reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağdan gedən ermənilərə status verilə bilməz - ekspert danışır

reklam

Qarabağdan gedən ermənilərə status verilə bilməz - ekspert danışır


Ermənistanın siyasi dairələri və mediası son günlər Qarabağdan könüllü köçən erməniləri qaçqın, bəzən də məcburi köçkün kimi qələmə verir.

Hətta erməni sakinlərin gələcəkdə Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə mülkiyyət davası açması və təzminat tələb etməsi üçün iddia qaldıracağı bildirilir. Ancaq qaçqın və ya məcburi köçkün statusuna malik olmadan belə bir iddia ilə çıxış etmək mümkün deyil.

Çünki ermənilər 1988-1990-cı illərdə Ermənistanı tərk etmiş 300 min azərbaycanlıdan fərqli olaraq deportasiyaya məruz qalmayıb. Eləcə də, Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı aparılan etnik təmizləmə 800 min nəfərə yaxın məcburi köçkünün yaranmasına səbəb olub.

“Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən ermənilər isə Azərbaycan telekanallarına müsahibələrində öz evlərini könüllü tərk etdiklərini deyirlər. Üstəlik, Azərbaycan hökuməti onların geri qayıtması üçün müraciət edib. Ermənistan isə guya Qarabağdan 10 minlərlə dinc sakinin qaçqın, məcburi köçkün düşdüyünə dair məlumatlar yayır.

Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Qarabağdan Ermənistana köçən ermənilər bu addımı məcburiyyət qarşısında atmayıb. Ona görə də onlara qaçqın və ya məcburi köçkün statusu verilə bilməz.

Lakin ekspert hesab edir ki, Azərbaycana qarşı yönəldilə biləcək şantajın qarşısını almaq üçün erməni əslilli insanlarla təbliğat işi aparılmalı, onların əmlakı qorunmalıdır:

“Məcburi köçkünlük bir dövlətin vətəndaşlarının məcburi şəkildə həmin ölkənin daxilindəki başqa əraziyə yerdəyişməsidir. Qaçqınlar isə insanların bir dövlətdən başqa dövlətə məcburi şəkildə köçməsi və ya qaçmasıdır.

Həm məcburi köçkünün, həm qaçqının daimi yaşadığı yerdə həyatına, sağlamlığına hər hansı təhlükə yarandıqda oranı tərk etməli olan şəxslərdir. Qarabağdan Ermənistana köçən insanların qaçqın olub-olmaması sualı indi tez-tez səslənir.

Onların hansı statusu necə tanınacaq? Təbii ki, onlar məcburi köçkün sayılmır. Çünki bir dövlətdən başqa dövlətin ərazisinə keçiblər. Çox güman ki, bununla bağlı qərarı Ermənistan və beynəlxalq təşkilatlar verəcək. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələni araşdırıb hüquqi qiymət verəcək. Ona görə də Azərbaycan dövləti erməni sakinlərə öz evlərini tərk etməmək və onlara daimi yaşayış təminatı verməyə hazır olduğu barədə müraciət edib.

Azərbaycan xalqı da həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibə dövründə çox əziyyət çəkib. Gənclərimizi, əzizlərimizi itirməyimizə baxmayaraq, əhalinin böyük əksəriyyəti xalqımıza qarşı cinayət törətməyən ermənilərlə birgəyaşayışı qəbul edir.

Lakin ermənilərin bir hissi köçməyə üstünlük verib və bunu könüllü edib. Heç kim onların həyatına təhlükə yaratmır, erməniləri qovmur, əksinə, Azərbaycan polisi və əsgərləri onlara kömək edir, qida ilə təminatına dəstək verir. Belə olan halda harada yaşamaq erməni əsilli əhalinin öz seçiminə buraxılır.

Əgər erməni sakinlər Azərbaycan dövlətinin çağırışlarına baxmayaraq, Ermənistana və ya başqa ölkəyə getmək istəyirlərsə, bu onların könüllü seçimidir. Halbuki Birinci Qarabağ müharibəsi zamanı işğal olunmuş rayonların azərbaycanlı əhalisinin öz yaşayış yerlərini tərk edib daha təhlükəsiz yerə getmsinə ermənilər imkan vermirdi.

Azərbaycanlı məcburi köçkünlər yolda öldürülürdü, işgəncəyə məruz qalırdı. Amma erməni sakinlər könüllü şəkildə köçür və onların Ermənistana getməsi üçün 30 ədəd müasir, komfortlu avtobus ayrılıb.

Azərbaycan nə də sərhədləri bağlayıb onları məcburi saxlamır. Əlbəttə, insanlar arasında müəyyən inamsızlıq, qorxu hissi var. Onlar yaxşı başa düşür ki, uzun illərdir müharibə gedir, hər iki tərəfdən ölənlər var. Ermənilər ailə üzvləri, qohumları qətlə yetirilmiş azərbaycanlı məcburi köçkünlərin geri qayıdacağını bilirlər və bunu özləri üçün təhlükə hesab edirlər

Amma onlar könüllü şəkildə Ermənistana köçürsə, bu halda qaçqınlıq statusundan söhbət gedə bilməz. Onlar əmək miqrantı da hesab oluna bilər. Bu qərarı beynəlxalq təşkilatlar verəcək. Ona görə də Azərbaycan beynəlxalq təşkilatlarda güclü təbliğat aparmalıdır və bəyan etməlidir ki, dinc erməni əhalisi qovulmur və öz yaşayış yerlərini tərk etməyə məcbur edilmir.

Azərbaycan onlara birgəyaşayış təklif edir. Heç bir beynəlxalq təşkilatın əlində ermənilərin guya məcburi şəkildə çıxarıldığna dair heç bir arqument qalmamlıdır. Əlbəttə, reinteqrasiya ilk mərhələdə ola bilsin ki, çətin olacaq. Amma zaman keçdikcə, insanlar bir-birinə uyğunlaşacaq, inteqrasiya olunacaq.

Bütün hallarda seçim onların özünündür. Biz informasiya müharibəsində qalib gəlmək üçün faktları hazırlamalı və beynəlxalq təşkilatlara təqdim etməliyik”.

Əsabəli Mustafayev hesab edir ki, Azərbaycan erməni sakinlərin mülkiyyət toxunulmazlığını və öz evlərinə qayıdışını təmin etməklə onların yalançı iddialarını iflasa uğrada bilər:

“Mülkiyyət müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu heç kim onlardan almır. Ancaq Azərbaycan dövləti onların mülkiyyət hüququnun müdafiəsi üçün ermənilərə evlərini yandırmamaq barədə müraciət etdi.

Bu faktları biz saxlamalıyıq ki, gələcəkdə onlar Avropa Məhkəməsinə və digər məhkəmələrə müraciət edib yalandan deməsin ki, azərbaycanlılar bizim evlərimizi yandırdı, nəticədə, qaçmağa məcbur olduq.

Boşalan evləri, mənzilləri bir müddət qoruyub saxlamaq lazımdır. Hər boşalan evin qarşısında bir plakat asmaq lazımdır. Orada Azərbaycan və erməni dillərində yazılmalıdır ki, “Bu evin sahibi, qayıt gəl, evin səni gözləyir”.

Həmin plakatların şəkillərini çəkib bütün dünyada yaymaq lazımdır. Yəni informasiya mübarizəisnin müxtəlif üsulları var. Biz də bunlardan istifadə etməliyik. Əgər on minlərlə erməni beynəlxalq məhkəmələrə müraciət etsə, bizim üçün problem yarada bilərlər. Ona görə də indi ciddi hazırlaşmaq lazımdır.

Qeyd edim ki, Ermənistan Qarabağdan köçənlərin sayını şişirtməklə və onlara qaçqın deməklə beynəlxalq təşkilatlardan və erməni diasporundan pul qopartmaq istəyir. Çünki Ermənistanın onları saxlamaq üçün maliyyə imkanları yoxdur. İndi Ermənistan hakimiyyəti Qarabağ ermənilərinin adından istifadə edib pul qazanmaq istəyir”.





Paylaş:


Müəllif : Tarix:
30-09-2023, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər