reklam
Regionxeberlericom.az » Siyasət » 5 ŞƏRT... 5 SAATLIQ GÖRÜŞ... - Bundan sonra NƏ OLACAQ?

reklam

5 ŞƏRT... 5 SAATLIQ GÖRÜŞ... - Bundan sonra NƏ OLACAQ?


Mayın 22-si Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüş Azərbaycanın sülh üzrə əsas prinsiplərinin təmin edilməsi ilə yekunlaşıb. 5 saat davam edən görüşdə danışıqlar və onun yekun razılaşmalarında “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib. Status məsələsi ümumiyyətlə olmayıb. Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb ki, bunu da Azərbaycan özü həmişə deyib və vətəndaş olacaq ermənilərin təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinib. Sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəlinib. O cümlədən, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması ilə bağlı razılıq əldə edilib. Məlumat üçün bildirək ki, Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü də olub. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib. Ölkə rəhbəri bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Dövlət başçısı iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini qeyd edib. Ölkə başçısı həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsinin vacibliyini bir daha vurğulayıb. Görüş barədə “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, görüşün 5 saatdan artıq davam etməsi liderlərin sülh müqaviləsinə baxışının konseptual yanaşmadan detallı müzakirələrə keçidini göstərir. Analitikə görə, üçtərəfli danışıqlar prinsip etibarı ilə əvvəlki razılaşmaların sürətli icrasına yönələn addımların dəqiqləşdirilməsi xarakteri daşıyır:

“Ümumilikdə istər Moskva, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə baş tutan müzakirələrdə nə “Dağlıq Qarabağ” ifadəsinə yol verilir, nə ATƏT-in Minsk qrupunun həmsədrlərinə istinad edilir. Nə də ki, hazırkı mübahisəli məsələlər mahiyyət etibarı ilə münaqişə kimi xarakterizə edilir. Deməli, artıq keçmişdəki təxribat elementləri yeni sənədlərdə və ya bəyanatlarda özünə yer tapa bilmir. Bu, Azərbaycan dövlətinin postmünaqişə dövründə diplomatik manevrlərini gücləndirən faktora çevrilir. Ermənistanın motoru isə soyuyub. İrəvan həmin mühərriki qızdıran “yanacaq” vasitələrindən məhrum olur ki, bu da Bakının şərtləri qarşısında boyun əyməsi ilə nəticələnir.

Şarl Mişelin görüşün yekunlarına dair mətbuata verdiyi açıqlamadakı istiqamətləri icmal şəklində təqdim edəndə də, Ermənistan üçün barmaq yeri qalmadığını görürük. Cənab Mişelin bəyanatındakı xətləri qısa tezislərlə qeyd edək. Birinci Qarabağ müharibəsində itkin düşmüş insanların taleyinə toxunulub. Azərbaycan-Ermənistan Birgə Sərhəd Komissiyasının birinci iclası sərhəddə baş tutacaq. Liderlər kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılıq əldə olunub. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Burada Laçın dəhlizi ilə paralel aparılmadan Zəngəzur dəhlizi önə çəkilir.

Sülh müqaviləsinin hazırlanması üçün xarici işlər nazirliklərinin nümayəndə heyətləri görüşəcəklər. Tərəflər iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəklər. Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək. Bu nüanslar istər Rusiya, istərsə də Avropa İttifaqının təşəbbüsü ilə əldə edilən bütün razılaşmaların mahiyyətini bir nöqtəyə birləşdirir və praktiki işlər üçün yeni fürsətlər pəncərəsi açır. Avropa İttifaqının duruşu onun uzunmüddətli və davamlı sülh üçün iradə nümayiş etdirdiyini göstərir.

Etiraf etmək lazımdır ki, istər ABŞ, istərsə də Rusiyadan fərqli olaraq Avropa İttifaqının Cənubi Qafqazdakı maraqları siyasi ambisiyalara deyil, daha çox iqtisadi əsaslara söykənir”.

Ekspert razılaşmanın bir bəndinin üzərində ayrıca dayanıb:

“Bir məqamdan müxtəlif spekulyasiyalar üçün istifadə edilə bilər. Söhbət Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizliyi məsələsindən gedir. Cənab Mişelin açıqlamasında bu mövzuya da toxunması əslində sırf Azərbaycanın maraqlarının ifadəsidir.

Onsuz da Azərbaycan öz ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir. Azərbaycan Konstitusiyasına əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Yəni ana qanunla müəyyən edilən bütün hüquq və azadlıqlar, vətəndaşlar üzərinə qoyulan vəzifələr onlara da şamil oluna bilər. Amma şərt var.

Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatının yalnız onların öz iradəsindən asılı olacağını söyləyə bilərik. Seçim onlarındır.

Ya Azərbaycan bayrağı altına keçəcəklər, yurisdiksiyasını tam qəbul edəcəklər, ya da üzlərini Ermənistana tutub suveren ərazilərimizdən çıxacaqlar. Azərbaycan dövləti nəhayətdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə öz tamhüquqlu suverenliyini bərpa edəcək”.




Paylaş:


Müəllif : Tarix:
24-05-2022, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər