reklam
Regionxeberlericom.az » Cəmiyyət » Təhsildə 60+ problemi və 20 min müəllimin taleyi... - Ekspertlər danışır

reklam

Təhsildə 60+ problemi və 20 min müəllimin taleyi... - Ekspertlər danışır


Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.


Bu, Milli Məclisin Elm və təhsil komitəsinin ötən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Qeyd edək ki, millət vəkili Vüqar Bayramov da bir müddət əvvəl 60 yaşı tamam olan müəllimlərin sertifikatlaşdırmadan azad olunacağı haqda danışmışdı. Deputat bildirmişdi ki, müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər. Deputatın sözlərinə görə, dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmağa cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə bilər.


Maraqlıdır, yaşı 60-dan yuxarı olan müəllimlər könüllü iştirak zamanı sertifikasiyadan keçməsə, işdən azad ediləcəkmi?


Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert qanunda ediləcək dəyişikliklərlə razılaşmadığını dedi: “Ölkədə dövlət ümumi təhsil məktəblərində təhsil verənlərin peşəkarlıq səviyyəsini, peşəyə yararlılığını yoxlamaq məqsədilə 2009-cu ildən sertifikasiyanın keçirilməsi "Təhsil haqqında" Qanunaa salındı. 30 aprel 2020-ci ildə Nazirlər Kabinetinin 155 nömrəli qərarı ilə dövlət ümumtəhsil məktəblərində çalışan, təhsil verənlərin sertifikatlaşma qaydaları tətbiq olundu. Bu qaydaların tətbiq olunmasına zərurət müstəqillik dövründən bəri müəllimlərin peşəkarlığının yoxlanılması ilə bağlı mexanizmin olmaması idi. 1994-cü ildə formal olaraq attestasiya keçirilmişdi. 2014-17-ci ildə isə ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilmişdi. Bu, müəllimlərin sertifikasiyaya hazırlığı ilə bağlı idi. Nəticə olaraq, sonradan müəllimlərin sertifikasiyalaşması başlanıldı.


Sertifikasiya zamanı bir çox müəllimlərin sosial şəbəkə üzərindən narazılıqları müşahidə olundu, hansı ki, bu narazılıqların heç bir əsası yoxdur, buna baxmayaraq, Elm və Təhsil Nazirliyi güzəştə getdi, metodika ilə bağlı sualların sayını 20-dən 10-a endirdi, ikinci güzəşt isə artıq müzakirə olunan məsələdir. Bir şeyi başa düşmək lazımdır ki, Elm və Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil. Sosial təminatla bağlı burada hər hansı sosial güzəştlər edilə bilməz. Söhbət burada təhsildən gedir, hansı ki, ölkənin əsas strateji sahəsidir. Təhsilin keyfiyyəti ölkəmiz üçün prioritet məsələdir. Bu gün 60 yaşdan yuxarı hansısa müəlliməyə güzəşt edilməsi yanlış addımdır. 60-dan yuxarı yaşı olan müəllim 5 il qeyri-peşəkarcasına sinifdə niyə dərs verməlidir? 40 işləyib, buna görə də əmək haqqı alıb. Yəni bu cür tendensiya və güzəştlərlə təhsildə hansısa nəticəyə gəlib, çata bilməyəcəyik. Bu baxımdan, qeyd olunan qərarın çox yanlış olduğunu düşünürəm və arzulayardım ki, qəbul olunmasın".


Ekspert qeyd edib ki, müəllim hər dərsə girəndə hazırlıqlı olmalıdır: “Əgər müəllim bir gün oxumursa, artıq geri qalır. Hər bir şəxs bilməlidir ki, ümumi təhsil sistemində çalışan hər kəs hər gün oxumalı, çalışmalı və onun peşəkarlığı ən yüksək səviyyədə olmalıdır. Heç kim övladının qeyri-peşəkar müəllim tərəfindən dərs verməsinə razı deyil. Digər tərəfdən, biz şərait yaradırıq ki, sistemdə yenə də qeyri-peşəkarlar qalsın.


O ki qaldı 60-dan yuxarı yaşı olan müəllimlərimizə, əlbəttə ki, onların arasında kifayət qədər peşəkar, qabaqcıl, nazirliyin fəxri fərmanları ilə təltif olunan müəllimlər var. Hətta deyərdim ki, sertifikasiyanın tələblərini ödəyənlərin də böyük əksəriyyəti elə 60-dan yuxarı yaşı olan müəllimlərdir. Təbii ki, aralarında zəif olanlar, üzərində işləməyənlər də var, hansı ki, onlar bu gün təhsil sistemimizə yükdür".


