reklam
Regionxeberlericom.az » Hadisə » Yol polisinin bezdirdiyi sürücü özünü doğradı

reklam

Yol polisinin bezdirdiyi sürücü özünü doğradı


"Yol polisləri canımı boğazıma yığmışdılar. Addımbaşı saxlayıb cərimələyirdilər, sonuncu dəfə yenə saxladılar, cərimə protokolu yazmaq istəyəndə dözə bilmədim, yerdən ucu kəsici kimi olan daş tapıb özümə xəsarətlər yetirdim”.
Tərtər sakini, 33 yaşlı Rövşən Rəhimli Meydan TV-yə danışır ki, ailəsini dolandırmaq üçün bu ilin aprelində rayondan Bakıya gələrək taksi xidməti şirkətlərindən birinə qoşulub. Avtomobil kirayələyib, gündəlik ödəniş etməklə taksi xidməti göstərməyə başlayıb. Ancaq yol polisləri onun idarə etdiyi avtomobili tez-tez saxlayaraq cərimələr yazıblar.

"Maşını aprelin 2-də kirayələdim. 15 gün ərzində yol polisləri mənə üst-üstə 590 manat məbləğində cərimə yazdılar. Hər dəfə cərimə yazmamaq üçün "şirinlik” istəyirdilər, bildirirdim ki, sizə verməyə "şirinliyim” olsaydı, ailəmi, uşağımı Tərtərdə qoyub, Bakıya işləməyə gəlməzdim. Heç kəs ev-eşiyini, ailəsini rayonda, kənddə qoyub paytaxta kefindən gəlmir. İmkan vermədilər işləməyə...

Addımbaşı saxlayıb 40, 50, 60 manat cərimə yazırdılar. Sübut edirdim ki, qaydanı pozmamışam, yenə də protokol yazırdılar”.

May ayında narazılıq elədim, məni Dövlət Yol Polis İdarəsinə çağırdılar. Getdim, dedim, məni qanunsuz saxlayıblar, sübut etmişəm ki, yol qaydasını pozmamışam, bununla belə, yol polisləri deyiblər: "saxlamışıqsa, cərimələməliyik”.

İdarə əməkdaşı məni bir otağa göndərdi, dedi, orada ərazi üzrə yoxlasınlar. Orada da dedilər: "Yol polislərinin sizi saxladıqları yerdə təəssüf ki, kamera olmayıb, əlində sübut olmadığı üçün cəriməni ödəməlisən”. Dedim: "Belə çıxır ki, harda kamera yoxdusa, orda yol polisi istədiyini edə bilər? Kamera yoxdursa, bütün hallarda sürücü günahkar çıxır”. Dedilər: "Get cəriməni ödə, başını sal aşağı, taksini sür, çörəyini qazan. 10 gündən sonra sənə bir də bildiriş göndərəcəyik, sizi cərimələyən insperktorda bəlkə görüntü var, olmasa, cəriməylə razılaşmasan, məhkəməyə verərsən,”- Rövşən Rəhimli deyir.

Mayın 25-də Nobel prospektində Rövşən Rəhimlinin idarə etdiyi maşını yenə yol polisləri saxlayıb, ona bildiriblər ki, avtomobili cərimə meydançasına aparacaqlar:

"Maşını vermədim, əl çəkmədilər, iki nəfər idilər, əlavə dörd nəfər yol polisi çağırdılar, iki nəfər də post-patrul əməkdaşı... Məni tamamilə özümdən çıxartdılar... Bir anlığa özümü öldürmək istədim. Həmin ərazidə qazıntı işləri aparılır. Qazıntıların içindən taxta parçası tapıb öz başıma zərbələr vurdum. Taxta başımda qırıldı. Polislər də bu vəziyyətimə tamaşa edirdilər. Bu dəfə yerdən ucu kəsici kimi olan daş tapdım. Boynumu, boğazımı, sinəmi kəsib tökdüm. Polislər axşan qan görəndə vəziyyətin ciddiliyi onlara çatdı. Tez daşı əlimdən alıb məni sakitləşdirməyə çalışdılar. Sonra özləri ilə polis bölməsinə apardılar. Orada-sorğu-sual etmədən bir neçə saat saxladılar. Sonra da "sabah prokurorluğa çağırılacaqsan”, deyib, bölmədən buraxdılar”.

Rövşən Rəhimli deyir, hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, heç yerə çağırılmayıb: "Gördüm ki, işləyib çörək qazanmağa imkan vermirlər, məcbur olub, maşını şirkətə qaytardım, özüm də Tərtərə qayıtdım. Uzun illərdir ki, işsizəm, bir övladım var, ailə durumumuz ağırdır. Rayonda iş yoxdur. Adamlar məcburiyyətdən paytaxta üz tuturlar, orada da adamları belə incidirlər. Yol polisləri elə bil yaxamı tanımışdılar, məni cərimələmək üçün bir-birlərinə ötürürdülər. Vətəndaş polisin gözünün qarşısında özünü doğrayır, onun vecinə deyil... Nə bir prokurorluq, nə bir başqa dövlət qurumu çağırıb soruşmur ki, ay vətəndaş, özünü niyə doğramısan, dərdin nədir, səni buna kim, nə məcbur edib?”

Rövşən Rəhimli deyir ki, bir aydan çoxdur ki, Dövlət Yol Polisinin "qaynar xətt”ni yığır, amma xətt gecə-gündüz "məşğul” göstərir. Dövlət Yol Polisindən bildirilib ki, məsələni araşdıracaqlar:

"Vətəndaş cərimə protokolu ilə razılaşmadıqda, protokoldan məhkəməyə şikayət edə bilər. Cərimələr vətəndaşın mobil telefonuna ismarıc şəklində göndərilir, o, həmçinin Dövlət Yol Polisi İdarəsinə yaxınlaşıb aydınlaşdıra bilər. Konkret bu məsələyə gəlincə, araşdırılacaq”.


Paylaş:


Müəllif : Tarix:
31-05-2019, 17:12
Sikayət   


loading...
Загрузка...