reklam
Regionxeberlericom.az » Cəmiyyət » Media çəpərləmələri: yeni qanun, köhnə problem… - NARAZILIQ!

reklam

Media çəpərləmələri: yeni qanun, köhnə problem… - NARAZILIQ!







Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən hazırlandığı bildirilən “Media haqqında” qanun layihəsi dekabrın 10-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında müzakirə edilib. Bundan əvvəl layihə ilə bağlı hər hansı ictimai müzakirə keçirməyə ehtiyac duyulmayıb. Hətta layihənin məzmununu əvvəldən media camiəsi ilə paylaşmaq da “artıq iş” hesab edilib. Baxmayaraq ki, ötən həftə Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) “Media haqqında” qanun layihəsinin Avropa Konvensiyasının ölçülərinə uyğun olmasını təmin etmək üçün Azərbaycan hökumətini Avropa Şurası ilə əməkdaşlığa çağırmışdı.

Parlament komitəsinin iclasına dəvət edilən bir qrup baş redaktor, ekspert və MEDİA-nın rəhbər şəxsləri deputatlarla birgə layihə ətrafında müzakirələr aparıblar.

Agentliyin sədri Əhməd İsmayılov bildirib ki, yeni layihənin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. O vurğulayıb ki, bu layihə dövlətin siyasi iradəsini təcəssüm etdirir: “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Layihə dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”.

Ə.İsmayılov qanun layihəsinə əsasən Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyektlərinin dairəsini müəyyənləşdirməklə, onların inkişafına dəstək verməyə imkan verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək”.

Deputatlardan Qüdrət Həsənquliyev və Elman Nəsirov isə təklif ediblər ki, jurnalistlər vahid vəsiqə almazdan əvvəl testdən keçirilməlidir. “Onların bilikləri test yolu ilə yoxlanılmalıdır. Jurnalistikaya ciddi nəzarət olunmalıdır”, – deyə Q. Həsənquliyev vurğulayıb.

Müstəqil ekspertlər və media nümayəndələri yeni qanun layihəsinin media azadlığını, jurnalistlərin fəaliyyətini məhdudlaşdırdığını bildirirlər.

Hüquqşünas, media eksperti Xalid Ağaliyev bildirib ki, Avropa Şurası (AŞ) məkanına daxil olan ölkələrin ortaq öhdəliyidir ki, belə qanun layihələrini AŞ-la əməkdaşlıq, Avropa Konvensiyasının təcrübəsinə uyğun hazırlasın, qəbul etsin. O, xatırladır ki, 2005-ci ildə “İnformasiya əldə edilməsi haqqında” qanun layihəsi bu prosedura uyğun hazırlanıb, qəbul edilmişdi. “Təəssüf ki, “Media haqqında” qanun layihəsi təcrübəsi fərqli məcrada cərəyan edir. Parlamentə təqdim edilmiş qanun layihəsinin ilkin analizi zamanı, bu layihənin Avropa Konvensiyasının formalaşdırdığı təcrübə ilə uyuşmadığı nəzərə çarpır. İstər jurnalistlərin statusu, istərsə də internet mediasına tətbiq edilməsi nəzərdə tutulan tənzimləmələr ölçülərdən çox uzaq görünür”, – eskpert vurğulayıb.

X. Ağaliyev qeyd edir ki, Azərbaycanda çap, teleradio mediasının hökumətin təsiri altında olması bəllidir: “İnternet mediası hökumətin sevmədiyi, bəyənmədiyi məzmunun yayıldığı yeganə müstəqil, azad platformadır. Razılaşma mərhələsində olan qanun layihəsində ən gözə batan məqam, internet mediasını da mümkün olduğu qədər nəzarət altına almaq niyyətidir”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov isə bildirib ki, internet televiziyalarının lisenziya alması məsələsi könüllüdür. O, əlavə edib ki, ölkədə internet televiziyalarının sayı çoxdur. “Onlar kabel şəbəkəsinə qoşulmaq istəsələr də, bununla bağlı KATV-nin də öz tələbləri var. Bu sahədə müəyyən boşluqlar var, onları aradan qaldırmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən siqnal alır. Peykdə artıq məhdudlaşma var. Bu, resursdur”.

Müzakirələrdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə İsmət Səttarovun “könüllü lisenziya” məsələsi barədə dediklərinin doğru olmadığını bildirib. “Qanun layihəsində lisenziyalaşmada könüllülük məsələsini qeyd etmək, nədənsə unudulub”,- deyə o, vurğulayıb. O. Gündüz bildirib ki, dövlətə məxsus tezlik resursundan istifadə etməyən İnternet TV-lərin lisenziyalaşması tələbi doğru deyil: “Onlayn medianın tənzimlənməsinə həssas yanaşılması vacibdir, daha çox inkişafa kömək edəcək məqamlara diqqət yetirmək, “platforma yayımçısı” və “platforma operatoru” məsələlərinə aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə, qanun layihəsinin üzərində daha çox işlənilməsinə ehtiyac var”.

