə onun özü tərəfindən də təzyiqlə üzləşib.
“Dedi ki, zəng eləyib valideynlərinə deyərəm, oğlun ermənilərlə əlaqədə olub”, – zərərçəkmiş əlavə edib.
Digər zərərçəkmiş Zeynalabdin Hacıyev də işgəncə nəticəsində verdiyi ifadədən imtina etmək istərkən Hərbi Prokurorluq tərəfindən hədələndiyini ifadəsində bildirib. Öncə işgəncəyə məruz qaldığı gün haqda danışan zərərçəkmişin sözlərinə görə, onları yük maşınına mindirib, köhnə hərbi hissəyə aparıblar. Orada diz çökdürüblər. Hədələyiblər ki, əks halda, silahdan istifadə olunacaq:
“İşgəncələr onların tələb etdiyi ifadələri verməyə razılaşana qədər davam elədi. Orada korpus komandiri Hikmət Həsənovu gördüm. Ona dedim ki, cənab general, bu nədir başımıza gətirirlər? Göstəriş verdi ki, aparın bunu, ağlı başına gəlsin. Sonralar işgəncələr səngidi. Amma yenə də gələn-gedən qapaz vururdu. Əsəbi olan əsəbini bizdən çıxarırdı”.
Zeynalabdin Hacıyevin sözlərinə görə, sonradan onları məzuniyyətə göndəriblər. Həmin vaxt Müdafiə Nazirliyinə məktub yazıb, başına gələnləri çatdırıb. Onu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin o vaxtkı rəisi Rauf Kişiyev qəbul edib:
“Gedib danışdım, dedilər, xəbərimiz var. Vəkil tutmaq istəyirdik, heç bir vəkil yaxın durmurdu. Mənim ifadəmdə yazılmışdı ki, guya tağım komandiri məni düşmənə verib. İfadələr üst-üstə düşmürdü, çünki belə şey olmayıb. Gəldim hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına. Ona dedim ki, işgəncə altında yalan yazdırıblar mənə. Onun “Makarov” tapançası var. Məni otağında onunla hədələdi. Sonra Hərbi Prokurorluğa müraciət elədim. Onlar məni ailəmlə hədələdilər. Orada müstəntiq mənə deyir ki, qardaşın universitetdə oxuyur, atamın adını çəkdi. DTX-da üzləşdirmə videosu çəkiləndə ağladım. O yalanı danışmaq istəmirdim. Onda da ailəmlə hədələdilər”.
Zərərçəkmiş vurğulayıb ki, Hərbi Prokurorluqdan, Vüsal Ələsgərovdan və Müdafiə Nazirliyindən şikayətçidir.
Hadisələr vaxtı manqa komandiri olmuş daha bir zərərçəkmiş Tahir Mahmudovun sözlərinə görə, öncədən otaqlarda işgəncələr üçün tədbir görülmüşdü – su çəlləkləri, elektrik cərəyanı vermək üçün avadanlıq və s. hazır vəziyyətdə idi.
“Bizi soyundurdular, gözlərimizi, əllərimizi bağladılar, üzümüz divara çevirdilər və döyməyə başladılar. Elxan Ağazadəni ikinci mərtəbədən atdılar. Mehman Hüseynovu işgəncə ilə öldürdülər. Hərbi Prokurorluğun müstəntiqləri gəlmişdilər ora, bizdən düşmənlə işləməyimiz haqda ifadələr tələb edirdilər. Əsgərlərə rütbəlilərdən daha az işgəncə verilirdi. Hərbi Prokurorluğun müstəntiqləri bizə işgəncələr altında ifadələrə imza atdırıblar”, – Tahir Mahmudov bildirib.
Zərərçəkmiş Fərzəli Cahangirov deyir ki, işgəncələr zamanı bir neçə dəfə bədəninə elektrik cərəyanı qoşulub, nəticədə huşunu itirib. Onun sözlərinə görə, general Hikmət Həsənovu görüb, bu işin düzgün araşdırılmasını istəyib:
 “Mənə dedi ki, videomateriallar var, etiraf elə. Dedim ki, olmayan şeyi necə etiraf edim? Sizdən xahişim budur ki, bu iş düzgün araşdırılsın. Qayıtdı ki, aparın, bunun ağlı başına gəlsin”.
Fərzəli Cahangirovun sözlərinə görə, əvvəlcə işgəncə otağında hərbi hissə komandiri Teymur Məmmədovu görüb:
“İddia edirdilər ki, guya əsgərlərimi ermənilərə satmışam. Dedim ki, yalandır”.
Təqsirləndirilən 4 nəfərdən üçü ifadə verməkdən imtina edib. Yalnız biri – Rüstəm Ələsgərov məhkəmədə ifadə verib və ona qarşı irəli sürülən ittihamların yalan olduğunu, heç kimə işgəncə vermədiyini deyib. O iddia edir ki, mayın 1-dən 3-ü səhər saatlarına qədər hərbçilərə işgəncə verilən ikimərtəbəli köhnə hərbi hissə binasını əmr üzrə çöldən mühafizə edənlər arasında olub, heç binaya daxil olmayıb.
Lakin Fərzəli Cahangirov deyir ki, Ələsgərov yalan danışır:
“Rüstəm də mayın 3-də o binada məni döyənlərin arasında idi. Mənə fiziki işgəncə verdiyini xatırlamıram. Amma söyürdü, təhqir edirdi”.
Rüstəm Ələsgərov onun dediklərini təkzib edib:
“Mən bu adamı nə görmüşəm, nə söymüşəm. Belə bir şey vardısa, niyə altı ildən sonra şikayət edirdi? O birilər kimi haqqını tələb eləmirdi?”.
Fərzəli Cahangirov bunun cavabında bildirib ki, başına gələnlərdən sonra özünə əlavə problemlər yaratmamaq üçün o zaman şikayət etməyib:
“Başımın ağrımaması üçün şikayət etməmişəm. Dişimə də tok verilib, mənə zülm olunub”.
O əlavə edib ki, Müdafiə Nazirliyindən, Hərbi Prokurorluqdan, korpus komandirindən şikayətçidir:
“Xidməti uyğunsuz kimi məni işdən çıxarıblar. Heç yerdə də işə götürmürlər. Altı ildir işsizəm”.
Zərərçəkmiş İlqar Əliyev deyir ki, bu hadisələrdən sonra valideynləri xəstəlik tapıb. Onun sözlərinə görə, işgəncələrdə mülki polis də iştirak edirdi:
“Bizi soğan kisəsi kimi ora-bura atırdılar. Məni döyənlər arasında mülki polis də vardı. Danışığından bildim. Həmin mülki polisdən də şikayətçiyəm. O kimdir ki, gəlib hərbidə məni döysün, qabırğamı sındırsın?”.
Tərtər hadisələrilə bağlı həqiqətlər ortaya çıxandan sonra general Hikmət Həsənovun ona razılaşma təklif etdiyini deyən zərərçəkmişin sözlərinə görə, razılaşma baş tutmayıb:
“Mənə dedi ki, ürəyin nə istəyir eləyim sənin üçün, amma sən də çəkiliş elə, de ki, döyülməmişəm, işgəncə olmayıb”.
Adları çəkilən dörd nəfərin işi üzrə məhkəmə araşdırmaları davam edir.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.
İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.
İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.




Paylaş:


Müəllif : Tarix:
12-04-2023, 14:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər