reklam
Regionxeberlericom.az » Mədəniyyət » Baba Vəziroğlu “TikTok”un bağlanmasının tərəfdarıdır - “Mənə deyirlər ki, sən Allah, Bilala bax...”

reklam

Baba Vəziroğlu “TikTok”un bağlanmasının tərəfdarıdır - “Mənə deyirlər ki, sən Allah, Bilala bax...”


“Sosial şəbəkələr çıxandan o qədər əxlaqsız sözlər, hərəkətlər, söyüşlər eşitmişəm ki... Üst-üstə yığsalar, ömrümün 50 ilində eşitmədiyim sözləri sosial şəbəkədə eşitmişəm. “TikTok”a əxlaqsızlıq məkanı kimi baxıram. Ona görə də izləmirəm. Bir müddət “TikTok” qadağan ediləndə, oradakı əxlaqsızlıq “İnstagram”a köçdü. Çünki belə şeylər özünə həmişə yer tapır. “TikTok” yenidən açıldı, amma “İnstagram”dan o əxlaqsızlıq hələ keçib getməyib. Vallah, dəhşətdir. “Facebook”da gözəl yazılar oxuyuram, amma loru dildə desək, “İnstagram”la “TikTok”a nifrət edirəm. Azərbaycanda “TikTok”un bağlanması üçün birinci əl qaldıran mən olaram. Birinci “TikTok”, ikinci “İnstagram” bağlansın. Vallah, cəmiyyətimiz belə vəziyyətdə deyildi. İnanın ki, mən keçmiş üçün ağlayan adamlardan olmamışam, realistəm, praqmatikəm. Amma bu dərəcədə cəmiyyətin əxlaqını pozan başqa məkan tanımıram. Gecə klubları, barlar, mehmanxanalar lokal bir şəraitdə müəyyən qədər cəmiyyətin əxlaqına ziyan vura bilərlər. “TikTok”la “İnstagram”ın auditoriyası milyonlardır axı…”

Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

B.Vəziroğlu bildirib ki, ümumiyyətlə, cəmiyyətin əxlaqının korlanmasında sosial şəbəkələrin “misilsiz xidmətləri” var: “Artıq insanlar qeyri-real məkanda yaşayırlar. Hara gedirəm, hamının əlində telefon... heç kim bir-birinin üzünə baxmır. Görüşdüyüm elə adamlar var, birdən-birə görüb deyirlər ki, Baba müəllim, sənsən? Halbuki məni neçə dəfə görüblər, telefondan başlarını qaldırıb üzümə baxmayıblar. Evə gəlirsən, telefon, işə gedirsən, telefon... Televiziya çəkilişlərinə gedirsən, görürsən ki, sənin gəlişini hiss etmirlər, elə hamının burnu telefona toxunur. Leninin bir sözü vardı: cəmiyyətdə yaşayıb, ondan kənar qalmaq mümkün deyil. Hamımız bu cəmiyyətin üzvüyük. Sosial şəbəkələr telefona yüklənilir. Amma baxır ondan kim necə istifadə edir. İstehsalatda bıçaq da buraxılır. Qatil bıçaqdan adam öldürməkçün istifadə edir, amma evdə eyni bıçaqla çörək də kəsirlər. Sosial şəbəkələrdən istifadə də, təxminən, belədir. Adam var ki, sosial şəbəkədə bədəninin əzalarını nümayiş etdirir, adam da var, yaradıcılıq işi görür, videorolikdə gözəl əsər düzəldir. “TikTok”u yükləmişəm ki, mahnılarımdan ibarət müəyyən videolar mənə göndəriləndə aça bilim. “Whatsapp” havayı yazışmaqdır, istifadə edirəm. Son illər bəstəkarların heç üzlərini görmürəm, çünki hər işi “Whatsapp”la həll edirik. Bəlkə də, ən yaxşı mahnılarımı sosial şəbəkələr çıxmamışdan əvvəl yazmışam. Sosial şəbəkələrin mənə, sadəcə, zaman baxımından xeyri olur, bəstəkarlarla, şairlərlə görüşə çox vaxt sərf etmirəm. Hətta kitabımı belə mətbəəyə sosial şəbəkə vasitəsilə göndərirəm”.

O, “TikTok”dan istifadə edən müğənnilərdən də söz açıb: “Bilal Əliyev “TikTok”da olmayana qədər onda abırlı bir adam obrazı var idi. “TikTok”a girəndən sonra özünü biabır, ifşa etdi. Mənə deyirlər ki, sən Allah, Bilala bax. Vallah, mən Bilalı normal, ciddi adam kimi qəbul edirdim. “TikTok”dan sonra ona üzüm tamam çöndü, münasibətim dəyişdi. İnsan 60 ildə qazandığı hörməti bir an içində necə itirə bilərmiş... Bilal Əliyev və “TikTok” bu mənada bariz nümunədir, əyani sübutdur. “TikTok”da sənət adamları yoxdur, saxta müğənnilərdir. Heç görmüsünüz ki, Alim Qasımov, Mənsum İbrahimov, Arif Babayev “TikTok”da olsun? Lap elə cavanlardan deyək, məsələn, Elnur Məmmədov, Çinarə... Ola bilər, kimsə onlarla bağlı rolik düzəldib yerləşdirsin. Amma çıxıb millətə söyüşlə dərs desin, “burama baxın, orama baxın”... Belə şeylər mümkün deyil axı. Düzdür, bunu ürəyimə salmıram, dünyaya inteqrasiya olunmuşuq, qapı-pəncərəmizi açmışıq, amma bizə daha çox pis, neqativ şeylər gəlir. Bunu direktiv rıçaqlarla, qadağalarla qapamaq mümkün deyil. “TikTok”u bir-iki gün bağladıq, bütün dünya üstümüzə şığıdı ki, Azərbaycanda demokratiya pozulur. Görün, birdəfəlik bağlasaq, Fransa Senatında nə məsələ qaldırarlar, Amerika Konqresində aləm bir-birinə dəyər. Müəyyən şeylər var ki, axına qarşı getmək olmur. Sadə insanların öz əxlaqı, tərbiyəsi çərçivəsində bütün bunlar nizamlana bilər. Mirzə Ələkbər Sabirin yüz il bundan əvvəl təsəvvür etdiyi cəmiyyətdən, icmadan, qövmdən çox uzaqlaşa bilməmişik. Həmin düşüncədəyik. “Nəsimi” filmində deyildiyi kimi, dünyada iki cür insan var: cahil və kamil. Bizim cəmiyyət hələlik cahillərin çoxluğundan ibarətdir. Bunu dana bilmərik. Nə qədər ki cahillər çoxluq təşkil edəcək, “TikTok”da əzalarını nümayiş etdirənlər də olacaq, “10 milyon izləməm var” deyən, bir mahnını abırlı-başlı oxuya bilməyən müğənni də özünü Xalq artisti elan edəcək. Nə qədər ki cəmiyyət kamilləşməyib, bunlar həmişə olacaq. Avropada bu, niyə yoxdur? Çünki kamil, mütləq həqiqətləri dərk edən insanlar orada çoxdur. Biz isə sivil dünyanın yalnız mənfi cəhətlərini götürməklə məşğuluq. Elmə, tərəqqiyə getmirik, texnologiyadan firavanlığımızı təmin etmək üçün deyil, əxlaqsızlığımızı sübut etmək üçün istifadə edirik. Düşüncəmiz kamil olsaydı, nə “TikTok”un, nə “İnstagram”ın qadağasına ehtiyac qalardı…”




Paylaş:


Müəllif : Tarix:
7-01-2023, 12:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər