reklam
Regionxeberlericom.az » Köşə » Böyük 100-ün 60-ı...

reklam

Böyük 100-ün 60-ı...

Əməkdar Jurnalist Zərbalı Mirzənin 60 yaşına

Onu sovet hökumətinin hünərli vaxtlarından tanıyıram. Onda insanlar indiki kimi qayğılı deyildilər. Gecə səhərə kimi yatdıqları yataqda gözlərini tavana zilləyib, səhər nə işlə məşğul olacaqlarını da düşünmürdülər. Rüzgarın hansı tərəfdən əsəcəyi heç veclərinə də deyildi. Heç insanlar çörəklə də imtahana çəkilmirdi. Televizorun düyməsini basan kimi, Sovet şairlərinin qardaşlıq mövzusunda yazdıqları mahnıları maraqla dinləyir, müğəninin oxuduğu “Qardaş olub Hayastan”, “Ey əziz rus qardaşım, ey mehriban rus bacım” mahnılarının sözlərini əzbərləməyə çalışırdıq. Müəllifini unutduğum “Sibir çölünü gərək, gülüstana döndərək” nəqarətli mahnı isə az qala gəncliyin marşına çevrilmişdi. Evindən çıxan gəncin sorağı uczuz-bucaqsız Rusiya çöllərındən gəlirdi. Bəzən kimsənin saymadığı, əfəl sandığı birisi hətta bir əmək qəhramanına da çevrilib asanlıqla şöhrətin zirvəsinə yüksələ bilirdi… “Azərbaycan”, “Ulduz” jurnallarını oxuyub, bütün nömrələrini toplamaq bir ənənəyə çevrilmişdi. Kənd poçtalyonunun yoluna çıxmaq, gündəlik qəzetləri alan kimi nəzərdən keçirmək bir adət halını almışdı… “Azərbaycan gəncləri”, “Kommunist”, “İdman”, “Ədəbiyyat və incəsənət” qəzetləri ən çox oxuduğumuz qəzetlər idi. Bir az da qabağa gedənlər tam anlamasalar da “Komsomolskaya pravda”nı və “Literaturnaya qazeta”nı yalandan üzünə tutardılar. Onda o adamın savadlı olduğuna heç kim şübhə etməzdi…

Belə bir zamanda, rayonumuzda çıxan “Yeni söz” qəzetində onun imzasına rast gəldim. Zərbalı Mirzə… Deyəsən, “Moskva” kolxozunun tarlaçılıq birqadiri, “Ağ qızıl ustası” Əliheybət Zahidovdan yazmışdı. Daha sonra imzasını “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində və “Kirpi” jurnalında görməyə vərdiş etdim. İmzasının altında gah xüsusi müxbir, gah da ictimai müxbir yazılırdı. Günlərin bir günü “Azərbaycan gəncləri” qəzetində dərc olunan məqaləsinin altında “S. M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli ADU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi” yazıldığını oxudum. O, dövrü yaşamayanlar, bunun forsunu heç təsəvvür edə bilməzlər. Mətbuatda yazılarının dərc olunması, jurnalistika fakültəsinin tələbəsi olmaq zirvəyə gedən yolda olmaq idi… Artıq Zərbalı Mirzə öz yolunu tapmışdı… Hətta onu şəxsən tanımasam da mənim kumirimə çevrilmişdi…
Tale elə gətirdi ki, arzularımın qanadında uçaraq mən də əlçatmaz jurnalistika fakültəsinə qəbul olundum. Kənddən gəlmiş, bir kənd uşağı üçün səsli küylü, o zamanın daha çox zəngin uşaqlarının oxuduğu jurnalistika fakültəsini təsvir etmək bir az zor işdir. Burada oxuyanların çoxunun imzası respublikada tanınıb, təsdiq olunmuş imzalar idi. Özümü çox tənha hiss edirdim. Bu qədər “əjdaha”nın içində nə edə biləcəyimi düşünəndə vahimə məni basırdı. Bir şey də var idi ki, fakültənin ən gənc, yaşı az olan tələbəsi də mən idim. Bığlı, saqqallı kişilərə qaynayıb qarışmaq heç ağlımdan belə keçmirdi. Belə bir zamanda, qrup yoldaşım, Rüstəm (Rüstəm Kamal) məni dəhlizdə bir nəfərin gözlədiyini dedi. Qapının ağzınada ucaboy, enli kürək, yaraşıqlı, gözü gülər bir oğlan bir əlini mənə uzadaraq – “Zərbalı Mirzə” - dedi… Əlimi mənə tərəf uzanan ovcunun içinə qoydum. Əlimi elə bərk-bərk sıxdı ki… O an mənə elə gəldi ki, Zərbalı bağışlamaq üçün dünyanı da özü ilə birlikdə mənə gətirib. Əlimi sıxan əlini dünyanın ən güclü qolu hiss etdim. Bir anlığa qarşımdakının Zərbalı Mirzə deyil, göy qübbəsini çiynində saxlayan Atlant olduğunu düşündüm. Həmən gündən tənhalığıma son qoyuldu… O, gündən başlayaraq Zərbalı hər gün məni həm fakültədə, həm də respublikada yaxşı tanınan məşhur imzalarla tanış edərdi. Beləcə, bizim dostluğumuz başladı.
Zərbalı Mirzə gözümdə öz orbitindən çıxıb bir dəyərə, bir tamlıq simvoluna çevrilirdi. Onun adı çəkiləndə istər istəməz qürurla, iftixarla, “o, mənim dostumdur” - deyirdim. Həm də, dəqiq bilirdim ki, adını tutan adam mütləq onun ünvanına ən xoş kəlmələri işlədəcək.
Zərbalı ictimai fəaliyyəti ilə seçilən ən aktiv tələbələrdən idi… Universitet Tələbə Həmkarlar təşkilatının ən fəal üzvlərindən biri, komissiya sədri, fakültədə çıxan “Gənc jurnalist” qəzetinin baş redaktoruydu… Və həm də tələbəlik illərində respublika mətbuatında müntəzəm dərc olunan bir-iki tələbə-yazar var idisə onun biri Zərbalı Mirzə idi. Və təbii ki, o, fakültədə tanındığı kimi respublikada da bir jurnalist kimi tanınırdı, oxunurdu.
Zərbalı Mirzə Universitetdə oxuyarkən, yəni tələbə olarkən ailə həyatı qurdu. İsti yay günlərindən birində jurnalistika fakültəsinin əksər tələbələri o toyda iştirak edirdi. Şirvanın məşhur, əvəzsiz balaban ifaçısı, Aşıq Şakir yadigarı ustad Həsrət Hüseynovun qara zurnada sehirli ifaları, Şirvanın bənzərsiz ustad aşığı, aşıq Yanvarın qəlb oxşayan şirin avazı ilə bu toy yaddaşımıza öz möhrünü vura bildi. Atalar yaxşı deyib, yaxşı toyun ən yaxşı nəticəsi övlad dünyaya gətirməkdir. Zərbalı da bizləri əvvəl Ülvinin, sonra Həmidin, daha sonra Rüfətin dünyamıza gəlməsi ilə sevindirdi. Vətən üçün, bu xalq, bu millət üçün üç oğul böyüdüb tərbiyə etmək, övladlarının uğurları ilə iftixar hissi yaşamaq hər ataya nəsib olan iş də deyil. Bu sahədə də Zərbalı Mirzəyə, dostlarını, əzizlərini, bu vətəni sevindirdyi üçün “afərin” düşür.
Zərbalı xaraktercə həlim, əqidəcə möhkəm, dostluqda olduqca sədaqətli adamdır. Bütün bu gözəlliklər ona qandan, gendən süzülüb gəlmədir. Ziyalı ailədə dünyaya göz açan Zərbalı el ağsaqqalı, eldə, obada gözəl əməlləri ilə ad çıxaran Mirzə dayının bütün yaxşı xüsusiyyətlərini özündə cəm elətdirib desəm zənnimcə fikrimi daha dolğun ifadə etmiş olaram. Hörmət əlaməti olaraq o zamanlar hamının “Allahverdiyev” adlandırdığı Mirzə dayının evi zəngin bir kitabxanaya bənzəyirdi. Burada nələr yox idi?.. Hətta o dövrün ən məşhur jurnalları sayılan «Oqonyok» və «Vokruq sveta»nın bütün nömrələrini axtarsaydın buradan tapa bilərdin…

Özünə sədaqət prinsipi, işinə bağılılığı, iş yeri seçərkən özünü ən çox büruzə verən amillərdən oldu. Zərbalı Mirzə tələbə olarkən tez-tez inşaatçıların həyatından bəhs edən silsilə oçerklər, bənzərsiz şirin məqalələr yazardı. Belə deyək ki, inşaatçılar arasında xeyli sayılıb seçilən dostları da var idi. Dövrünün sayılıb seçilən qəzeti olan “İnşaatçı”da o zaman çap olunmaq o qədər də asan iş deyildi. Hələ, qəzetin baş redaktoru, jurnalistika sahəsində öz dəsti xətti olan redaktorlar redaktoru Oqtay müəllimin nüfuzunu demirəm heç. Zərbalının gözəl bənzərsiz qələmini, işə bağlılığını, işgüzarlığını, ən başlıcası ləyaqətini görən Oqtay Cəfərov Zərbalı Mirzəni “ovlamaq” qərarından əsla vaz keçməzdi… Keçmədi də… Və artıq 33 ildir ki, o, özünün dediyi kimi inşaatçıların müqəddəs məbədində – “İnşaatçı”dadı. Zərbalı Mirzə bəlkə də iş yerini dəyişməyən, müxbirlikdən, baş redaktorluğa qədər ucalan və eyni redaksiyada ”Əməkdar jurnalist” adına layiq görülən, işlədiyi qəzeti respublikanın ən oxunaqlı qəzetləri səviyyəsinə qaldırmağı bacaran nadir qələm sahiblərindəndir.
Öncül dünya inşaatında olan inqilabi yeniliklər, hadisələr barədə operativ xəbərlər, Ümummilli Lider, dahi Heydər Əliyevin doğum və anım günlərinə həsr edilmiş buraxılışlar, Azərbaycan tikintisinin flaqmanları – Məmmədəli Abbasov, Sadıx Rəhimov, Yaqub İsmayılov, Dadaş Asanov, Əliş Ləmbəranski, Əli Əliyev, Əlimuxtar Hüseynzadə, Litvin Abasov, Şair Həsənov, Telman Kazımov, Arif Mansurov haqqında xüsusi buraxılış nömrələri inşaatçı oxucuların yaddaşında əbədi silinməz iz salıb. Memarlıq tariximizin bütün parlaq simaları qəzetin diqqət dairəsində olub hər zaman. Zərbalının qəzetlə, sözlə bağlı ömrünün bütün anları Azərbaycanın inşaat və memarlığı, inşaatçı və memarları ilə sıx bağlı olub və buna görə də özünü kənarda təsəvvür belə etməyib. Mərkəzi dövlət nəşrlərindən, aparıcı saytlardan dəfələrlə çoxsaylı, yüksək məvacibli iş təklifləri alsa da, o, getmək barədə düşünməyib heç. Uzun bir zaman içində “İnşaatçı”da işləməyini Zərbalı Mirzənin özünə sədaqəti, eyni zamanda etibarlılığın bariz nümunəsi də saymaq olar.
Zərbalı özünə dəyər verməyi bacaran qələm sahiblərindəndir. Əgər o, ”şöhrət” ya “ləyaqət” dilleması qarşısında qalsaydı, əminliklə deyə bilərəm ki, ləyaqəti seçərdi. Bilmədiyi, sevmədiyi sahədən onu yazmağa əsla məcbur etmək olmaz. Yazının girişində qeyd etdiyim kimi Zərbalı öz yolu, öz dəsti xətti olan fərqli bir yazardı. Bəzən ona, onun qələminə, istedadına bələd olanlar içərisindən, “niyə “siyasətdən” yazıb məşhur olmadın?” sualını verənlər də olur.
Ancaq mən düşünürəm ki, Zərbalı Mirzə imzası çox məşhurdur. Həm də halal çörəyini alnının təri ilə isladıb yeyən zəhmət adamlarının, inşaatçıların arasında daha çox məşhurdur. Sahə qəzeti olan “İnşaatçı”da onun qazandığı uğurları əldə etmək elə də asan bir iş deyil məncə. Bu qeydlərimi yazmazdan öncə ölkənin tikinti və layihə yönümlü təşkilatlarında kiçik bir sorğu xarakterli araşdırma apardım və zənnim məni yanıltmadı. “İnşaatçı” layihəçi, memar və inşaatçıların stolüstü, ən çox sevdiyi və oxuduğu bir qəzetdir. İnşaatçıların istəyi ilə tam rəngli, nəfis tərtibatla dərc olunan qəzetin hər nömrəsi səbirsizliklə gözlənilir. Və bəzən eşidəndə ki, “İnşaatçı” ictimai rəyə təsir göstərən qəzetlər sırasında deyil, buna çox təəccüblənirəm. Ölkənin tikinti kompleksi işçiləri “İnşaatçı”nı oxuyur, cənablar, sizin dediyiniz və dövlət vəsaiti ilə çap olunan məlum “məşhur”, “ictimai fikri istiqamətləndirən” qəzetləri yox.
Ömrünü yaratmağa, qurmağa, həyatımızı gözəlləşdirməyə sərf edən insanların, inşaatçıların həyatından bəhs edən yeddi sənədli kitabın müəllifi olmaq, Azərbaycan məmləkətıni kərpic-kərpic tikib abadlaşdıran memar və inşaatçılarımızın həyat və ömür yollarından bilgi verən “Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası” (ATKE) kitabının – çoxcildlik dərginin redaktoru və tərtibatçısı olmaq heç də asan iş deyil. Bu kitabın hər cildi gərgin çalışmaların, zəngin arxiv materiallarından geniş istifadə etməklə, bölgələrimizə çoxsaylı ezamiyyətlərdən toplanmış materiallar əsasında hazırlanıb. Ensiklopediyada həmçinin milli memarlıq tariximizin inciləri, qədim və müasir arxitektura tikililəri, habelə hələ layihə olan gələcək memarlıq nümunələri barədə də oxucuya gərəkli bilgi verilir.
“BBTİ tikinti kompleksimizin akademiyasıdır” kitabı isə paytaxt Bakı şəhərinin tikilib böyüməsində, müasir şəhərə çevrilməsində uca xidmətləri olan Bakı Baş Tikinti İdarəsinin çoxminli kollektivinin fəaliyyətinə həsr edilib. Kitabda müharibədən sonrakı ağır illərdə əhalini zirzəmilərdən çıxarmaq, “Novbə-86” və “Mənzil-2000” dövlət proqramlarının yerinə yetirilməsində Bakı inşaatçılarının fədakarlığı və müstəsna xidmətləri real faktlarla, çox şirin bir dillə nəql olunur.

Tanınmış siyasətçi, nüfuzlu dövlət adamı, müstəqil Azərbaycanın ikinci Baş naziri Rəhim Hüseynova həsr etdiyi “İşıqlı insan” kitabı da (Bəhram İbrahimovla birlikdə) müəllifinə ucalıq, üzağlığı və hörmət gətirib.
Onun yazdığı bütün kitablar faktlara söykənib və burada real həyat mənzərələrinin təcəssümü öz əksini tapıb və ən əsası o kitablar oxucunu razı salıb. Zərbalı bu uğura uzun və səmərəli əməklə nail olub. Çünki, o, çox zəhmətsevər jurnalistdir.
Zərbalıdan bəhs edərkən Marlo Morqanın bir kəlamını xatırlamamaq olmur: “Qan və sümük bütün insanlarda vardır. Fərqli olan ürək və niyyətdir”. Zərbalı böyük ürək sahibidir. Onu fərqli edən ən başlıca cəhəti də budur. Zərbalı aza qane olmağı bacaran, olanına şükür edən bir Kişidir. Deyirlər, Allah bölməyi bacaranları çox sevər. Bu kəlamın işığına üz tutsaq çəkinmədən “Zərbalı Allahın sevdiyi bəndələrindəndir” - deyə bilərik. O, son tikəsini də dostları ilə bölməyi bacaran gözü, könlü tox, necə deyərlər, əsil Əsilzadədir.
Mən bayaq “gözü gülər” ifadəsini heç təsadüfən işlətmədim. “Göz ürəyin aynasıdır” - deyib müdriklər. Zərbalının şəffaf, iri, təmiz, həmişə gülən gözləri onun saf qəlbinin, təmiz ürəyinin aynasıdır. Zərbalı insanda, cəmiyyətdə, vətənimizdə, dünyamızda gözəllik axtaran, onu hamıdan yaxşı görüb tərənnüm etməyi bacaran qalsız, qeybətsiz, kişiliyin bütün yaxşı xüsusiyyətlərini özündə birləşdirən bir insandır.
Mən heç şübhə etmirəm ki, əgər gecə saat 3-də belə Zərbalını tanıyanları, dostlarını yuxudan oyadıb, onun bircə cümlə ilə xarakterizə edilməsini istəsələr onun haqqında belə deyərlər: ”O, bir tamlıq simvoludur”.
Zərbalı Mirzə dost kimi də, ata kimi də, həyat yoldaşı kimi də, vətəndaş kimi də, jurnalist kimi də, baş redaktor kimi də, ləyaqətini, şərəfəni qorumağı, uca tutmağı bacaran kişi kimi də tamdır, bütövdür.

“İnsan ömrü bir hekayə kimidir. Nə qədər uzun olduğu deyil, nə qədər maraqlı olduğu önəmlidir”, deyib müdriklər. Yaşadığı bu 60 illik ömür yoluna dönüb nəzər salarkən yalnız yaxşı işlər görmüş, vicdanla yaşanmış ziyalı bir ömrün səhifələrini çevirməkdən qürur duyuruq. Bu gün dostumuz haqqında düşünərkən, nə yaxşı ki, sən bu ömrü belə yaşamağı bacaranlardan oldun, deməyə üzümüz var.
Yubileyin mübarək, əziz dost, sözün işığında yaşanan bu ömür yollarında hələ dostlarını, yaxınlarını, səni sevən insanları sevindirəcək, qürurlandıracaq, çox işlər görəcəyinə inanaraq deyirəm:
-Allah altmışını, yetmişini və bütün ömrünü öz mübarək qələmi ilə yazsın. Sən Allahın və dostlarının sevimli və mübarək bəndəsisən.

Elşən Qəni


Paylaş:


Müəllif : Tarix:
25-12-2019, 20:01
Sikayət   


loading...
Загрузка...