reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Büdcədə neftin qiyməti niyə 45 dollardan götürülür? - AKTUAL

reklam

Büdcədə neftin qiyməti niyə 45 dollardan götürülür? - AKTUAL


Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsi layihəsində neftin qiymətini 45 dollardan hesablayıb. Ölkənin əsas gəlir mənbəyinin “qara qızıl” olduğunu nəzərə alsaq, bu rəqəm gələnilki büdcənin əsas parametrlərini müəyyənləşdirir. Qeyd edək ki, cari büdcədə də neftin baza qiyməti 45 dollardan götürülüb.

Dünyada koronavirus pandemiyasının nisbətən sabitləşməsi, vaksinasiyanın sürətlənməsi, iqtisadiyyatların açılması və yanacağa tələbatın artması 1 il əvvəl kəskin ucuzlaşan neft qiymətlərinin sürətlə bərpa olunmasına şərait yaradıb. Hazırda Brent markalı neft dünya birjalarında 72-73 dollara satılır. Beynəlxalq maliyyə qurumlarının, aparıcı enerji şirkətlərinin bu sahədə 2022-ci ilə dair proqnozları nikbindir. Məsələn, Dünya Bankının proqnozuna görə, 2022-ci ildə neftin qiyməti 60 dollardan baha olacaq. “Wood MacKenzie” beynəlxalq konsaltinq şirkəti isə gələn il dünyada neftə tələbatın bu illə müqayisədə 4,5 milyon barel artacağını bəyan edib. Şirkətin proqnozuna görə, OPEK + ölkələri neft hasilatının 400 min barel artırılması qərarını 2022-ci ilin sentyabrınadək qüvvədə saxlayarsa, qiymətlərin indiki diapazonda, 70 dollar/barrel ətrafında qalacağı gözlənilir. Dünyanın ən böyük neft istehsalçısı olan Rusiya da 2022-ci ildə qlobal neft bazarının tam bərpa olunacağını gözləyir. Baş nazirin müavini Aleksandr Novak bildirib ki, bu il gündəlik qlobal neft tələbatının təxminən 5,8 – 6 milyon barel artacağı gözlənilir: “Ümid edirəm, bərpa prosesi 2022-ci ildə tam bitəcək“.

Qeyd olunan nikbin proqnozlara rəğmən Azərbaycan hökuməti hədsiz ehtiyatkarlıq nümayiş etdirərək neftin büdcə qiymətini böhran illərindəki həddə saxlayıb. 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.

Neft Fondunun gəlirləri 9.276.7 milyard manat, xərcləri isə 11.860 milyard manat təşkil edəcək. Yəni Fond neftin proqnoz qiymətindən (45 dollar) əldə edəcəyi vəsaitdən təxminən 2.8 milyard manat artıq vəsait xərcləyəcək.

Maliyyə Nazirliyi hökumətin ehtiyatlı siyasətinin məğzini izah edib və dünya bazarındakı qiymətlər, habelə hasilatda mümkün azalmalarla bağlı fors-major hallarında atacağı addımları açıqlayıb.

“Neft sektorunun dövlət büdcəsi gəlirlərində və ixrac daxilolmalarında xüsusi çəkisinin hələ də yüksək olması neft qiymətlərinin aşağı düşməsi və hasilatın azalması risklərinin hər zaman nəzərə alınmasını tələb edir. Ölkəmizdə neftin hasilatına təsir edə bilən faktorlar kimi neft quyuları üzrə ortamüddətli dövrdə nəzərdə tutulmayan əsaslı təmir işləri, qazma və hasiletmə üzrə fasilələr, habelə OPEC+ çərçivəsində ölkəmiz tərəfindən hasilatın məhdudlaşdırılması üzrə götürülə bilinəcək öhdəliklərlə bağlı risklər daxildir. Qeyd olunan amillər neft hasilatının həcminin 2-4 faiz azalmasına səbəb ola bilər”, – deyə nazirliyin məlumatında qeyd olunur.

Maliyyə Nazirliyi bildirir ki, neftin bir barelinin orta illik qiymətinin beynəlxalq maliyyə institutlarının və agentliklərinin proqnozlarından aşağı götürülməsi neftin qiyməti ilə bağlı risklərin qarşılanmasına xidmət edir:

“Hesablamalara əsasən neftin qiymətinin orta hesabla 5 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 milyard manat azalmasına gətirib çıxarır. Neftin bir barelinin satış qiyməti 25 dollaradək düşərsə, icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 milyard manat az olmasına səbəb ola bilər”.

Dövlət qurumunun məlumatında əlavə olunur ki, neft qiymətlərinin bir ildən yuxarı müddət ərzində baza qiymətdən 10 dollar və daha çox enməsi nəzərdə tutulandan əlavə borclanmanın və ya Neft Fondundan transfertin, yaxud da qeyd olunan hər iki tədbirin kombinasiyasının həyata keçirilməsini şərtləndirir:

“Xərclərin azaldılması ilk növbədə büdcə qanunvericiliyinə uyğun olaraq müdafiə olunmayan xərclərin – investisiya xərclərinin aşağı salınması hesabına təmin ediləcək. Göründüyü kimi, neft qiymətlərinin aşağı səviyyədə olması riskinin mitiqasiyası (azaldılması – red.) büdcə xərcləri hesablanarkən neft qiymətlərində konservativ yanaşmanı şərtləndirir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə “Press Klub”a şərhində Neft Fondunun gəlirindən 2.8 milyard manat daha çox olan xərcləməsinin mənbəyi haqqında danışıb. Onun sözlərinə görə, büdcədə neftin qiyməti 45 dollardan hesablansa da, Neft Fondunda real qiymət 60 dollar ətrafında götürülür: “Bu baxımdan, gəlirlər proqnozdan çox olacaq. Olmadığı təqdirdə belə, Neft Fondu axı dövlət büdcəsi deyil. Özü xəzinə funksiyasını daşıyır, ehtiyatlardan xərclənə bilər. Hökumət o proqnozu verirsə, deməli, şirkətlərin göstəricilərinə, yəni xərcləri, gəlirləri və mənfəətin bölüşdürülməsi nisbətinə əsaslanıb bu rəqəmi açıqlayır”.




Paylaş:


Müəllif : Tarix:
11-09-2021, 08:57
Sikayət   


loading...
Загрузка...