reklam
Regionxeberlericom.az » Sosial » Həkim-əczaçı ittifaqının məcburi məsləhəti: - Hiylə, yoxsa məlumatsızlıq?

reklam

Həkim-əczaçı ittifaqının məcburi məsləhəti: - Hiylə, yoxsa məlumatsızlıq?


Məlum olduğu kimi, antibiotik müalicəsi təyin olunan pasiyentə, həkim paralel olaraq göbələk əleyhinə dərman da yazır. Bunu əksəriyyət zəruri tədbir kimi qəbul edir. Lakin heç də hər zaman zəruri və məsləhət deyilmiş...

Dermatoloq Vaqif Abdullayevin AYNA-ya verdiyi məlumata görə, hər antibiotik təyin olunanda göbələk əleyhinə dərman (Flukanazol) qəbul etmək lazım deyil: “Həkimlər bir qayda olaraq pasiyentlərə bunu göstəriş kimi yazırlar. “Disbakterioz (psevdomembranoz kolit) olacaqsan” deyirlərsə, ondan xilas yolu “Flukanazol” deyil. Bu dərman göbələk yarananda istifadə oluna bilər. Çünki heç kəs antibiotik qəbuluna görə göbələk infeksiyasına yoluxmur. Yəni həmin dərman göbələk əleyhinə profilaktik tədbir kimi istifadə oluna bilməz”.

“Həm həkimlər, həm də pasiyentlər məlumatlı olmalıdırlar. Dəfələrlə məcburiyyətin şahidi olmuşuq ki, xəstə göbələk əleyhinə preparat qəbul etmədiyinə görə, həkim tərəfindən tənbeh olunub. Bu, çox yalnışdır”, - həkim bildirib.

Maraqlısı ondadır ki, bəzi hallarda bir həkim çıxıb hansısa “olar” haqqında “olmaz” fikirini söyləyəndə ətrafda çoxmənalı reaksiya olur. Kimisi bunu cəsarətli çıxış, kimisi dərman firmalarına qarşı addım, kimisi də həmkarlarına qəsd kimi qiymətləndirir. AYNA əməkdaşı Vaqif Abdullayevin söylədiklərini nəzərə alaraq, kiçik araşdırma aparıb.

Həkim-pediatr Lalə Nəzərova bildirib ki, dermatoluqun qeydlərində məntiq var: “Geniş spektrli antibiotik uzunmüddətli istifadə edildikdə göbələk əleyhinə dərmanın istifadəsi lazımsızdır. Bunun əvəzinə prebiotiklərdən, probiotiklərdən istifadə olunmalıdır. Bu da onun üçündür ki, bu yolla bağırsaq mikroflorasının pozulmasının qarşısı alınsın. Qeyd etməliyəm ki, hər dərmanda olduğu kimi, göbələk əleyhinə adıçəkilən dərmanın da orqanizm üçün mənfi təsirləri olur. Müayinə olunduqdan sonra istifadəsi daha məqsədəuyğundur”.

Bəzi apteklərin əczaçıları ilə söhbət zamanı məlum oldu ki, bəzən alıcılar özləri göbələk əleyhinə dərman almaq istəmirlər. Yaxud bəzi reseptlərdə həkim təyin etmir, amma əczaçı özü məsləhət görür.

Adının çəkilməsini istəməyən əczaçının dediklərinə görə, bir neçə dəfə antibiotikin fəsadı ilə gələn alıcılar olub: “Açığı, biz bilməmişik ki, pasiyent antibiotikin təsirindən bu hala düşüb, ya başqa səbəb var. Axı, antibiotiklər də insan orqanizmi üçün fərdi təyin olunmalıdır, istifadədən qabaq sınaq edilməlidir. Amma pasiyent özü dedi ki, göbələk əleyhinə dərmandan istifadə etməyibmiş”.

Həmsöhbət olduğumuz bir pasiyentin sözlərinə görə, apteklər antibiotik və göbələk əleyhinə dərmanların satılmasını xüsusi stimullaşdırır: “Bir çox özəl apteklərdə, dərman firmalarının depolarında özlərinə məxsus antibiotik və göbələk əleyhinə dərman olur. Alınmayanda, istifadə edilməyəndə, vətəndaşları qorxudurlar ki, “içməsəniz, göbələk olacaqsınız, dırnaqlarınız ətinizə girəcək, qəbizlik yaranacaq” və s. Bu yaxınlarda anama bir aptekdə 5 ədə 50 mq-lıq “Flukanazol” satmışdılar ki, günaşırı qəbul etsin. Belə vicdansızlıq olarmı?”

Qeyd edək ki, adıçəkilən və geniş yayılan dərmanın (1 tablet) qiyməti 50 qəpiklə 7 manat 50 qəpik arasında dəyişir. Birincisi Rusiya, ikincisi Türkiyə istehsalıdır. Əczaçılar və həkimlər bu qiymət fərqini dərmanın keyfiyyəti ilə əlaqələndirirlər. Alıcıların əksəriyyəti isə müxtəlif qiymətli dərmanlar arasında heç bir fərqin olmadığını deyirlər.

Olan da pasiyentin cibinə olur. Çünki insanların beyninə yeridilmiş fikir var: bahalı olan məhsul daha keyfiyyətlidir.


Paylaş:


Müəllif : Tarix:
3-10-2019, 09:44
Sikayət   


loading...
Загрузка...