reklam
Regionxeberlericom.az » Cəmiyyət » Restoranlarda gizli-aşkar qiymət artımı: - Lakin mane olmaq mümkün deyil

reklam

Restoranlarda gizli-aşkar qiymət artımı: - Lakin mane olmaq mümkün deyil



Hazırda restoranlarda qiymət artımı müşahidə olunur. Söhbət 10-15 faizlik bir artımdan gedir. Restoran sahibləri bu artımı obyektlərin karantin səbəbindən uzun müddət işləməməsi ilə əlaqələndirirlər.

“Ərzaq qiymətlərində də artım mövcuddur. Həm ərzaq qiymətlərində, həm də digər xidmətlərdə artım var. Ayrıca, işçilərin maaışlarını da qaldırmalı olmuşuq – işçilər əvvəlki illərdə verdiyimiz maaşa qane olmurlar. Buna görə də onlara əlavə maaş verməyə məcbur oluruq”, - deyə söhbətləşdiyimiz restoran sahibləri bildiriblər.

Çimərlik mövsümü başladığından, dənizkənarı kafe-restoranlardakı qiymətlərlə də maraqlandıq. Obyekt sahiblərinin dediklərinə görə, çimərliklərə gələnlərin sayı çox olsa da, hələlik heç bir qiymət artımına gedilməyib. Onlar həmçinin əlavə ediblər ki, yaxın vaxtlarda bəzi yeməklərin qiymətlərinin artması qaçılmazdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyevin AYNA-ya dediyinə görə, onun şəxsi müşahidələri kafe-restoranlarda ciddi qiymət artımının olmadığını göstərir: “Bəlkə, mən getdiyim kafelərdə qiymət artımı olmayıb. Bunu deyə bilmərəm. Mən hələlik üz tutduğum kafe və restoranlarda qiymət artımını müşahidə etməmişəm. Qiymət artımında bir neçə amili göstərmək olar. Birinci amil ondan ibarətdir ki, intensiv formada fəaliyyət göstərən və masaları hər zaman 80-90 faiz qonaqlarla dolu olan kafe və restoranlarda biznesin sürəti çox yüksək olduğu üçün onların qiymət artımına getməyə ehtiyacları yoxdur. Bu, o deməkdir ki, həmin restoran və kafelər tam gücü ilə işləyir. Həmin obyektlərin sahibləri də bilir ki, əgər onlar qiymət artımına gedərlərsə, qonaqlar onun obyektinə bir daha üz tutmayacaqlar. Çünki ölkəmizdə azad iqtisadiyyat və tələb-təklif qanunu var. Bu qanun da istənilən formada işləyir. Yetər ki, həmin yerlərdə yeməklərin keyfiyyəti, xidməti yaxşı, xərcləri isə münasib olsun”.

Deputat düşünür ki, qiymət artımı dəbdəbəli restoranlarda ola bilər: “Həmin restoranların səviyyəsi yüksək sifarişlər üçün nəzərdə tutulub. Belə restoranlarda biznesin sürəti az olduğuna və masaların 30-40 faizi dola bilmədiyinə görə orda qiymət artımı ola bilər. Çünki onlar işçilərin maaşını vermək, vergiləri ödəmək, icarədə olanlar icarə pullarını ödəmək məcburiyyət qarşısında qiymət artımına getməli olurlar. Bazar iqtisadiyyatıdır, bunu da başa düşmək lazımdır”.

“Biz hər dəfə üzümüzü dövlətə tutub deyirik ki, dövlət bu işə də qarışsın. Dövlət bu işlərə necə qarışsın axı? Dövlət bu məsələni necə tənzimləyə bilər? Axı, tələb-təklif qanunu var. Məsələn, İqtisadiyyat Nazirliyinin nümayəndəsi sahibkardan tələb etsə ki, bu qiymətlərlə işləmə, o zaman həmin kafe və restoranın aqibəti heç də yaxşı olamayacaq. Həmin sahibkarlar da xərcləri ödəyə bilmədiyi təqdirdə, öz obyektini bağlamalı olacaq. Burada heç bir alternativ görmürəm”, - deyə Quliyev vurğulayıb.

O, başqa bir məqama da toxunub: “Tələb-təklif qanunu var. Kənd təsərrüfatı və qida məhsullarının keyfiyyəti yaxşı, kəmiyyəti isə nə qədər çox olarsa, o zaman rəqabət qanunu işləyəcək və qiymətlər ya stabilləşəcək, ya da aşağı olacaq. Əvvəllər kafe və restoranlar birbaşa fermerlərlə işləyirdi. Biz qüsuru sahibkarda axtarmamalıyıq. Bunun kökünü araşdırmalıyıq. Statistikaya nəzər salsaq, əhalinin 40 faizdən yuxarısı kənd təsərrüfatı ilə məşğuldur. Amma inkişaf etmiş ölkələrdə 3-6 faiz insan kənd təsərrüfatı ilə məşğul olur. Həmin ölkələrdə həm texnologiyalar yüksək səviyyədədir, həm məhsuldarlıq çoxdur, həm də qiymətlər nisbətən aşağıdır”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə AYNA-ya şərhində deyib ki, kafe-restoranlarda hələ ilin əvvələrindən qiymət artımı gedir: “Kommunal qiymətlərdə artımlar baş verdiyi zaman biz bunun özünü digər sahələrdə göstərəcəyini qeyd etmişdik. Bunun ardından marketlərdə, bazarlarda qiymət artımlarını müşahidə etməyə başladıq. Bəzən bunu işbazların adına yazsalar da, əslində bu, təbii prosesdir. Belə vəziyyətlərdən sonra qiymətlərin artması gözlənilən idi. Ən bəsit bir nümunə deyim ki, kənd təsərrüfatı məhsulunun maya dəyərinin formalaşmasında yanacaq qiymətlərinin xüsusi çəkisi çox böyükdür”.

Müsahibimizin sözlərinə görə, hazırda ictimai iaşə obyektlərində baş verən bahalaşmanın əsas səbəblərindən biri adi infilyasiya meyllərinin artmasıdır: “Amma səbəb yalnız bununla bağlı deyil. Buna paralel olaraq ikinci bir amil var ki, restoranların qiymət diqtəsi üçün əla fürsət yarandı. Bu amil isə təlabatın kəskin artması deməkdir. Yəni müştəri bolluğunun qəfil inanılmaz dərəcədə yüksəlməsi restoranlarda böyük sıxlıq yaratmış oldu. Bunu biz hansı restorana baxsaq, müşahidə edə bilərik. Hətta şəhərkənarı restoranlarda, dənizkənarı ictimai iaşə obyektlərində maşın saxlamağa yer də yoxdur”.

“Belə olan halda - tələbatın kəskin artması fonunda qiymətlər restoranlar tərəfindən daha da artırıldı. Sual oluna bilər: niyə müştəri sayı birdən-birə bu qədər artdı? Cavab çox sadədir. Bir il yarımdan çoxdur ki, insanlar restoranların arzusu ilə yaşayırdılar, dostlarla, qohumlarla normal vaxt keçirə, ailəvi istirahət məkanlarına üz tuta bilmirdilər. Hazırda bu cür fürsət yaranıb, üstəlik bu, məhz insanların məzuniyyət götürdüyü, istirahət mövzümünün aktivləşdiyi bir məqama təsadüf edir. Buna görə də restoranlarda bu qədər müştəri sıxlığı və qiymət artımı müşahidə edilir”, - deyə mütəxəssis bildirib.

Bunun qarşısını almaq məsələsinə gəldikdə, Əmirov belə şərh verib: “Bəli, qarşısını almaq olar - sərt qadağalar, qiymət diqtəsi, birbaşa müdaxilələr və sairlə. Amma bu, iqtisadiyyatın ruhuna ziddir. Buna görə də qısamüddətli nəyəsə nail olmaq mümkün olsa da, uzunmüddətli dövr üçün faydasız olacaq. Hazırda ictimai iaşə obyektləri – kafelər, restoranlar bir-iki nəfərin əlində deyil ki, bunu inhisarçı yanaşma və ya sui-istifadə günahlandıraq. Saysız-hesabsız təsərrüfat subyektləri var və rəqabət şəraitində fəaliyyət göstərirlər, müştərilərin minlərlə restoran seçimi var. Belə olan halda restoranlara müdaxilə yanlış addım olardı. Hər müştəri öz büdcəsinə uyğun restoranlar sinfini seçməlidir. Biz hər zaman azad rəqabətli bazar deyirik. Hazırkı ictimai iaşə obyektərində isə bu mühit var. Onu pozmaq iqtisadi səhv olardı”.



Paylaş:


Müəllif : Tarix:
29-06-2021, 15:35
Sikayət   


loading...
Загрузка...