reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Sahibkarların aldıqları kreditlərə dövlət zəmanət verəcək, faizlərin yarısı subsidiyalaşdırılacaq” - Nazir müavini

reklam

“Sahibkarların aldıqları kreditlərə dövlət zəmanət verəcək, faizlərin yarısı subsidiyalaşdırılacaq” - Nazir müavini


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətovun “Repot”a müsahibəsi

- Samir müəllim, sahibkarlığa yeni dəstək mexanizmləri sahibkarlığın inkişafına nə verəcək?

- Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib. Belə ki, Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində dəyişikliklər edilməklə Fondun fəaliyyət istiqamətlərinə yeni mexanizmlər əlavə olunub. Bu mexanizmlərdən biri subsidiyaların verilməsidir.

Bilirsiniz ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixində təsdiq etdiyi Tədbirlər Planında Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 10 martadək kredit almış sahibkarlara 1 milyard manatlıq portfel üzrə faiz sybsidiyalarının verilməsi ilə bağlı bənd vardır. Həmin Tədbirlər Planında yeni veriləcək kreditlərə 500 milyon manatlıq portfel üzrə dövlət zəmanətinin verilməsi və faizlərin subsilayalaşdırılması da öz əksini tapıb. 10 mart tarixinədək kredit almış sahibkarlarla bağlı qeyd edim ki, panedimyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarımız bu kreditlərin faizlərin ödənilməsində müəyyən çətinliklərlə üzləşirlər. Dövlət də bunu nəzərə alaraq, onların aldıqları kreditlər üzrə 10 faiz bəndinin subsidiyalaşdırılmasını nəzərdə tutub. Sadə misalla qeyd edə bilərik ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkar 10 mart tarixinə qədər 18 faizlə kredit götürübsə, həmin kredit faizinin 10 faiz hissəsini artıq dövlət subsidiya şəklində ödəyəcək. Bununla bağlı 100 milyon manat həcmində vəsait nəzərdə tutulub. Bunun 50 milyon manatı dövlət büdcəsinin, 50 manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına həyata keçiriləcək. Bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq qaydalar hazırlanıb, aidiyyəti üzrə təqdim edilib və yaxın günlərdə təsdiq olunması gözlənilir.

İkinci mexanizm isə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması mexanizmidir. Bu mexanizm yeni veriləcək kreditlər üçün nəzərdə tutulub və ümumilikdə 500 milyon manatlıq portfeli əhatə edəcək. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, artıq sahibkarların banklardan manatla aldıqları kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək, faizlərin yarısı isə subsidiyalaşdırılacaq. Burda kreditin müddəti 3 ildən, faiz dərəcəsi isə 15 faizdən çox olmamalıdır. Beləliklə, sahibkarın kredit faizi 7,5 və daha az olacaq. Digər tərəfdən, aldıqları kreditlərin 60 faizlik hissəsinə dövlət zəmanəti veriləcək.

- Bütün bunların üstünlüyü nədən ibarətdir?

- Ən başlıcası, bu addımlar bir daha göstərir ki, dövlət daim sahibkarın yanındadıır. Üstünlüklərinə gəlincə, əgər sahibkarın girov yetərsizliyi varsa, layihəsini həyata keçirmək üçün girov qoymaq üçün əmlakı yoxdursa, yaxud da götürdüyü kreditə uyğun likvid dəyərli əmlakı yoxdursa, artıq dövlət kreditin 60 faiz hissəsinə zəmanət verəcək. Misal üçün, sahibkar 100 min manatlıq kredit üçün 60 min manatlıq hissəsinə dövlət zamin duracaq. Bu da sahibkarların kredit imkanlarına çıxışlarını daha da artıracaq. Hər iki mexanizmin tətbiq olunması sahibkarların yükünü azaltmaqla yanaşı, həm də bankların likvidlik problemlərini həll olunmasına müsbət təsir göstərəcək. Bilirsiniz ki, pandemiya ilə bağlı banklarda problemli aktivlərin həcmi arta və bununla bağlı risklər ortaya çıxa bilər. Yeni mexanizmlərin tətbiq olunması risklərin azaldılmasına müsbət təsirini göstərəcək.

- Dediniz ki, sahibkarlara veriləcək güzəştli kreditlərin müddəti artırılıb. Bu nədən irəli gəlib?



- Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin istifadəsi qaydalarına dəyişikliklər edilib. Bu dəyişikliklərdən biri də məhz uzun müddətli investisiya tələb edən sahələr üzrə kreditin müddətinin artırılmasıdır. Bu, əsasən kənd təsərrüfatına uzun müddətli investisiya tələb edən çayçılıq, üzümçülük, bağçılıq və digər sahələrdə tətbiq olunur. Həmin sahələrdə sahibkar investisiya layihəsini icra edərkən məhsulların bara düşmə dövrləri var. Misal üçün, üç ildən sonra bara düşə bilər. Fondun kreditləri isə kiçik, orta və iri həcmi kreditlər kimi təsnifləndirilib. Bilirsiniz ki, kiçik həcmli kreditlər 50 min manata qədərdir. Bu həcmdə olan kreditlərin müddəti isə 3 il idi. Orta həcmli, 50 min manatdan 1 milyon manatadək, kreditlərin müddəti 5 il, 1 milyon manatdan yuxarı olan kreditlərin müddəti isə 10 il idi. 50 min manata qədər 3 il müddətinə kredit almış sahibkar yeni qaydalara əsasən krediti 5 il müddətinə ödəyəcək. Təbii ki, kreditini 5 il müddətinə ödəyən sahibkar öz işini daha rahat şəkildə həyata keçirəcək. Çünki onun məhsulu bara düşmüş olacaq və o, öz məhsulunu sataraq kreditin qaytarılmasını rahat şəkildə həyata keçirəcək. Bu, sahibkarların çoxsaylı müraciətlərindən formalaşan fikir idi. Bu cənab Prezidentin sahibkarlar üçün daha effektiv formada kreditlərə çıxış imkanları yaradılması üçün növbəti addımı oldu. Bunun əsas üstünlüyü də ondan ibarətdir.

Daha bir yenilik isə, avadanlıqların alınmasına kreditlərin verilməsi və həmin avadanlıqların girov olaraq götürülməsidir. Bu mexanizmin mahiyyəti ondan ibarət oldu ki, sahibkarın daşınmaz əmlakı olmaya da bilər, ancaq o yeni istehsal və emal müəssisəsi qura, yeni avadanlıqlar alıb gətirə bilər. Onun girovla bağlı müəyyən çətinlikləri ola bilər. Bu qayda imkan verəcək ki, sahibkar gətirdiyi avadanlığı özü üçün həm güzəştli kreditlə alsın, həm də həmin avadanlığı girov olaraq qoysun. Bu da daşınmaz əmlakı olmayan sahibkarlar üçün böyük bir üstünlük əldə edilməsinə kömək edəcək. Yəni burada sahibkar həmin avadanlığını dəyərinin 20 faizini özü ödəməlidir, qalan hissəsini isə kredit şəklində cəlb edəcək. Əgər avadanlıq yerli istehsaldırsa, artıq sahibkar onun dəyərinin 10 faizini ödəyəcək. Bütün bu məsələlər sahibkarların təkliflərinin ümumiləşdirilmiş formada reallaşdırılmasıdır və sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasına yönəlib. Bilirsiniz ki, daha çox regionlarda fəaliyyət göstərən sahibkarımız kreditlərlə bağlı müraciət edərkən, onların girovla bağlı çətinlikləri olurdu. Çünki, adətən regionlarda banklara təqdim edilən girovların likvid dəyəri bir çox hallarda aşağı qiymətləndirilir. Onlar istədikləri məbləğdə krediti alması üçün kreditə təminat olaraq müəyyən girov təqdim etməlidirlər. Bütün bunları nəzərə alaraq, avadanlıq kreditinin özü də daha çox regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarını artıracaq.

- Elektron kredit platformasının hazırlanması işləri yekunlaşmaq üzrədir. Bu platforma hansı funksiyaları yerinə yetirəcək?

- Qeyd etdiyim kimi, 500 milyon manatlıq portfelin yerləşdirlilməsi üzrə dövlət zəmanətinin və faiz subsidiyasının verilməsi üçün yeni veriləcək kreditlər üzrə mexanizm və qayda hazırlanıb və yaxın zamanda təsdiq edilməsi gözlənilir, İqtisadiyyat Nazirliyi tərəfindən həmçinin, elektron kredit platforması yaradılır ki, sahibkar bu platforma üzərindən bu kreditlərin alınmasını həyata keçirəcəklər. Yəni sahibkarlar onlayn şəkildə sayt üzərindən müraciət edəcəklər. Bu isə, sahibkarlar üçün bərabər şəraitin formalaşmasına, güzəştli maliyyə resurslarına əlyetərliliyin artmasına, şəffaflığın səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaqdır.

Sahibkarın platformaya müraciəti ilə müvəkkil kredit təşkilatını seçəcək və həmin müraciətlər eyni zamanda həm Fond tərəfindən, həm də müvəkkil kredit təşkilatı tərəfindən eyni anda baxılacaq. Qısa vaxt ərzində sahibkarın müraciətinə cavab veriləcək. Artıq orada sahibkar həm kreditin məbləğini seçəcək, həm də müddət olaraq maksimum 10 gün ərzində sahibkarın müraciətinə baxılacaq və ona dövlət zəmanətinin verilməsi ilə bağlı qərar qəbul olunacaq.

- Burada sahibkarın üstünlükləri nədən ibarət olacaq?

- Artıq sahibkar heç yerə getmədən elektron şəkildə müraciəti edərək prosesi sona qədər izləyə biləcək. Sahibkar xəbərdar olacaq ki, onun müraciətinə necə gün müddətində baxılıb, Sahibkarlığın İnkişafı Fondunda və müvəkkil kredit təşkilatında baxılmanın nəticələrini görəcək. Bu, bütün sahibkarlar üçün həm operativliyi, şəffaflığı təmin edəcək, həm də daha tez müraciətə baxılması məsələsi öz həllini tapacaq ki, artıq sahibkarlar bank kreditlərinin və dövlət zəmanətinin alınmasında daha sürətli şəkildə imkanlar əldə etmiş olacaqlar. Hər iki mexanizm, həm faizlərin subsidiyalaşdırılması, həm də 500 milyon manatlıq portfel üçün yeni veriləcək mexanizm pandemiyadan zərər çəkmiş sahibkar üçün nəzərdə tutulub. Bu baxımdan, müraciət edən sahibkarın fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş sahə olaraq, hökümət tərəfindən müəyyən olunmuş iqtisadi fəaliyyət növünə aid olmalıdır. İndiki vəziyyətdə həmin sahibkarlıq subyektlərinin yenidən dirçəldilməsi, iqtisadi fəallığın artırılması məsələləri önə çəkilir.

- Heç şübhəsiz ki, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrə əlavə dəstək mexanizmləri bu sahədə sahibkarlığın inkişafına təkan verəcək.

- Tamamilə doğrudur. Uzunmüddətli investisiyalar tələb edən sahələrdə bu müddətin artırılması sahibkarlar üçün böyük dəstəkdir. Təbii ki, sahibkar götürdüyü krediti geri qaytarmalıdır. Müddətin artırılması sahibkar üçün geniş imkanlar yaratmış olacaq. Bu gün üçün tətbiq olunan mexanizm məhz ondan ibarətdir ki, sahibkarlar kreditlərin qaytarılmasında müəyyən çətinliklərlə üzləşməsinlər. Burada dövlət yenə də sahibkar, Fond və banklar arasında olan riskləri bölüşdürüb. Yəni kreditlərin geri qaytarılması məsələsi tənzimlənməlidir ki, Sahibkarlığın İnkişafı Fondu geri qaytarılan vəsaitləri yenidən sahibkarların maliyyələşdirilməsinə yönəldə bilsin. Bu baxımdan, kreditlər daha effektiv şəkildə qaytarılarsa, yenidən maliyyələşdirilməyə yönəldiləcək və daha çox sahibkar bu kreditlərdən bəhrələnmiş olacaq. Ümumiyyətlə, qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması ilə yanaşı, xüsusilə kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunu daha da artıracaq. Pandemiyanın mənfi təsirləri, infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq olunan məhdudiyyətlər iqtisadi fəallığın aşağı düşməsinə səbəb olmuşdur. Artıq elə bir vəziyyət yetişib ki, zərər çəkmiş sahələr yenidən dirçəldilməlidir. Yeni mexanizmlər, sahibkarlara faiz-subsidiya dəstəyinin göstərilməsi və dövlət zəmanətinin verilməsi iqtisadi aktivliyin yüksəldilməsinə müsbət təsirini göstərəcək.


Paylaş:


Müəllif : Tarix:
14-06-2020, 17:21
Sikayət   


loading...
Загрузка...