reklam
Regionxeberlericom.az » Cəmiyyət » Buraxılış imtahanları ilə bağlı qalmaqal: - günahkar kimdir?

reklam

Buraxılış imtahanları ilə bağlı qalmaqal: - günahkar kimdir?


11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticəsi ləğv edilə bilər. Belə ki, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahanla bağlı cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məqamlardan biri imtahandan sonra bəzi şagirdlərin sualları internetdə paylaşması olub.

Məsələ ilə bağlı DİM-dən lent.az-a bildirilib ki, belə hallara yol verən şagirdlər barkodlar vasitəsilə asanlıqla müəyyən edilir və onların imtahan nəticələri ləğv olunur: “Ona görə imtahanda iştirak edəcək şagirdlərə tövsiyəmiz odur ki, imtahan qaydalarına düzgün əməl etsinlər, əks təqdirdə, həmin şagirdlərin nəticələri ləğv olunacaq”.

Bəs suallar necə yayılıb?

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əliyev bildirib ki, proses sadələşdirilməlidir: “Proses onu göstərir ki, qəbul imtahanı çox sərtdir və insanlar bundan xilas olmaq üçün müxtəlif yollara əl atırlar. Ölkə prezidentinin 2013-cü ildə imzaladığı təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının əsas istiqamətlərindən biri budur ki, təhsil əlçatan olmalıdır. Lakin bu cür qəbul imtahanları ilə əlçatımlığın qarşısını alırıq. Biz prosesi sadələşdirməliyik ki, insanlara ali təhsil almaq əlçatan olsun. Şagirdlər birinci sinifdən on birinci sinfə qədər 100-ə yaxın imtahan verir. Bu ildən etibarən isə rus dili bölməsinə gedən uşaqlar bu dildən də imtahan verirlər. Sistem imtahan üzərində qurulub və bu, uşaqlar üçün psixoloji gərginlik yaradır. Ona görə də uşaqlar variantlar axtarırlar ki, bu yükdən xilas olsunlar. Dövlət İmtahan Mərkəzinin ciddi təhlükəsizlik qaydaları, yoxlamaları ilə həyata keçirdiyi imtahanlarda bu proses baş veribsə, indi görün insanlar hansı həddə gəlib çatıblar. Bəs bu necə baş verib? Ola bilər ki, şagirdlər razılaşıblar və hərəsi bir fənnin suallarını kitabçadan qoparıb, çölə çıxarıb. Məsələn, bir sinfin uşaqları düşünüblər ki, imtahanda 3 fənn var və hərəsi bir sual kitabçasından 1 vərəqi qoparmalıdır. Digər tərəfdən, mümkündür ki, öncədən ora başqa sual kitabçası təqdim edilib və imtahan rəhbərinə də bu kitabça təqdim edilərək, digəri çıxarılıb. Üçüncü ehtimal halı budur ki, əməkdaşlardan kimsə buna imkan yaradıb. Əslində bu hal olduqca ciddi məsələdir”.

Ekspert bildirib ki, indiyə qədər ölkənin imtahan sistemində bu cür hal olmasa da, oxşar hadisə baş verib: “2004-cü ildə mühafizəçi bunkerdən sualları çıxarıb, kənara ötürmüşdü. Ancaq indiki halda proses fərqlidir. Çünki digər bundan sonrakı tarixlərdə keçiriləcək imtahanların sualları eyni olmayacaq. Ancaq fərqli də ola bilməz. Çünki bu, sonradan imtahan verən şagirdlərin hüquqlarının pozulmasıdır. Baş verən proses göstərir ki, Dövlət İmtahan Mərkəzinin imtahan təşkil edən şəxsləri, nəzarətçiləri, rəhbərləri öz vəzifələrinin öhdəsindən gələ bilməyib, prosesə ciddi yanaşmayıblar, çox böyük səhlənkarlığa yol veriblər. Əslində Dövlət İmtahan Mərkəzinin bundan da çox auditoriyanı əhatə edən imtahanları olub. Onda isə belə bir hal baş verməmişdi. İmtahanda iştirak edən şəxslərin imtahan pulu dövlət tərəfindən ödənilir. Deməli, Dövlət İmtahan Mərkəzi sual kitabçalarını uşaqlara verməlidir. Ona görə verməlidir ki, imtahanda iştirak edənlərin daha sonra suallarının cavabını yoxlatmaları üçün əllərində bir sənəd olsun. Ancaq hazırda imtahanda iştirak edənlərə sual kitabçaları verilmədiyi üçün həmin şəxslər bundan məhrumdurlar.

Deyirlər ki, bu, sualların azlığına görədir. Ancaq yanaşma doğru deyil. Qəbul imtahanında sualları verirlər, buraxılış imtahanında vermirlər. Kifayət qədər sual bazası var və bunu əsas gətirib, sualları gizlətmək olmaz. Məlumat yayıblar ki, nəticələr ləğv ediləcək və sairə. Onsuz da gərgin olan bir dövrdə belə informasiyalar yayıb, insanları daha da pis psixoloji vəziyyətə salmaq lazım deyil. Buna görə abituriyentin cəzalandırılması da doğru deyil. Müdafiəçi zəifdirsə, hücumçu qolu vuracaq. Deməli, Dövlət İmtahan Mərkəzi işi düzgün təşkil edə bilməyib. Uşaqlar da bu boşluqdan istifadə edərək, istifadə ediblər. Abituriyentin yaddaş kitabçasında qeyd olunur ki, hansı hallarda nəticə ləğv edilə bilər. Ancaq orada məsuliyyətlə bağlı qeyd yoxdur. İndi deyirlər ki, nəticə ləğv ediləcək, həmin abituriyent ikinci imtahana buraxılmayacaq və sairə. Buna hüquqları yoxdur. Çünki məsələ ilə bağlı belə bir xəbərdarlıq edilməyib”.



Paylaş:


Müəllif : Tarix:
11-04-2019, 10:15
Sikayət   


loading...
Загрузка...