reklam
Regionxeberlericom.az » Cəmiyyət » 700 bal toplayan abituriyent olmadı -Nəticələr niyə aşağıdır?

reklam

700 bal toplayan abituriyent olmadı -Nəticələr niyə aşağıdır?
















Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 20 və 21 may tarixlərində keçirilən II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

20 və 21 may tarixli qəbul imtahanlarından ən yüksək nəticə göstərən abituriyent naxçıvanlı məzun Mikayıl Cəfərlidir. Naxçıvan MR Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu imtahanda II ixtisas qrupu üzrə 394.0 bal toplayıb.

Qeyd edək ki, Mikayıl 12 mart tarixində keçirilən buraxılış imtahanından da 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olmuşdu. O, hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə - 690.7 bal toplayıb.

Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini "AzEdu.az"la bölüşüb. “Mən 2007-ci il aprelin 18-də Şərur rayonu Kürçülü kəndində anadan olmuşam. Təhsil illərində müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanından 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuşam, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam. Digər bir uğurum isə 11-ci sinif buraxılış imtahanından 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticə əldə etməyimdir. İmtahanda riyaziyyat və ingilis dilindən 100 bal, Azərbaycan dilindən isə 97 bal topladım”.

Abituriyent, məqsədinin xaricdə təhsil almaq olduğunu vurğulayıb: “Azərbaycanda təhsilimə davam etmək qərarına gəlsəm, seçimim ya Azərbaycan Dövlət İqtisad Universiteti, ya da Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi ixtisası olar. Təhsilimi xaricdə davam etmək istəyirəm, bunun üçün İELTS və CELT imtahanlarında iştirak etmişəm. Bu imtahanlardan yüksək nəticə göstərərək Amerika Birləşmiş Ştatlarının 5 universitetindən qəbul dəvəti almışam. Lakin maliyyə problemlərim var. Eyni zamanda Türkiyə universitetlərinə də müraciət etmişəm. Əgər xarici dövlətdə oxuma şansım olsa, Azərbaycandakı təhsilimdən imtina etməyə hazıram”.

M.Cəfərli öz tövsiyələrini yaşıdları ilə bölüşüb: “Yaşıdlarıma tövsiyə edirəm ki, təhsil aldıqları müddətdə dünyagörüşlərini artıraraq, təhsili daha dərindən mənimsəməyə çalışsınlar. Çünki Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib edilən suallarda təkcə savad deyil, dünyagörüş də yoxlanır”.

Abituriyent sonda imtahan vermiş bütün şagirdlərə uğurlar arzu edib: “Mənimlə bərəbər imtahan verən bütün abituriyentlərə uğur arzu edirəm. Ümid edirəm ki, yüksək nəticə göstərərək istədikləri ali məktəblərə qəbul olunarlar”.

III ixtisas qrupu üzrə ən yüksək nəticə 392.5 bal, III ixtisas qrupu üzrə yüksək nəticə 679.3 baldır.

Təhsil eksperti Kamran Əsədov isə son bir neçə ilin imtahan nəticələrinə istinadən nəticələrin aşağı düşdüyünü deyib. Onun sözlərinə görə, tədrisin təşkilində yol verilən boşluqlar qəbul imtahanlarının nəticələrinə təsir edir: "Əvvəlki illərdə yüksək nəticələri olan liseylərin də nəticələri ürəkaçan deyil”. Nəticələri şərh edən ekspert deyib ki, II və III qruplarının imtahan nəticələri biri-birindən fərqlidir. Biri humanitar, biri texniki sahəyə aiddir. II ixtisas qrupu həmişə özünün yüksək olmayan nəticələri ilə diqqəti cəlb edib. II ixtisas qrupu üzrə coğrafiya, riyaziyyat fənninin test tapşırıqları imtahan nəticələrinə müəyyən qədər təsir edib. Onu da deyim ki, II ixtisas qrupunda tarixə aid olan ixtisas yoxdursa, tarix fənnini imtahandan çıxartmalıyıq. Bu il ali məktəb müəssisələrinə qəbul plan yerləri kəskin şəkildə artacaq. Deməli, yüksək hazırlıqlı deyil, orta və aşağı hazırlıqlı abituriyentləri daha çox ali məktəb müəssisələrinə qəbul edirik. Yekunda əmək bazarına mütəxəssis kimi deyil, sadəcə, diplomlu mütəxəssis kimi gəlirlər”.

DİA.AZ xəbər verir ki, II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələrini “Sherg.az"a şərh edən təhsil eksperti Elçin Əfəndi isə ötən illə müqayisədə elə bir kəskin fərq olmadığını, lakin bəzi göstəricilərdə builki nəticələrin daha yaxşı olduğunu deyib: “Lakin hər iki qrup üzrə açıqlanan nəticələrdə maksimum bal (700) toplayan abituriyent olmadı. Ümumiyyətlə, 2019-cu ildən üzü bəri yüksək nəticə göstərən abituriyentlərin sayında ciddi azalma müşahidə edilir. Təbii ki, 700 bal yığan abituriyent yoxdur deyə, ümumi imtahan göstəricilərini aşağı qiymətləndirmək də düzgün deyil. Sadəcə, kurikulum əsasında olan imtahan abituriyentlərin maksimal nəticə əldə etməsinə mane olur. Əgər imtahan sualları sadəcə qapalı və ya açıq tipli suallardan ibarət olsaydı, bir neçə abituriyent 700 ballıq göstəriciyə nail olardı. Hesab edirəm ki, plan yerlərində artım olarsa, daha çox abituriyent qəbul olmaq imkanı qazanar”.





Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 12:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər