reklam
Regionxeberlericom.az » Sosial » Üçüncü müharibə realdır – Pənah Hüseyn

reklam

Üçüncü müharibə realdır – Pənah Hüseyn


Regionxeberlericom.az DİA.AZ-a istinadən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Xankəndidə olan ermənilərin Azərbaycan Dövlətinə inteqrasiyasına nail olmaq üçün QHT nümayəndələri sülhməramlıların iştirakı ilə həmin ərazilərə səfərlər etməlidir. Necə hesab edirsiniz, QHT-lərin bu ərazilərə gedib danışıqlarda iştirak etməsi hansı effekti verə bilər?

- Azərbaycan QHT nümayəndlərinin Xankəndinə gedib erməni vətəndaşları ilə görüşünün əleyhinəyəm. Hesab edirəm, indiki reallığın əsas prioritet istiqaməti bu deyil.

Azərbaycan müharibədəki qələbədən sonra Ermənistanla sülhün bağlanması, münasibətlərin normallaşması, istərsə də Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası və bu prosesdə sülhyaratma, nizamlanma işi getməlidir. Düşüncəmə görə, real durumda prioritet hərbi-siyasi yol olaraq qalır. Qarabağda hələ 10 mindən yuxarı “Arsax” terrorçu qruplaşması var. Belə bir vəziyyətdə xalq diplomatiyası, yaxud siyasi partiyaların bu prosesə cəlb olunması həlledici əhəmiyyətə malik ola bilməz. Hələ indiki vəziyyətdə bu məsələnin həlli dövlətlərarası münasibətdən və silahlı qüvvələrdən, təhlükəsizlik orqanlarından daha çox asılıdır. Təsadüfi deyil ki, II Qarabağ müharibəsindən sonra yaranan gərginlik fonunda III müharibə də istisna olunmur. Qarabağda olan separatçı qüvvələrin nəinki aradan qaldırılması, “erməni silahlı qüvvələr” adı altında onların oradakı Rusiya sülhməramlılarının mühafizəsi və himayəsi altında daha da möhkəmlənməsi istiqamətində addımlar müşahidə olunur. Bu, Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq doğurur və regional təhlükəsziliyi təhdid edən hadisə kimi meydana çıxır.

Bu yaxınlarda Qarabağa silah daşınması haqqında məlumatlar, İran İslam Respublikasından Qarabağa terror məqsədilə desant qrupunun göndərilməsi 2020-ci il 9-10 noyabr sazişinin ziddinə olaraq, “Laçın dəhlizi” adlanan keçiddən erməni əhalinin təkcə Ermənistanla humanitar əlaqəsini yox, faktiki olaraq yeni müharibə hazırlığı, qeyri-humanitar addımlar üçün istifadə olunduğu üzə çıxır. Digər tərəfdən, Ermənistanın özünün siyasəti faktiki olaraq vaxt qazanmaq, bu vəziyyəti uzatmaq və imkan, şərait yaranarsa, Azərbaycana qarşı yeni təcavüzün başladılması olduğunu gizlətmir. O baxımdan əsas xətt hərbi-siyasi yol olaraq qalır. Elə etmək lazımdır ki, xalq diplomatiyası ümumi sülhün bərqərar olmasına, iki dövlət arasında münasibətlərin normallaşmasına, daha açıq desək, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasının əleyhinə işləməsin.

Digər tərəfdən, bu proses regional və qlobal prosesdən asılı vəziyyətə düşüb və açığı, onun təsiri altındadır. Bu məsələnin həlli, proseslərin gedişi Rusiya-Ukrayna müharibəsinin təsiri altındadır. Həmin savaşın Cənubi Qafqaza, indi isə Yaxın və Orta Şərqə keçməsi haqqında məlumatlar var. Bu münasibətlər iki dövlət, hətta Cənubi Qafqaz dövlətləri arasında məhdudlaşmır. Azərbaycan-Türkiyə hərbçilərinin cənubumuzdakı hərbi təlimləri, Türkiyə müdafiə nazirinin “Şuşa Bəyannaməsi bizim bir millət – bir dövlət olduğumuzu və bunun bir mesaj olduğunü göstərir” deməsi sözgəlişi deyil. İran tərəfindən Azərbaycana qarşı təcavüzkar münasibət gizlədilmir. Bu fonda dediyiniz xalq diplomatiyasının təsir imkanları xeyli dərəcədə zəifdir. Azərbaycan Silahlı Qüvvələri məsələlərdə həlledici rol oynamada davam edir. Özümüzü aldatmayaq, hələlik aralıq vəziyyətdəyik və bütün istiqamətlərdə üsullardan istifadə etməliyik.

