reklam
Regionxeberlericom.az » Siyasət » Rusiyanın Xocalı NARAHATLIĞI ARTIR - Bakı Moskvanın PLANINI BİLİR

reklam

Rusiyanın Xocalı NARAHATLIĞI ARTIR - Bakı Moskvanın PLANINI BİLİR


Dünyada və Cənubi Qafqazda gedən son geosiyasi proseslər və hərtərəfli inkişaf baxımından dayanıqlılığın təmin olunması Azərbaycanın qarşısına qoyduğu prioritet məsələlərin daha tez həlli yolunda yeni imkanlar açır.

Ölkəmiz postmüharibə dövründə istər işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması, istərsə də regional və beynəlxalq layihələrin reallaşdırılması istiqamətində öz səylərini uğurla davam etdirir. Həm region ölkələri, həm də dünyanın aparıcı güc mərkəzləri də Azərbaycanın sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası və digər bu kimi məsələlərdə mövqeyini və irəli sürdüyü təşəbbüsləri kifayət qədər yüksək qiymətləndirirlər.

Lakin bütün bunlara rəğmən, məğlub Ermənistan hələ də öz destruktiv mövqeyini dəyişməyə tələsmir. Tamamilə iqtisadi tənəzzül və siyasi destabillik vəziyyətində olmasına baxmayaraq, bu ölkə hələ də təxribat xarakterli bəyanatlar verməklə sülhə və inkişafa aparan prosesləri əngəlləməyə çalışır.

Amma son hadisələr göstərir ki, məsələni saqqız kimi uzatmaq mövqeyindən çəkinməyən tək Ermənistan deyil. Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən gün Azərbaycan ordusunun qərarlaşdığı Fərrux yüksəkliyi ilə bağlı növbəti təxribat xarakterli bəyanatı Moskvanın Qarabağla bağlı mövqeyini açıb ortalığa qoydu.

Erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Rusiya hərbçilərinin Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirdiyini qeyd edən S.Lavrov bildirib:

"Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdırlar, bunu öz prioritetlərindən biri kimi saxlayırlar. Bu vəziyyətin deeskalasiyası baxımından "yerdə" müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq".

Azərbaycan XİN-dən Lavrovun bu uğursuz bəyanatına cavab özünü çox gözlətməyib: "Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur".

Azərbaycanın anında reaksiyası, görünür, Moskvada bir həyəcana səbəb olub. Elə bu səbəbdəndir ki, Rusiya XİN-nin saytında Lavrovun dediklərinə dərhal düzəliş edilərək başqa formada verilib: "Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Yoxsa başı Şərqi Avropada Ukrayna ilə bağlı müharibəyə o ki var qarışan Lavrov Azərbaycan ordusunun Fərruxdan çəkilməsi sualına "sonra müzakirə ediləcək" tipli cavab verdiyinin fərqində deyil?

Əslində isə buradan da çıxan nəticə belədir: Rusiyanın ən önəmli siyasətçilərindən hesab edilən S.Lavrov bu açıqlaması ilə bir nəbz yoxlaması keçirdi. O, Bakıdan hər hansı bir reaksiyanın gəlib gəlməyəcəyini müəyyənləşdirdikdən sonra bu istiqamətdə öz praktiki addımlarını hansı istiqamətdə atacaqlarını özləri üçün müəyyənləşdirmək niyyətində idi. Amma göründüyü kimi, Bakı Lavrovun bu uğursuz açıqlamasına dərhal reaksiya verdi. Moskvaya bir daha başa saldı ki, bu açıqlama "müttəfiq" adlandırdığın bir ölkəyə, regionda sülhdə maraqlı olan dövlətə yaraşmayan bir bəyanatdır.

Azərbaycandan verilən təpkidən dərhal sonra Rusiya tərəfi Bakını daha çox qıcıqlandırmamaq üçün bu açıqlamada dərhal düzəliş edərək bunun yanlışlıq olduğunu bildirdi. Amma həqiqət acı olar: Qarabağdakı proseslərlə bağlı Rusiyanın mövqeyi elə Lavrovun Fərrux kəndi ilə bağlı ilk açıqlaması qədərdir.

