reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ola bilməz ki, bütün şikayətlər əsassız olsun” – Vəkilliyə qəbulla bağlı CİDDİ PROBLEMLƏR

reklam

“Ola bilməz ki, bütün şikayətlər əsassız olsun” – Vəkilliyə qəbulla bağlı CİDDİ PROBLEMLƏR


Azərbaycan Vəkillər Kollegiyasının nizamnaməsində dəyişikliklər edilməsi barədə hüquqşünas Emin Abbasov Lent.az -a müsahibə verib.

- İndiki dövrdə Vəkillər Kollegiyasının nizamnaməsinə dəyişikliklər edilməsinə ehtiyac varmı?

- Hesab edirəm ki, Vəkillər Kollegiyasının nizamnaməsi ilə bərabər, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun və 7 dekabr 2017-ci il tarixində qəbul edilmiş “Vəkillərin davranış qaydaları” vəkil peşəsinin maraqlarını müdafiə etmək və vəkilliyin inkişafı baxımından günün tələblərinə cavab vermir. Ona görə də qanunda və davranış qaydalarında dəyişikliklərə təxirəsalınmaz zərurət var.

- Dəyişikliklər hansı məsələləri əhatə etməlidir?

- Bütün dəyişikliklər hüququn aliliyi, demokratik prinsiplər və digər əlaqəli beynəlxalq standartlar nəzərə alınmaqla aparılmalıdır. Bu isə vəkil və vəkil qurumlarının kollegiyanın idarəetməsində söz sahibi olmasını, vəkil və vəkil qurumları üzərində kollegiyanın sərt nəzarət yükünün aradan qaldırılmasını, vəkillərin peşəsinə intizam tədbirlərindən sui-istifadə hallarını aradan qaldıran müdaxilələrin yolverilməzliyini və digər bu kimi məsələləri əhatə etməlidir.

- İlk olaraq, hansı dəyişikliyi lazım bilirsiniz?

- Vəkillər Kollegiyasında hesabatlı və modern idarəetmə təsis etmək istəyiriksə, əsas dəyişikliklərdən biri mövcud ümumi yığıncaq və səsvermə qaydalarının yenilənməsi, bütün vəkillərin iştirakı və gizli səsvermə ilə Kollegiyanın rəhbər orqanlarının formalaşdırılmasıdır. Çünki hazırkı nizamnamə və müvafiq qanunvericilik ədalətli və bərabər seçkiləri təmin etmir.

- Qonşu Gürcüstanda və Türkiyədə vəkil birliyi vəkillərin işinə sərt nəzarət etmir. Bəs bizdə necə, vəkillərin işinə Kollegiyadan sərt müdaxilə varmı?

- Vəkil büroları və fərdi vəkillik fəaliyyətinin bütün qərar və fəaliyyətinin Kollegiyanın razılığına tabe tutulması kimi sərt nəzarət yükü mövcuddur. Vəkil və vəkil qurumları ən kiçik qərarlarına qədər Kollegiyanın razılığını almalı olurlar. Bu, onların müstəqil fəaliyyətini tamamilə aradan qaldırır.

- Azərbaycan Vəkillər Kollegiyası cəmiyyət qarşısında hesabatlı olmalıdırmı?

- Nizamnamədə həllini tapmalı olan məsələlərdən biri də maliyyə və digər sahələrdə hesabatlılıq məsələləridir. Kollegiya, Avropa ölkələrində, həmçinin Türkiyədə olduğu kimi, öz üzvləri və cəmiyyət qarşısında hesabatlı olmalıdır. Həm vəkillərin ödədiyi vəsaitlər barədə onları məlumatlandırmalı, həm də cəmiyyəti hüquqi müdafiə ilə təmin edən yeganə qurum kimi cəmiyyət qarşısında hesabatlı olmalıdır. Kollegiyada intizam məsuliyyətinə cəlb olunan şəxslər barəsində verilmiş qərarların açıqlanması da buraya daxildir.

- Kollegiya rəhbərinin Facebook sosial şəbəkəsində paylaşdığı qaydalara əsasən, vəkil öz işi barədə mətbuata açıqlama verməməlidir. Avropada bu barədə vəziyyət necədir?

- Vəkillər Kollegiyası sədrinin istinad etdiyi davranış qaydaları qeyri-müəyyəndir və belə yanaşma beynəlxalq standartlar, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Hesab edirəm ki, bu yanaşma Kollegiyanın özünün qəbul etdiyi, yuxarıda adı çəkilən Qaydaların 2.13-cü maddəsinə söykənir. Həmin müddəa vəkillərə ifadə azadlığını, demək olar ki, qadağan edib. Halbuki, vəkillərin ifadə azadlığı iki həyati əhəmiyyətli məsələ ilə - həm vəkillin müdafiə qabiliyyəti, həm də ədalət mühakiməsi sisteminin düzgün işləməsi ilə bağlıdır.

- Sədrin göstərdiyi həmin tələb vəkillərin işinə necə təsir edir?

- Fərdlərin məhkəmələrdəki işini apararkən ədalətli məhkəmə araşdırmasının təməl şərtləri olan vasitələrin bərabərliyi və çəkişmə prinsipləri məhkəmə və ittiham tərəfi ilə vəkillərin şiddətli müzakirəsini, hakim və prokurorlardan fərqli olaraq, vəkillərin ədalət mühakiməsi sistemindəki rolu etibarı ilə daha geniş ifadə azadlığını tələb edir. Bunu açıq-aşkar inkar etmək vəkilliyin bugünkü təməl statusunu inkar etmək, onu zəiflətmək və hüquqların müdafiəsindəki rolunu azaltmaqdır. Buna misal olaraq, bu gün onlarla vəkilin vəkillikdən uzaqlaşdırılması hallarını, həmçinin müxtəlif intizam tədbirləri ilə qarşılaşdıqlarını, o cümlədən vəkilliyə qəbuldan əsassız səbəblərlə imtina olunması halını göstərmək olar. Bu işlər o qədər çoxdur ki, artıq Avropa İnsan Haqları Məhkəməsinin ifadə azadlığı səbəbi ilə vəkilliyə qəbul edilməmə ilə bağlı Azərbaycana qarşı bir qərarı da mövcuddur. “Hacibəyli və Əliyev Azərbaycana qarşı” işini nəzərdə tuturam.
Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı kifayət qədər aydın və dəqiq mövqeyi mövcuddur. Hesab edirəm ki, burada müəyyən edilən mövqe hüquq peşəsinin bütün təmsilçiləri arasında mübahisəyə yer qoymamalıdır.

- Həmin qayda Avropada necədir? Həmçinin sözügedən senzuranın gətirilməsinin, vəkillərdən əlavə, vətəndaşlara da mənfi təsiri varmı?

- Avropa İnsan Haqları Məhkəməsinin “Morice Fransaya qarşı” 23 aprel 2015-ci il tarixli qərarında qeyd edilir: “Vəkil ictimaiyyətin diqqətini ədalət mühakiməsi sistemindəki potensial nöqsanlara cəlb etmək imkanına malik olmalıdır və məhkəmə hakimiyyəti konstruktiv tənqiddən yalnız faydalana bilər”.

Bundan başqa, Avropanın ən qocaman və nüfuzlu vəkillər kollegiyaları və hazırda bizim Vəkillər Kollegiyasının üzv olmaq istədiyi Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) vəkillərin ifadə azadlığı ilə bağlı oxşar mövqeləri mövcuddur.

Başqa sözlə, vəkillərin ifadə azadlığı məsələsi vətəndaşın həqiqi və effektiv müdafiəsi ilə bağlı məsələdir. Çünki vəkil, adətən, müdafiə etdiyi şəxsin hüquqi problemləri haqqında bəhs edir. Bu cür senzura tətbiq olunsa, bu məhdudiyyət vəkilə yox, bütün vətəndaşlara təsir edəcək.

Nəticə etibarı ilə heç bir normal ölkədə, həmçinin AİHM qərarlarında vəkillərin apardığı işlə bağlı mətbuata müsahibə vermək, müdafiə etdiyi şəxsin ədalət sistemində qarşılaşdığı problemlər haqqında danışmasına qadağadan söhbət gedə bilməz. Bu barədə əlavə danışmaq və müzakirə açmağın yalnız zərərli olduğunu düşünürəm.

- Məhkəmə imtahanda kəsilən namizədlərin hüququnu bərpa edirmi? Bu sahədə vəziyyət necədir?

- Çox təəssüf ki, bu günə qədər Azərbaycan məhkəmələrində bir dənə də olsun nümunə yoxdur ki, vəkillikdən uzaqlaşdırılan və ya vəkilliyə buraxılmayan hüquqşünaslar ədalətli məhkəmə qərarına nail olsunlar. Bu, çox pis göstəricidir. Ola bilməz ki, bütün şikayətlər əsassız olsun.
Hazırda bir çox hüquqşünasların Azərbaycan məhkəmələrində işləri mövcuddur. Həmin məhkəmə mübahisələrinə ədalətli baxılması, yuxarıda sadaladığım problemlərin həlli ilə birlikdə həm Vəkillər Kollegiyasında, həm də məhkəmə-hüquq sistemində sözügedən dəyişikliklər üçün də bir sınaq olmalıdır. Təəssüf ki, məhkəmələr müsahibə prosesində həm prosedur pozuntularını, həm də qərəzli münasibəti əks etdirən kifayət qədər sübutlara rəğmən, hələ ki, şifahi müsahibə mərhələsindəki şikayətlərlə bağlı müsbət qərarlar qəbul etməyib.


Paylaş:


Müəllif : Tarix:
20-11-2019, 17:49
Sikayət   


loading...
Загрузка...