- Dekabrın 3-də Laçın-Xankəndi yolu ilə hərəkət edən erməni maşınları qısa müddətdə tıxacda qaldı. Səbəb sülhməramlıların Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrini həmin ərazidə mədənlərin qeyri-qanuni istismarı ilə əlaqədar monitorinq keçirmək üçün ərazilərə buraxmaması idi. Qarabağda sülhməramlıların gözü qarşısında torpaqlarımız istismar edilir və bizi ərazilərimizə qoymaq istəmirlər, çıxış yolu harada axtarılmalıdır?

- Qarabağda Azərbaycanın təbii sərvətləri 30 ildir talanır. Orada xarici şirkətər qeyri-qanuni fəaliyyət göstərirlər. Bu gün Azərbaycan tərəfinin monitorinq tələbi və yolda yaranan gərginlik ermənilərdə yüksək isterikaya səbəb oldu. Doğrusu, bu, Ermənistan cəmiyyətinin kollektiv şəkildə şizofreniyaya tutulmasını bir daha göstərdi. Ermənilər hay-küy salıb “genosid”, guya terorçu dəstələrin yolu keçməsindən danışırdılar. Ermənilər onları xaricdə təlim keçmiş xüsusi təyinatlılar, diversant dəstələr kimi təqdim edib hay-küy saldılar. Təbii ki, bu, xəstə erməni xislətidir. Bizim məlum nazirlikdə işləyən adamların adı da məlumdur, vəzifələri də. Buna baxmayaraq, bunu dövlət orqanlarımız tərəfindən həyata keçirilən uğurlu əməliyyat hesab edirəm. Şübhəsiz bu, davamlı olmalıdır.

Məlumata görə, həmin monitorinqin aparılmasına razılıq verilib, sonra yeni rezonanslı hadisə ortaya çıxdı ki, sülhməramlılar Laçın yolu sərhədində gömrük postu qoyacaq. Sonra bu təkzib olundu ki, sadəcə, Rusiya sülhməramlılarının özlərinin nəzarətində olacaq girib-çıxan maşınları yoxlamaq üçün skayner texnikası olacaq.

Laçında 5 kilometrlik ərazinin Ermənistan – Azərbaycan sərhədi olan hissəsində mütləq bizim sərhədçilərimiz gömrük xidməti qurulmalı, orada Azərbaycan Bayrağı dalğalanmalıdır. Sərhədin Rusiya sülhməramlılarının nəzarəti altında olması ilə bağlı bizim müqaviləmiz yoxdur. 10 noyabr sazişində yazılıb ki, 5 kilometrlik ərazidə Rusiya sühməramlıları təhlükəsizliyi təmin edir və Qarabağ ermənilərinin maneəsiz gedib-gəlməsinə nəzarət etməlidir. Bizim sərhədimiz heç bir halda öz nəzarətimizdən kənara qoyula bilməz.

– Bu məsələdə Rusiya ilə hansısa bir aydınlaşmaya ehtiyac var?

- Rusiya faktiki olaraq münaqişə ocağının qorunub-saxlanmasını təmin edir. Sülhməramlıların bizim ərazimizdə mövcudluğu Rusiya üçün bəhanədir və bunu axırıncı ana qədər əlindən verməyəcək. Hesab edirəm, riskli görünən hərbi əməliyyatlar davamlı olunmalıdır. Laçında təkcə bizim Ekologiya Nazirliyinin əməkdaşları görünməli deyil. Bilirsiniz ki, iki gün əvvəl Rusiya-Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü keçirildi. Məzmun tam açılmadı, amma Lavrovun belə bir açıqlaması oldu ki, sülh müqaviləsi istiqamətində danışıqlar davam edir, sülh müqaviləsi Avropa deklarasiyasına uyğun olaraq hazırlanmalıdır.

Bu gün sülh müqaviləsi istiqamətində Qərblə Rusiyanın müharibəsi gedir. Bu mənada sülh müqaviləsi ilə bağlı yeni görüşün keçirilməsi istisna edilmir. Bu görüş Moskvada olmalıdır. Hər halda Rusiyanın sülhməramlıların bu istiqamətdəki rolu ikibaşlı olaraq qalır. Konkret olaraq hazırda Rusiyanın əvvəlki kimi “Dağlıq Qarabağın statusu gələcək nəsillərə qalsın” yanaşmasının mümkün olmadığı ilə bağlı təəsüratı var. Amma Rusiyanın mövqeyi məlum olduğuna görə, bu məsələdə optimist olmağa da əsas yoxdur. Müxtəlif modellər düşünülür. Bunlardan biri “Qarabağın Azərbaycanın tərkibində tanınması və ərazinin uzun müddət təhlükəzilik təminatı üçün Rusiya sülhməramlılarına mandat verilməsi”. Ərazinin “Rusiyaya arendaya verilməsi haqqında” məlumatlar da var. Lakin bizim qarşımızda dayanan tələb odur ki, Azərbaycan məsələni 2025-ci ilə qədər həll etməlidir. Ya ermənilər Azərbaycan vətəndaşı olaraq Xankəndidə yaşamalı, yaşamaq istəməyənlər çıxıb getməlidirlər. Azərbaycana, dövlət quruluşuna, insanlarımızın təhlükəsizliyinə təhdid yaradan terrorçu fəaliyyətdə olan qruplar da zərərsizləşdirilməlidir. Bunu da hərbi əməliyyatların başlanması, terror, xüsusi təyinatlı qüvvələrin əməliyyatları ilə həll etmək olar. Ona görə də üçüncü müharibənin olması mümkündür. Revanşist qüvvələrin Qarabağda fəaliyyətini davam etdirməsi onlar üçün daha ağır nəticələrə səbəb ola bilər.

– “Müharibə başlaya bilər, hərbi əməliyyatlar” deyiləndə, dərhal qarşıya sülhməramlıları qoyurlar. “Rusiyanın Qarabağda özünün hərbi bazasını yaratmaq istəyi” görünürmü?

– Bəzi əməliyyatları sülhməramlılarla atəş təmasına keçmədən də həyata keçirmək mümkündür. Biz bunu Qarabağda keçirilən bir sıra hərbi əməliyyatlarda müşahidə etdik. Digər tərəfdən, Rusiya Qarabağda hərbi baza yaratmaq istəyini açıq şəkildə ortaya qoyub. Rusiya sülhəramlılarının Qarabağa gəlməsi hər hansı hüquqla təsbit olunmayıb. Azərbaycan da ona mandat verib, qanuniləşdirməkdən imtina edib. Rusiya orada əbədi qalmaq istəyir. Amma unutmayaq ki, region məsələsi təkcə Rusiyadan asılı deyil. Bütün məsələlər bu gün Ukraynada həll olunur. Azərbaycana qarşı müharibə açmaq həm də faktiki olaraq Türkiyə ilə müharibə deməkdir. Rusiya Ermənistana görə Azərbaycan və Türkiyə ilə müharibəyə gedərmi? Demək olmaz ki, bu, heç vaxt olmaz. Hər halda, ehtimal azdır. Mürəkkəb prosesdir. Bizim mənafelərimiz qeyri-müəyyənliyi, təhlükəsizliyə təhdid yaradan məqamların aradan qaldırılmasını zəruri edir.

– Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda aparılan müzakirələrdə Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi önə çəkilir. Hesab olunur ki, bununla da qardaş ölkə ilə hərbi əməkdaşlıq daha yüksək səviyyəyə qaldırıla bilər. Rusiya ilə Türkiyə bu məsələdə hansı razılığa gəlib?

- Gəlin özümüzü aldatmayaq. Faktiki olaraq Türkiyə hərbisi Azərbaycandadır. Şuşa Bəyannaməsi də bunun hüququ əsasıdır. Əslində, buna razılaşmayan Rusiya olsa da, nəhayət qəbul edib. İran da buna qarşı tərpəndi.

Bu gün Türkiyə Xəzər dənizində hərbi baza yarada bilmir və bu, müəyyən hüquqi problemlərlə bağlıdır. Hesab edirəm ki, Azərbaycan Türkiyənin Aralıq dənizi sularında bir dəniz bazasına malik ola bilər. Aralıq hərbi dəniz bazasını arendaya götürə bilər.

Bu gün Azərbaycanın bütün yaşayış məntəqələrində, şəhid məzarlarında həm də Türkiyənin bayraqları var. Sadəcə, bu əlaqələr dərinləşdirilməlidir. Bütün sahələr üzrə Türkiyə ilə inteqrasiyaya gedilməlidir. Hər halda, 2023-cü ildə bu istiqamətdə müəyyən müsbət dəyişikliklər görəcəyik.

– İranla münasibətlərdə 2023-cü ilə hansı dəyişiklik gözlənilir?

– İran-Azərbaycan münasibətlərində müəyyən qırmızı xətlər artıq keçilib. Düzü, yenidən heç nə olmamış kimi, İran-Azərbaycan münasibətlərinin normallaşmaya qayıdışını tez zamanda gözləmirəm. İranın Azərbaycana, Türkiyəyə, Ermənistanla münasibətdə apardığı siyasətində dəyişikliklər olmasa, hətta daxilindəki vəziyyətlə bağlı islahatlara getməsə, məsələlərin əvvəlki məcraya qayıtması mümkün deyil. İran–Azərbaycan münasibətləri heç nə olmamış kimi, üstüörtülü vəziyyətə qayıtmalı deyil. İranda azərbaycanlıların, təhsil, dil, təhlükəsizlik məsələləri önə çəkilir və bu istiqamətdə Azərbaycan və Türkiyə özünün mövqeyini ortaya qoydu. Mən İrana münasibətdə indiki kursun davam etdirilməsinin tərəfdarıyam. Azərbaycan elə bir mərhələdədir ki, özünün mövcudluğu üçün maraqları zonası müəyyən edilməlidir. Bu maraqlar İran coğrafiyasına keçir. Orada baş verən proseslər bizim üçün hansısa xarici ölkədə baş verən hadisə deyil. Bizim təhlükəsizliyimiz və digər məsələlərlə bağlıdır.

– Azərbaycan daxilində cərəyan edən proseslər mövcud gərgnliyə nə dərəcədə adekvatdır?

- Azərbaycanın daxilindəki bir sıra məsələlər qeyri-müəyyəndir. Belə düşünürlər ki, məsələn, Naxçıvan hadisələri fonunda, daxildə radikal dəyişikliklərdən, reformlardan çəkinmək lazımdır. Hesab edirəm ki, daxili-siyasi məsələlərdə dərinköklü dəyişikliklərdən çəkinmədən buna gedilməlidir. Bizə qarşı Ermənistanın təcavüzünün əsas səbəblərindən biri də Azərbaycanda daxildə olan problemlərdir. Həlli mümkün olan məsələləri həll etmək lazımdır ki, düşmənin əlinə bəhanə verilməsin. Biz bunun əksini görürük.

Deyək ki, bu gün “Siyasi partiyalar haqqında qanun layihəsi” yersiz bir dövrdə ortaya atılıb. Milli birlik istiqamətində müşahidə olunan son illərdəki meyilləri dərinləşdirmək əvəzinə, bu məsələ gərginlik yaradır. Digər tərəfdən, siyasi plüralizmin və çoxpartiyalılığın formalaşması istiqamətində ciddi addımların atılması dövründə siyasi partiyalar üçün əlavə məhdudiyyətlər yaradılması təhdidlər meydana gətirir. Ciddi islahatlara gedilməlidir, “Siyasi partiyalar haqqında” qanun layihəsində gərginlik yaradan müddəalar həll edilməlidir, ölkədə konstitusiya dəyişikliklərinə gedilməlidir. Bu zaman Azərbaycan bir sıra qlobal, beynəlxaq proseslərin obyekti olmaqdan çıxacaq. Düzdür, bu istiqamətdə xeyli irəliləyiş var. Lakin dünya bölüşdürülür. Belə bir vaxtda biz bölüşdürülən tərəf deyil, bölüşən tərəf ola bilərik. Yeni situasiyada, dünyanın yenidən şəkillənməsində iştirak edə bilərik. Azərbaycan böyümə mərhələsinə daxil olmalıdır. Bu böyümənin qarşısı alınmazdır. Hər birimizin ciddi fədakarlığına ehtiyac var. Panikaya düşməyə ehtiyac yoxdur. Gələcəkdə milli iradə ortaya qoymaqla buna nail olacağıq.




Paylaş:


Müəllif : Tarix:
9-12-2022, 09:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər