reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan siyasətində Belarus qarşıdurması: - Siz kimdən yanasınız?

reklam

Azərbaycan siyasətində Belarus qarşıdurması: - Siz kimdən yanasınız?


Belarusda baş tutan prezident seçkiləri və ardınca yaşanan etirazlar, qarşıdurmalar Azərbaycan gündəmini də zəbt edib. Orada savaşan cinahlara münasibət bizim cəmiyyəti də cinahlara bölüb: Lukaşenkonu müdafiə edənlər də var, müxalif etirazçıları dəstəkləyənlər də.

ReAL Partiyasının üzvü, millət vəkili Erkin Qədirlinin sərgilədiyi mövqe isə müzakirələri daha da qızışdırıb. Onun “Belarus iqtidarının Azərbaycana münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur” fikri birmənalı qarşılanmayıb, təqdirlərə və tənqidlərə səbəb olub.

AYNA məsələyə siyasilərin münasibətini öyrənib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə hesab edir ki, heç bir dövlət digər dövlətin daxili siyasi məsələlərinə müdaxilə etməmlidir: “Hər bir dövlətin özünün kifayət qədər daxili resursları və ictimai potensialı var ki, öz problemini həll etsin. Belarus bu gün inkişafı ilə, problemlərini həll etməklə diqqət çəkən bir ölkədir. Daxili siyasi hakimiyyət məsələsi də Belarus cəmiyyətinin həll etdiyi bir məsələdir və nə cür həll edəcəkləri, kimi lider seçəcəkləri onların daxili işidir. Bizim üçün vacib olan Belarusla münasibətlərin yaxşı saxlanmasıdır. Bu münasibətlər təkcə bizə lazım deyil, həm də Belarusun özünə lazımdır. Çünki hər iki ölkə birgə layihələrdə iştirak edir, beynəlxalq aləmdə hər iki ölkənin milli maraqlarına xidmət edən addımlar atılır”.

“Bu baxımdan da hesab edirəm ki, hakimiyyətdə kimin olması bizim yox, Belarus seçicisinin ixtiyarında olan məsələdir. Azərbaycan Belarusun demokratiya sınağından uğurla çıxmasının, seçicilərinin maraqlarını öz fəaliyyəti hesab edən hakimiyyətinin olmasının və Azərbaycanla münasibətlərin diqqətdə olmasının tərəfdarıdır. Ona görə də mən həm Belarusun, həm də digər ölkələrin daxili siyasətində baş verənləri onların özünün daxili işi hesab edirəm”, - YAP-çı deputat deyib.

Ağ Partiya sədri Tural Abbaslı o fikirdədir ki, xarici siyasətdə dövlətlər hansısa prinsiplər əsasında fəaliyyət göstərir və o prinsiplərlə xarici siyasətlərini qurur: “Burada da yanaşma fərqli və müxtəlif ola bilər. Bu məsələdə əsas yanaşmalardan biri də odur ki, dövlətlərin daimi dostları yox, daimi maraqları olur. Erkin Qədirlinin fikirləri də bu aspektdən idi ki, Lukaşenko Azərbaycanın mövqeyini beynəlxalq aləmdə dəstəkləyən siyasət yürüdür deyə, bizim üçün o, daha əlverişlidir”.

Partiya sədrinin fikrincə, demokratik dəyərlərdən danışılırsa, bu dəyərlər müdafiə edilirsə, belə olan halda xalqın iradəsinə hörmətlə yanaşılmalı və xalqların seçdiyi lider və hökumətlərlə öz siyasətimizi qurmağa çalışmalıyıq: “Amma dünya siyasətinin də öz reallıqları var və görünən odur ki, dünyada da beynəlxalq və ümumbəşəri dəyərlər adlı məfhumlar utopiyadan başqa bir şey deyil. Böyük dövlətlər də ümumbəşəri dəyərlərdən yox, dövlət maraqlarından çıxış edir. Məsələn, ABŞ-a sərf edəndə hansısa avtoritar rejimi dəstəkləyir, sərf etməyəndə isə hansısa demokratik cərəyana dəstək çıxır”.

“Bu baxımdan da düşünürəm ki, Azərbaycanın da siyasi kursu bu istiqamətdə olmalı və maraqlarımıza qulluq edəcək siyasi kursları dəstəkləməliyik, nəinki, utopik dəyərləri və həmin dəyərlərin müdafiəçilərini. Çünki bizim üçün ilk növbədə Azərabycanın dəyərələri öndə olamılıdır. Bu baxımdan da Erkin Qədirlinin fikirlərinə haqq qazandırmaq olar”, - Abbaslı bildirib.

Ümid Partiyasın sədri İqbal Ağazadə isə fərqli mövqedədir. Hesab edir ki, diktatura rejimi Azərbaycanın dostu ola bilməz: “Azərbaycanın dostu demokratiyadır. Ona görə də biz çalışmalıyıq ki, dünyanın hər yerində xalqın arzularına qarşı gedən yox, xalqın arzularını qarşılayan adamlar hakimiyyətdə olsun. Mən Lukaşenkonun hakimiyyətdə olmasının bizə uğur gətirəcəyinə inanmıram. Çünki Belarusda dikatura rejimidir və Rusiya nə deyəcəksə, Belarus da onu təkrarlamağa məhkumdur. Əks təqdirdə, Rusiya həmin diktaturanı müdafiə etmək missiyasından imtina etmiş olacaq. Çünki kiçik diktatorun ipi böyük diktatorun əlindədir. Ona görə də Belarusda demokratik cəmiyyət olsa, o cəmiyyət bizi daha yaxşı müdafiə edər”.

“Bu gün Azərbaycanı Belarusdan çox Ukrayna dəstəkləyir. Ukraynada isə demokratiya hakimdir. Ən azından bundan nümunə götürmək və nəticə çıxarmaq lazımdır. Mən qətiyyətlə Belarusda Lukaşenkonun hakimiyyətdə qalmasını və bizim mənafelərimizə uyğun rejim olduğunu deyənlərə qarşıyam və bilirəm ki, Lukaşenko bizim cəmiyyətə xeyir verməyəcək və Azərbaycanla münasibətlər sistemində də demokratik prinsiplər bizə daha çox xeyir verər, nəinki, diktatura”, - Ağazadə vurğulayıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev də siyasət adamlarının dəyərləri müdafiə etməli olduğu qənaətindədir: “Biz Lukaşenkonun 26 il hakimiyyətdə qalmasına necə bəraət qazandıra bilərik? Hansı demokratik ölkədə bir adam 26 il hakimiyyətdə qala bilər? Ona görə də biz dəyərləri müdafiə etməliyik. Dəyərlər də azadlıqdır, demokratiyadır, seçki hüquqları və fikir müxtəlifliyidir”.

“Bəlkə, Lukaşenkodan sonra hakimiyyətə gələn şəxs Azərbayacan üçün daha faydalı olacaq? Yaxud, bir müddət sonra Lukaşenkonun Azərbayacana qarşı hansı mövqedə olacağını kim bilə bilər? Biz subyektiv amillərə deyil, obyektiv amillərə söykənib qiymət verməliyik. Lukaşenko öz millətinə xidmət edən adamdır. Hətta, bir gün Putinə dəstək verib imperialist dövləti də bərpa edə bilər. Bəs, onda necə olacaq?”, - VİP sədri sual edib.

Əliyevin fikrincə, bu gün parlamentdə oturan adamların bu cür açıqlamaları avtoritarizmi müdafiə etməkdən ibarətdir: “Məhz bu adamlar müxalifətin hakimiyyətə gəlməyə hazır olmadığını, Azərbaycanın inkişafının tədricən ola biləcəyini deyirdilər. İki-üç dənə kitab oxuyublar, özlərini hamıdan ağıllı sayırlar. Bu adamlar mandat alıblar, özlərinin ifadəsiylə desək, parlament müxalifətinə çevriliblər və sən demə, bunların niyyəti elə bu imiş. Elə ona görə də onlar prinsiplərə yox, fərdlərə söykənirlər”.

İctimai fəal Bəxtiyar Hacıyev də məsələyə demokratik prinsiplər çərçivəsində yanaşanlardır. O, Azərbaycan Parlamentində Belarusdakı saxta seçki nəticələrinə, dinc əhaliyə qarşı zorakılığa əl atılmasına etiraz edəcək, Belarus xalqının dinc etiraz hüququnu tələb edəcək deputat tanımadığını bildirib: “Bir balaca Qədirlidən gözləyirdim, o da durub dedi ki, “Lukaşenkonun Azərbaycana münasibəti yaxşıdır, müxalifətin necə olacağını bilmirik””.

“Düşünürəm ki, ən qısa zamanda Azərbaycanda siyasi partiyalar, vətəndaş cəmiyyətinin təmsilçiləri, ziyalılar arasından demokratik dəyərləri əsas götürənlər Belarus xalqına dəstək bəyanatı imzalamalıdırlar. Bəlkə də, indi bu, çox şeyi dəyişməyəcək. Ancaq gələcək üçün qalması baxımından və bu gün Belarusda küçələrdə öz haqlarını tələb edən, azad yaşamağı seçən insanlara böyük mənəvi dəstək ola bilər. Belarusda baş verənlərə Azərbaycan siyasi partiyaları, QHT-ləri, fəallar, ziyalılar müşahidəçi kimi baxmamalıdırlar. Ortaya mövqe qoymaq lazımdır”, - Hacıyev qeyd edib.


Paylaş:


Müəllif : Tarix:
14-08-2020, 15:20
Sikayət   


loading...
Загрузка...