Ekspert qeyd edib ki, burada ikinci problem qeyri-ixtisaslı olan şəxslərin hələ də müəllim işləməsidir: “Sertifikasiya bu məsələlərə də aydınlıq gətirməlidir. Həmçinin digər problem - orta ixtisaslı şəxslərin müəllimliyə qəbul olunmasıdır. Orta ixtisası olan müəllimlər üçün dövlət proqramı tətbiq olunmalı, onlara ali təhsil almaq üçün şərait yaradılmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində təhsil sisteminə nəinki orta ixtisaslı şəxslər, hətta bakalavr təhsili olanlar qəbul oluna bilmir, onlardan magistr təhsili tələb olunur. Amma biz hələ də orta ixtisaslarla çalışırıq.


Təhsilimizin içərisində bu qədər problemlər olmasına rəğmən, az-çox ümid bəslədiyimiz sertifikasiya qaydalarını yumşaltmaq, güzəştlər etməklə özümüzü guya müəllimi istəyən tərəf kimi göstərməklə heç nəyə nail olmayacağıq. Başa düşmək istəmirik ki, hər şey, istər cəmiyyət, istərsə də dövlət tərəfindən atılan addımlar, fəaliyyətlər şagirdin maraqlarına xidmət etməlidir. Yumşaq olan qaydaların daha da yumşaldılması təhsilimizə heç bir töhfə verməyəcək, əksinə, mənfi təsir göstərəcək".


Təhsil eksperti Kamran Əsədov sertifikasiyanın olduqca zəruri və vacib bir proses olduğunu deyib: “Yəni bütün hallarda biz təhsil verənlərin bilik və bacarıqlarının yoxlanılıb ölçülməsini həyata keçriməliyik. İndiyə qədər sertifikasiya prosesi mövcud köhnə attestasiya olaraq nəzərdə tutulurdu. Attestasiyadan keçmə zamanı yalnız işçinin peşə uyğunluğu yoxlanılırdı, amma o qədər də keyfiyyətli alınmırdı. Sertifikasiya isə Azərbaycan təhsilinin inkişafı üçün çox zəruridir.


Hazırda ölkədə təhsil verənlərin mövcud bilik və bacarıqlarından təbii ki, razı deyilik. Çünki onlar uzun illər fəaliyyət göstərməklərinə baxmayaraq, öz üzərlərində işləmirlər. Müəyyən bir kontingent var, hansı ki, yaşı 60-dan yuxarı olan şəxslərdir və sayı çox deyil, onların sertifikasiyaya cəlb edilib-edilməməsi təhsil üçün böyük bir itki ola bilməz.


Qeyd edim ki, hazırda Azərbaycanda təhsil sistemində yaşı 60-dan yuxarı olan işçilərin ümumi sayı çox deyil. Hər il bir fənn üzrə minimum 300-400 nəfər müəllimin 60-dan yuxarı yaşı olur. Ümumilikdə 60-dan yuxarı olan müəllimlərimizin sayı 20 minə qədərdir. Nəzərə alsaq ki, hazırda ölkənin 4432 orta ümumi təhsil müəssisələrində 150 min müəllim var və onun 20 min nəfərinin yaşı 60-dan yuxarıdır, bu o qədər də ciddi faiz deyil və təhsil sistemimiz üçün hər hansı bir təhlükə yaratmır. Amma 20 min müəllimimizi sertifikasiya yolu ilə prosesdən uzaqlaşdırmağımız ciddi kadr çatışmazlığı yarada bilər.


Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, sertifikasiya 5 ildən bir olacaq. Bu amil onu deməyə əsas verir ki, 65 yaşında sertifikasiyadan keçmiş şəxsin bundan sonra maksimum 5 il işləmək imkanı var və düşünürəm ki, burada könüllülük tətbiq edilməlidir. Çünki müəyyən müəllimlər var ki, onlar 65 yaşdan sonra təqaüdə çıxır, sistemdə qalıb davam etmək istəmirlər. Hesab edirəm ki, o müəllimlər sertifikasiyada iştirak etməlidir ki, 65 yaşdan sonra ən azı bir neçə il qalıb işləmək istəyir. Bu baxımdan, 60 yaşdan yuxarı şəxslər sertifikasiyaya könüllü olaraq qoşulmalıdır. Burada vacib məqam ondan ibarətdir ki, yaşı 60-dan yuxarı olan şəxslərin sağlamlıqlarında müəyyən problemlər olur. Buna görə də onları gənclərlə eyni cür imtahan etmək, eyni imtahan sualları ilə yoxlamaq olmaz. Doğrudur, onlar eyni əmək funksiyası yerinə yetirə bilərlər, amma 60 yaşlı biri ilə 25 yaşlı şəxsi eyni suallar və alətlərlə yoxlamaq düzgün yanaşma tərzi deyil. Birmənalı şəkildə bu amili nəzərə almalıyıq".




Paylaş:


Müəllif : Tarix:
17-05-2023, 09:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər