reklam
Regionxeberlericom.az » Siyasət » Putin üçün yeni “baş ağrısı”: - Ağ Ev Kremli hər an təəccübləndirə bilər

reklam

Putin üçün yeni “baş ağrısı”: - Ağ Ev Kremli hər an təəccübləndirə bilər



ABŞ Əfqanıstandan çıxarmağa başladığı qoşunlarını başqa ölkələrdə yerləşdirməyi planlaşdırır.

Bu qüvvələrin Mərkəzi Asiyada, Əfqanıstanla qonşu olan Özbəkistan və Tacikistanda yerləşdirilməsi imkanları nəzərdən keçirilir.

Bu haqda “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən yazıb. Nəşr qeyd edir ki, ABŞ-a Əfqanıstandan çıxardığı hərbi qulluqçular və döyüş texnikası üçün bazalar lazımdır.

Belə ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarsa da, yerli hökuməti dəstəkləmək və “Taliban”ı çəkindirmək üçün yeni müdaxiləyə də hazır olmalıdır. Lakin qəzetə danışan mənbələr deyiblər ki, ABŞ qoşunlarının Mərkəzi Asiyada yerləşdirilməsini Rusiyanın orada “böyük hərbi iştirakı” və Çinin artan təsiri xeyli çətinləşdirir. Bildirilir ki, ABŞ rəhbərliyi hələlik Özbəkistan və Tacikistana bu ölkələrin ərazisində hərbi baza yerləşdirmək barədə sorğu verməyib.

Hələlik ABŞ Müdafiə Nazirliyində bu planla bağlı yekdil mövqe yoxdur, lehinə olanlar da var, əleyhinə olanlar da.

Müzakirələrdə Dövlət Departamenti və Ağ ev də iştirak edir. Xəbər verildiyi kimi Prezident Cozef Bayden Əfqanıstana hərbi müdaxilədən 20 il sonra qoşunların bu ölkədən çıxarılmasına qərar verib. Qoşunların çıxarılması prosesi mayın 1-dən başlayıb.

Lakin Əfqanıstanda situasiya olduqca kövrəkdir və “Taliban”la Kabil hökuməti arasında danışıqlar mürəkkəb keçir. Əfqanıstan hökuməti narahatdır ki, amerikalıların çıxmasından sonra “Taliban” yenidən hakimiyyəti ələ keçirə bilər. Prezident Baydenin əmrinə uyğun olaraq, ABŞ qoşunları sentyabrın 11-dək Əfqanıstanı tərk etməlidir.

Lakin yayın ortalarına qədər ABŞ hərbi qüvvələrinin hara köçürəcəyinə qərar verilməlidir. Bu vəziyyət gərginləşəcəyi təqdirdə, qoşunların geri qayıtmasını asanlaşdırmaq məqsədi daşıyır.

Özbəkistan Müdafiə Nazirliyi “Wall Street Journal”ın məqaləsinə dərhal reaksiya verərək bildirib ki, ABŞ hərbi bazası respublika ərazisində yerləşə bilməz. Nazirliyin nümayəndəsinin sözlərinə görə, ölkənin nə müdafiə doktrinasında, nə də konstitusiyasında belə hal nəzərdə tutulub.

“Özbəkistan müdafiə siyasəti ölkənin silahlı qüvvələrinin sülhməramlı əməliyyatlara və xaricdəki hərbi münaqişələrə qatılmamaq prinsipinə söykənir”,-nazirlikdən verilən açıqlamada belə deyilir.

Tacikistan isə məsələ ilə bağlı rəsmi münasibətini hələ bildirməyib. Buna baxmayaraq, ABŞ hərbi bazalarının Tacikistanda yerləşəcəyi barədə iddialar real görünmür. Çünki bu ölkədə Rusiyanın hərbi bazaları var. Düşənbə və Boxtar şəhərlərindəki 201-ci hərbi baza Rusiyanın xarici ölkə ərazisində yerləşən ən böyük hərbi obyektidir. 2012-ci ildə imzalanmış müqaviləyə görə, Rusiya qoşunları 2042-ci ilə qədər Tacikistan ərazisində qalmalıdır.

Rusiya qoşunları Tacikistan-Əfqanıstan sərhədinin “Taliban” terrorçularından müdafiəsini üzərinə götürüb. Ona görə də Düşənbənin ABŞ hərbi bazalarına icazə verəcəyini söyləmək çətindir. Müşahidəçilərin rəyinə görə, Tacikistan ABŞ-a hərbi bazadan istifadə etməsinə icazə verərsə, eyni zamanda Rusiya, Çin və Amerika bazalarına ev sahibliyi edən ilk ölkə olacaq.

Bununla yanaşı, əvvəllər ABŞ və Rusiyanın bazalarının eyni vaxtda Qırğızıstanda, həm Rusiyanın, həm də NATO-nun bazalarının Tacikistanda yerləşməsi qarıqışqlığa səbəb olub. Buna baxmayaraq, ABŞ-ın Mərkəzi Asiyada əvvəllər hərbi bazaları olub. Ona görə də Vaşinqtonun Əfqanıstanla həmsərhəd olan bu regionda yenidən öz silahlı qüvvələrini yerləşdirmək planları üzərində düşünməsi mümkündür.

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin aprelin 22-də Qazaxıstanın və Özbəkistanın xarici işlər nazirləri ilə telefon danışığı olub. Söhbət zamanı hərbi bazalar məsələsinin müzakirə edildiyi barədə məlumat yoxdur. Ancaq ABŞ-ın 2018-ci ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Ağ Evdə hərbi texniki əməkdaşlıq barədə saziş imladığını nəzərə alsaq, Bayden administrasiyasının bu iki varant üzərində düşündüyü istisna olunmur.

Tacikistan Prezidenti İmaməli Rahmon isə indiyə qədər ABŞ-a səfər etməyib. 2001-ci ilin terror aktından sonra Mərkəzi Asiyada ABŞ-ın ilk hərbi bazası Özbəkistanda yerləşdirilib. Lakin 2005-ci ildə Əndicanda dinc nümayişin gülləbaran edilməsindən sonra Vaşinqtonun Özbəkistana sanksiyalar tətbiq etməsinə cavab olaraq Prezident İslam Kərimov amerikalıların Xanabaddakı hərbi bazasını ölkədən çıxartdı.

Bundan sonra “Pentaqon” Qırğızıstandakı Manas hərbi hava bazasını icarəyə götürməli oldu. Ancaq 2014-cü ilə qədər Daşkənd hava limanı NATO-nun istifadəsində olub. 2018-ci ilin may ayında isə Prezident Şövkət Mirziyoyevin Vaşinqtona rəsmi rəsmi səfəri zamanı ABŞ hərbi yüklərinin Özbəkistan vasitəsilə Əfqanıstana daşınmasına dair sənəd imzalanıb.

Qeyd edək ki, Özbəkistan Qazaxıstan, Qırğızıstan və Tacikistandan fərqli olaraq KTMT-nin üzvü deyil və bitərəfliyini saxlamağa çalışır.

ABŞ-ın Mərkəzi Asiyada hərbi bazaları “Camaat Ənsarullah”, “İslami Cihad İttifaqı” kimi qruplara və Orta Asiyada sabitliyi təhdid edə biləcək “Xorasan İslam Dövləti”, “Özbəkistan İslam Hərəkatı” üzvlərinə qarşı Əfqanıstan hökumətinin əməliyyatlarına dəstək vermək üçün yerləşdirmək istədiyi ehtimal edilir. Ölkə təhlükəsizlik problemi ilə üzləşəcəyi təqdirdə, Özbəkistan ikitərəfli hərbi razılaşmalara ümid bəsləyir. ABŞ əsgərlərinin yerləşdirilməsi Əfqanıstandakı Mərkəzi Asiya yaraqlılarının qarşısını almaq üçün əlavə təminat yarada bilər.

Bu, Daşkəndin KTMT-yə qoşulmaq qərarını təxirə salmağa kömək edir. Əfqanlara “Taliban”la mübarizə aparmağa kömək edən ABŞ və müttəfiqləri bazaları Yaxın Şərq kimi daha ucqar bölgələrə köçürməkdənsə onları qonşuluqda yerləşdirməyi üstün tuturlar. Bu baxımdan, Mərkəzi Asiya ideal variant hesab edilir.


Paylaş:


Müəllif : Tarix:
10-05-2021, 20:38
Sikayət   


loading...
Загрузка...