Media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu Pressklub.az-a şərhində bildirib ki, “Media haqqında” qanun layihəsinin cəmiyyətin müzakirəsinə çıxarılmadan hazırlanması, eyni zamanda, bu gün parlament komitəsində müzakirə edilərkən hansısa qurumlara ötürülərək yayımlanması çox ciddi problemdir. “Bütün təbəqələri, o cümlədən media ictimaiyyətini yaxından maraqlandıran qanun layihəsinin media mütəxəssisləri, jurnalistlərlə müzakirə etmədən, beynəlxalq qurumların ekspertizası olmadan hazırlanaraq ortaya çıxarılması Azərbaycanın götürdüyü öhdəliklərə əsla uyğun gəlmir”,-hüquqşünas qeyd edib.

Ekspertin sözlərinə görə, Azərbaycan Avropa Konvensiyasına qoşulduğu üçün bu tip sənədlərinin hazırlanması zamanı Avropanın müəyyən etdiyi standartlara sadiqlik nümayiş etdirməlidir: “Bu, o deməkdir ki, qanun layihəsinin konstitusiyaya və Konvensiyaya uyğunluğu analiz olunmalıdır. Layihəni yeni əldə etməyimizə baxmayaraq, orada bir sıra ciddi problemlərin olduğu görünür. Xüsusən, 8-ci fəsildə jurnalistləri vahid sistemə salmaqla onların yaradıcılığına və müstəqilliyinə müdaxilə edilir. Çünki Konvensiyaya görə yalnız tele-radio lisenziyalaşa bilər. Bu tələb digər media qurumlarına aid deyil”.

Ə.Məmmədli hesab edir ki, layihə ilə bağlı geniş ictimai müzakirəyə ehtiyac var: “Bu qanunun neqativ, çatışmayan tərəflərinə gəlincə, dövlətin tənzimlə səlahiyyətlərinin, beynəlxalq hüquqda olmayan anlayışların ora daxil edilməsi, onlayn TV-lərin nəzarətə alınması və lisenziyalaşdırmaq cəhdləri, jurnalistlərin vahid vəsiqə adı altında informasiya əldə etmək hüququnun məhdudlaşdırılması, eyni zamanda, əmək müqaviləsi yoxdursa, “freelance” jurnalistləri buxovlama meylləri və s. neqativ hallar var. Habelə tele-radio sahəsində tənzimləyici qurumlara dair Avropada olan standartlara əhəmiyyət vermədən hansısa nəzarət qurumunun yaradılması ciddi qanun pozuntusudur”.

Meydan TV-nin redaktoru Aynur Elgünəş Pressklub.az-a deyib ki, sözügedən qanun layihəsi mürtəcedir: “Məsələn, dini ekstremizmlə bağlı material hazırlayanda əməliyyat keçirən qurumun verdiyi forma və ölçüdə material verməliyik. Bu, konkret jurnalisti hansısa qurumun mirzəsinə çevirməkdi. Yaxud 21.1.1-ci maddə deyilir ki, barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin Konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə… Necə yəni, qanunsuzluq faktını aşkarlayırıqsa, qanunsuzluq edən adamdan icazə almalıyıq? İnternet TV-lərin lisenziyalaşdırılması nəzərdə tutulur. Media reyestrindən söz açılır. Müstəqil fəaliyyət göstərən şəxslər isə bu qanunla heç jurnalist hesab edilmir. Ümumiyyətlə, bu qanun söz və ifadə azadlığına təhdiddir, bilərəkdən bunu ediblər ki, ölkədə azad media olmasın”.

Tanınmış jurnalist Seymur Kazımov Pressklub.az-a bildirib ki, bu qanun medianın, jurnalistikanın inkişafına dəstək verməli idi, amma onunla tanış olduqdan sonra görünür ki, dəstəkdən çox, mane olmağa hesablanıb: “Bir neçə maddəni çıxmaq şərtilə, layihənin bütün maddələri ziddiyyət təşkil edir. Layihə dərhal geri qaytarılmalıdır və onun üzərində işləmək üçün peşəkar jurnalistlər və hüquqşünaslar cəlb olunmalıdır. Layihə indiki halı ilə qəbul olunsa, Azərbaycanın mətbuat azadlığı sahəsində beynəlxalq aləmdə heç də yaxşı olmayan mövqeyi lap çox zədələnəcək”. //PRESSKLUB.AZ//




Paylaş:


Müəllif : Tarix:
13-12-2021, 08:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər