reklam
Regionxeberlericom.az » Siyasət » Dağlıq Qarabağ: Problemin kök atması - Hər şey necə başladı...

reklam

Dağlıq Qarabağ: Problemin kök atması - Hər şey necə başladı...


1922-ci il Dağlıq Qarabağda yerləşmək, idarələrə rus və ermənilərdən ibarət kadrlar təyin etmək, düzən Qarabağla sərhədləri möhkəmləndirmək, əhalinin bir qisminin yerdəyişməsini həyata keçirmək ili kimi yadda qaldı. Mərkəzdə olan ermənilər isə gizlicə planlarını həyata keçirirdilər. Onların qarşısında əsas maneə Nəriman Nərimanov idi. Onu zərərsizləşdirmək üçün Azərbaycandan göndərmək vacib məsələ olmuşdu. Mirzoyanın təşkilatçılığı, Kirovun dəstəyi ilə N.Nərimanov 1922-ci ildə təntənəli surətdə “böyük vəzifəyə” yola salındı.

Əl-qolu açılan ermənilər bütün bu işləri yekunlaşdıran kimi, 1923-cü il yanvar ayının 2-də Azərbayca Xalq Komissarları Soveti (XKS) Dağlıq Qarabağ işləri üzrə yaradılmış komitənin üç nəfərdən ibarət ştatını təsdiq etdi. Həmin il iyul ayının 1-də isə AKP MK, S.Kirov, Ə.Qarayev, Q.Musabəyov, L.Mirzoyan və R.Axundovun iştirakı ilə növbəti iclası keçirdi. İclasda qısa müzakirədən sonra yekdilliklə səs alan qərar qəbul edildi.

Qərarda göstərildi ki, imza atanlar Mərkəzi İcraiyyə Komitəsi (MİK) Rəyasət Heyəti adından Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yarandığını rəsmiləşdirsin və qısa müddətə elan etsin. Bura Dağlıq Qarabağ İcariyyə Komitəsi də imza atsın. Mərkəz isə Şuşadan Xankəndiyə köçürülsün. Sonuncu tərtib edilmiş sərhədlərin xəritəsi və digər məsələlər də həmin akta daxil edilsin. Bundan əlavə A.Karakozovun sədrliyi ilə, 5 nəfərdən ibarət İnqilab Komitəsi də işinə gec olmadan başlasın. İnqilab Komitəsinə isə tapşırılsın ki, iki aydan gec olmayaraq Muxtar Vilayətin sovetlər qurultayını çağırsın.

Bu qərar MİK-ə göndərilən kimi, 1923-cü ilin 4 iyul tarixində Dağlıq Qarabağ məsələsi iclasda müzakirəyə çıxarıldı. 2 saat müzakirədən sonra yekun qərar qəbul edildi. Mərkəzi İcariyyə Komitəsinin qərarında deyilirdi:

- Qarabağın dağlıq hissəsində müəyyən olunmuş sərhədlər daxilində, mərkəzi Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsın;

- Gələcəkdə Dağlıq Qarabağı idarə edəcək İcariyyə Komitəsi yaradılana kimi səlahiyyət A.Karakozovun sədrliyi ilə yaradılacaq İnqilab Komitəsinə həvalə edilsin;

- İnqilab Komitəsi tez bir zamanda sovetlər qurultayı çağırsın və işə başlasın;

- Muxtar Vilayət ilə Düzən Qarabağın arasında olan sərhədlərin təhlükəsizliyi təmin edilsin.

Beləliklə, Dağlıq Qarabağı Ermənistan SSRİ-yə birləşdirmək niyyətləri boşa çıxan erməni siyasilər öz məkrli planları ilə bu ərazini Azərbaycandan siyasi olaraq ayırdılar və vilayət etməyi bacardılar. Bu haqda 1923-cü il 14 iyul tarixli sayında “Bakinskiy raboçiy” qəzeti yayımlamışdı: “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Azərbaycan MİK-in dekreti Zaqafqaziya xalqları arasında qardaşcasına həmrəyliyin müəyyən edilməsi tarixində böyük əhəmiyyətə maikdir”.

“Dağlıq Qarabağ haqqında əsasnamə”

DQMV elan edildikdən az sonra erməni rəhbərlər Qarabağdan Ermənistana açılan dəhlizi (Laçın dəhlizi) ələ keçirmək üçün, indiki Qubadlı, Laçın və Kəlbəcər rayonlarında “Qırmızı Kürdüstan” yaratmaq ideyası irəli sürdülər. Təbii ki, bu, həmin rayonlarda yaşayan azsaylı kürd xalqının nümayəndələrinə jest deyildi. Rəhbərlikdə, idarəçilikdə və digər strukturlarda ermənilər rol almalı idilər.

1923-cü ilin 30 iyul tarixində Azərbaycan MİK yeni dekret qəbul etdi. Burada Azərbaycan SSRİ-də dövlət idarələrinin milliləşdirilməsi haqqnda bir sıra qərarlar və maddələr yer almışdı. Azərbaycan xalqının böyük əksəriyyəti türk xalqı olduğu üçün milli dil türk dili elan edildi. Lakin həmin dekretin 9-cu maddəsində DQMV-də əlaqə dilinin ermənicə olması əsas qanun kimi qeyd edilmişdi.

“Dağlıq Qarabağ haqqında əsasnamə”də isə göstərilirdi ki, Muxtar Vilayətdə bütün kargüzarlıq, məhkəmə və tədris mərkəzlərində dərslər erməni dilində olacaq. Baxmayaraq ki, burada Azərbaycan türkləri yaşayan kəndlər də vardı, amma onların hüquqlarının tapdalanmasına göz yumulurdu. Bu da tədricən əhalini düzən Qarabağa sıxışdırıb çıxarmaq üçün bilərəkdən atılmış addım idi.

İlk növbədə, yaradılan Dağlıq Qarabağın ərazisinə Cavanşir qəzasından 45, Şuşa qəzasından 92, Qubadlı qəzasından 32 kənd daxil edilmişdi. 169 kənddən təşkil olunan DQMV-də Azərbaycan dilində kitab belə, yox idi.

1924-cü il iyul ayının 1-də AKP MK Rəyasət heyəti “Dağlıq Qarabağ haqqında əsasnamə”nin son variantını hazırlamaq üçün Mircəfər Bağırovun sədrliyi ilə komissiya yaratdı. Əsasnaməni hazırlayan komissiya həmin ilin noyabr ayının 26-da onu mətbuatda dərc etdirdi. Əsasnamədə bildirilirdi ki, ərazi vahidi kimi Muxtar Vilayət Azərbaycan SSRİ-nin tərkib hissəsidir. Lakin diqqətçəkici daha bir məqam vardı ki, burada bir sıra ərazi dəyişikliyi edilmişdi. 1923-cü il əsasnaməsində vilayət ümumilikdə 169 kəndin birləşməsindən təşkil olunmuşdusa, yekun əsasnamədə kəndlərin sayı artırılaraq 193 sayda edilmişdi. Görünür, bunun üçün də vilayətin elan olunmasından il yarım sonra yekun əsasnamə tərtib edilmişdi.

Daha bir fakt - 1925-ci ildə Q.A.Koçaryanın “Dağlıq Qarabağ” adlı kitabında sadaladığı yer adlarıdır. Burada o, DQMV-yə daxil olan kəndlərin sayını 206 göstərir.

1926-cı il sənədlərində DQMV-nin ümumi sahəsi 4.4 min kv.kilometr göstərilir. Bu da Respublika ərazisinin 5%-i demək idi. Vilayətin mərkəzi şəhəri olan Xankəndi isə Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılmışdı.

Muxtar Vilayətə xüsusi diqqət

1923-cü ilin sonunda Vilayətdə rus dilində “Sovetskiy Karabax” həftəlik qəzeti nəşr edilməyə başladı. Qəzetdə DQ-də aparılan tikinti, quruculuq, məktəb və uşaq bağçalarının tikilməsi, iş yerlərinin açılması və s. haqqında məlumat verilirdi. Dağlıq Qarabağın inkişafı üçün büdcədən yüksək miqdarda vəsait də ayrılmışdı. Bu vəsaitlər hesabına Xankəndi və Suqovuşan (Madagiz) ətrafında elektrik stansiyaları, Əsgəranda şərabçılıq zavodu, “Turşsu nümunəvi heyvandarlıq” müəssisəsi, “Qarabağ xalçaçılıq mərkəzi” və s. obyektlər açılmışdı.

Dağlıq Qarabağ İnqilab Komitəsi işinə başlayan kimi onun nəznində Xalq Maarif Şöbəsi yarandı. Şöbənin müdiri isə yazıçı Süleyman Sani Axundov təyin edildi. Bunun ardınca vilayətin hər yerində uşaq bağçaları, məktəb və digər təhsil ocaqları fəaliyyətə başladı. 1923-1924-cü illər ərzində Muxtar Vilayətdə, ümumilikdə 106 orta məktəb açılmışdı. Yeni kadrlar yetişdirmək üçün Şuşada pedaqoji kollec və peşə məktəbi fəaliyyətə başladı. 1932-1938-ci illərdə Vilayətdə ümumibtidai təhsilin tətbiqi formalaşıb başa çatdı və yeddiillik təshil sisteminin tətbiqinə başlanıldı.

1939-cu ilə kimi Respublika büdcəsindən DQMV-nin təhsil sisteminin yaxşılaşdırılmasına 21 milyon 700 min rubl pul ayrılmışdı. 1933-cü ildə yalnız erməni icması üçün iki kitabxana və mədəniyyət klubu açılmışdı. Bundan əlavə, Xankəndi, Ağdərə və Xocavənd rayonlarının kitabxanalarında rus şöbələri də yaradılmışdı. Şuşada musiqi məktəbi və xor dərnəkləri də fəaliyyət göstərirdi.

Xankəndidə açılan ayaqqabı fabriki ittifaqın ən keyfiyyətli ayaqqabı istehsal edən fabriki idi. Əvvəllər Ukraynadan gətirilən mütəxəsislər burada işlədilər, daha sonra işi onlardan ermənilər təhvil aldılar. Ayaqqabıları erməni xalqının milli dəri ayaqqabı istehsalı sahəsi və özlərini bu peşənin bilicisi kimi təqdim etdilər. Bu fabrikdə azərbaycanlılar işləmirdilər.

Küskün və köçkün azərbaycanlılar

İkinci Dünya müharibəsi illərində Dağlıq Qarabağda sakitçilik idi. Orada yaşayan ermənilər cəbhəyə göndərilmədilər. Sənaye müəssisələri normal iş rejimində çalışırdı. Lakin müharibədən sonra vilayətdən bir çox ermənilər mükafatlandırıldı və onlara “arxa cəbhə qəhrəmanları” adı verildi.

DQMV-nin ən inkişaf etmiş dövrü 70-ci illər hesab olunur. Artıq kənd təsərrüfatı, məhsuldarlıq, maldarlıq, sənaye məhsullarının istehsalı öz axarı ilə davam edirdir və buraya sərmayə qoyuluşu da artmışdı. Vilayətin istəyi ilə, “Avtonəqliyyat Birliyi” oraya 36 növ texniki avadanlıq və texnika göndərmişdi. Ağdam-Xankəndi dəmir yolunun istifadəyə verilməsi isə buraya daşınacaq yüklərin daha əlverişli, rahat şəraitdə aparılmasını təmin edirdi.

Mərkəzin göstərişi ilə Azərbaycan SSRİ-nin Nazirlər Şurası buranı digər rayonlardan fərqləndirirdi. Lakin Xankəndi və digər ərazilər inkişaf edərkən, Şuşa diqqətdən kənarda qalmışdı. Muxtar vilayətin adambaşına düşən gəliri 30 il ərzində 80% artmışdı. 70-ci ilərin sonunda Muxtar Vilayətə qaz çəkilişi həyata keçirildi. Eyni zamanda, “qonaq evləri” adlanan mehmanxanalar, hamamlar da tikilib istifadəyə verildi.

Bu illər ərzində azərbaycanlı əhali isə inkişafdan kənarda qalmış, böyük hissəsi Qarabağın başqa rayonlarına köçüb getmişdi. Bəzi kəndlərdə qalanlar isə, sadəcə təsərrüfatla məşğul ola bilərdilər, yaxud da açılan fabrik-zavodların aşağı ştatlarına qane olurdular. Ali təhsilli olanlar Respublikanın müxtəlif rayonlarına təyinat alırdılar.

XX əsrin 80-ci illərində DQMV-də yeni başqaldırmalar oldu. Erməni separatçılar müxtəlif təxribatlara əl atdılar. Hər şey dəyişdi...

(Ardı var)
Müəllif: Şəhla Cabbarlı //ayna.az//


Paylaş:


Müəllif : Tarix:
28-12-2020, 09:08
Sikayət   


loading...
Загрузка...