Ruslar nədənsə bu Fərrux dağı ətrafındakı məsələləri çox şişirdirlər. Belə təəssürat yaranır ki, Xocalı ilə bağlı rusun narahatlığı ermənidən çoxdur. Rusiya Qarabağ ərazisindəki yüksəkliklərə sahib olmaq və bu yüksəkliklərə yiyələnmək uğrunda həm 44 günlük müharibə dövründə, istərsə də ondan sonrakı mərhələdə çalışdılar ki, ermənilər bölgədəki bu yüksəkliklərdə mövqelərini qoruyub saxlasınlar. Bunun da səbəbi aydındır: həmin ərazilərdən Qarabağa və Zəngəzura nəzarət etmək mümkündür. Lakin Azərbaycan ordusu həmin mövqeləri götürərək o yüksəkliklərdə lazımı üstünlüyünü əldə etməklə Qarabağ və Zəngəzurdakı bir çox prosesləri çox yaxından müşahidə etmək imkanı əldə etdi.

Görünür, Rusiya tərəfi Azərbaycan ordusunun onların müvəqqəti nəzarət zonalarında hansı işlərlə məşğul olduğundan, nələr etdiyindən, işlərinin nədən ibarət olduğunu biləcəklərindən narahatdırlar.

Xatırlamaq yerinə düşər ki, Rusiya rəsmilərinin, xüsusilə Rusiya Müdafiə Nazirliyinin Xocalının Fərrux kəndindəki durumla bağlı açıqlamaları əvvəllər də Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olmuşdu. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi olaraq yaydığı bəyanatda qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: "Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib".

Rusiya Müdafiə Nazirliyi Azərbaycanı "atəşkəsi pozmaqda" ittiham edərək bəyan etmişdi ki, Azərbaycan hərbçiləri Fərrux kəndindən geri çəkilib. Rusiyanın atəşkəs barədə iddialarını "həqiqətə uyğun olmayan" adlandıran Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edərək silahlı qüvvələrinin geri çəkilmədiyini bildirmişdi.

Azərbaycan əsgərinin nəzarəti ələ keçirdiyi Fərrux kəndinin "Xankəndinə gedən yol" kimi qiymətləndirilir. Başqa cür desək, Fərrux kəndi etnik ermənilərin yaşadığı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Xankəndinə Azərbaycan hərbçilərinin "yolunu açdığı" üçün əhəmiyyətli hesab edilir. Buradan da Rusiyanı məhz bu yüksəkliyin niyə bu qədər narahat etdiyi qismən də olsa anlaşılmağa başlayır.

Yoxsa delimitasiyanın dövlət sərhədində aparıldığından Rusiyanın baş diplomatı xəbərsizdir?

Təbii ki, xeyr! İstənilən halda Lavrovun bu açıqlaması olduqca təəccüblü və qarışıqdır. Belə görünür ki, erməni jurnalistin sualına cavab verən Lavrov ya Fərruxun harada yerləşdiyini unudub, ya da Serbiyaya gedə bilmədiyi üçün aldığı ağır psixoloji zərbənin təsiri altındadır. Geosiyasi vəziyyət fonunda Rusiyanın Cənubi Qafqazda Türkiyə ilə birgə fəaliyyəti aktivləşdirmək istəyi və Ankarada Lavrov-Çavuşoğlu görüşündən sonra rusların baş diplomatının üçtərəfli razılaşmaların icrasını sürətləndirmək məqsədilə birbaşa İrəvana uçmasının ardından orada "bu məsələlər delimitasiya prosesində həllini tapacaq" açıqlamasının verilməsini yalnız erməni qoşunların çıxarılmasına aid etmək olar.

Nəzərə alsaq ki, Bakı üçtərəfli bəyanatlarla, Brüssel görüşləri ilə bağlı diplomatik təzyiqlərini durmadan artırır və bunu ABŞ-la Rusiya arasında Qarabağ üzərindən bölgədə "nüfuz müharibəsi"nin qızışdığı bir vaxtda edir, belə nəticə çıxır ki, Azərbaycan vəziyyətindən heç də məmnun deyil. Çünki Azərbaycan tərəfi yaxşı anlayır ki, Rusiya və Ermənistan siyasi dairələrindən edilən bu tip təxribatyönlü açıqlamalar əslində verilən bəyanatların, danışıqların, diplomatik təmasların aktiv şəkildə davam etdiyi bir zamanda məhz praktiki addımlara keçidi səngitmək məqsədi daşıyır.

Təcrübə isə göstərir ki, dalan dirənmiş danışıqları irəli götürməyin və praktiki mərhələyə keçidə zəmin yaratmağın yolu hərbdən keçir. Hadisələrin inkişafı buna ehtiyacı aktuallaşdırır. //Milli.az//




Paylaş:


Müəllif : Tarix:
10-06-2022, 13:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər