reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyadan gəlib bacısının evli sevgilisini yumruqlayıb öldürdü — “Cənnət bağı”nda qətl planı

reklam

Rusiyadan gəlib bacısının evli sevgilisini yumruqlayıb öldürdü — “Cənnət bağı”nda qətl planı


Masallı rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən rayon sakinləri - 1971-ci il təvəllüdlü Arzuman Abdinov və onun 1979-cu il təvəllüdlü qardaşı Mülayim Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlmata görə, Arzuman Abdinov 2014-cü ilin iyul ayının əvvəllərində Rusiyadan rayonunun Ərkivan qəsəbəsinə qayıdıb. O, geri döndükdə qonşusu Pünhan Şiriyevin bacısı Nargilə ilə mütəmadi telefonla danışıb, münasibət saxladığını öyrənib.

“Cənnət bağı”nda qətl planı

31 iyul 2014-cü il tarixdə saat 20 radələrində Arzuman özünün, qardaşı Mülayimin ailə üzvləri və Nargilə ilə birlikdə Masallı rayonunun İstisu istirahət zonasına “Cənnət bağı” restoranına gəlib. Arzuman və qardaşı yeyib-içdikləri və sərxoş olduqları vaxt Pünhan Şiriyev dəvət edilmədiyi halda yeməkxanaya gəlib. Pünhan onlarla bir masaya oturduqda Arzuman onun bacısı ilə görüşmək üçün gəldiyini düşünüb. Bu hərəkətdən qəzəblənərək Pünhanı öldürməyi qərara alıb.

Arzuman gecə saat 1 radələrində Ərkivan qəsəbəsinə, evə qayıtdıqdan sonra Pünhanın bacısı ilə münasibətləri barədə Mülayim Abdinova məlumat verib, onu öldürmək niyyətini bildirib. İki qardaş qətli razılaşdırıblar.

Öldüyünü düşündülər

Abdinov qardaşları söhbət etmək bəhanəsi ilə Pünhanın idarə etdiyi VAZ-2106 markalı avtomobilə əyləşiblər. Onlar Pünhandan Ərkivan qəsəbəsində yerləşən Su-Kanal İdarəsinin yanına sürməyi tələb ediblər. Yolda avtomaşında yaranmış mübahisə zamanı Mülayim bir neçə dəfə yumruqla Punhanın sifətindən vuraraq avtomaşını idarə etməkdən kənarlaşdırıb.

Bundan sonra sükan arxasına keçən Arzuman maşını Su-Kanal İdarəsinin yanına sürüb. Orada Pünhanı avtomobildən düşürüblər. Qardaşlar Pünhanı qəddarcasına döyüblər, yumruq və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbə vurublar. Pünhanın huşsuz vəziyyətə düşdüyünü görüb, onun öldüyünü düşünüblər.

Daha sonra Abdinov qardaşları Pünhanı huşsuz vəziyyətdə avtomobilin arxa oturacağına ataraq hadisə yerindən uzaqlaşıblar. Pünhanı avtomobilin arxa oturacağında oradan keçənlər tapıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu xəstəxanaya aparıblar. Xəstəxanada tibbi yardım göstərilsə də, Pünhanın həyatını xilas etmək mümkün olmayıb. Avqustun 10-da xəstəxanada vəfat edib.

Hökm verildi, narazılıq yarandı

Arzuman və Mülayim Abbdinov qardaşlarına Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğvini və daha yüngül cəza ilə əvəz edilməsini xahiş ediblər.

Pünhan Şiriyevin həyat yoldaşı da apelyasiya şikayəti verib. Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, Abdinov qardaşları barəsində daha ağır cəza təyin edilməlidir.

Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.

Ali Məhkəmə qərarı niyə dəyişdi?

Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Şikayətə bu günlərdə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə baxılıb və əsassız hesab edilib.

Ali Məhkəmə zərərçəkmişin hüquqi varisinin şikayətini təmin etməyib. Həmin dövrdə Abdinov qardaşları şikayət verməyib.

Bu səbəbdən hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiya Abdinov qardaşları ilə bağlı şikayəti araşdırmayıblar.

Abdinov qardaşları Ali Məhkəməyə bu günlərdə müraciət ediblər. Vəkilləri vasitəsi ilə yuxarı instansiyaya üz tutan Abdinovlar işə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini istəyiblər.

Mülayim Abdinov günahsız olduğunu iddia edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsinə tövsüf edilməsini istəyib.

Hər iki qardaşın şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub. Cinayət işi Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Etibar Camalovun icraatına verilib.

“Güzgüdən arxada oturan qadınlara baxmağa başladı”

Məhkəmədə ifadə verən Arzuman Abdinov özünü ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilməyib. Qeyd edib ki, özünü Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilib.

Arzuman Abdinov ifadəsində göstərib ki, mərhum Pünhanla münasibəti pis olmayıb, Pünhanın onun bacısıyla heç bir yaxın münasibəti olmayıb: “Bunu əminliklə deyə bilərəm. Bunlar hamsı yayılmış yersiz şaiələrdir. Zərərçəkmiş şəxs tərəf gedib başqalarının sözlərinə inanır. Lakin onlar bizə inanmalı idi. Çünki onlarla yaxşı münasibətdə olmuşuq. Pünhanın qardaşı Mülayimlə yaxın və yaxşı münasibəti olub. Bildirirlər ki, Mülayim orda olub. Lakin orda olmayıb. Çünki, onlar yaxın münasibətdə olmuşlar və Mülayim bilsəydi ki, Pünhanla dalaşmağa gedirəm, heç qoymazdı getməyə, qabağımı alardı. Pünhanı öldürmək niyyətim olmayıb. Orada tək özüm olmuşam. Yeyib-içməkdə olmuşuq. Oradan durub mehribancasına Pünhanın maşını ilə evə gəlmişik. Maşında gələndə Pünhan güzgüdən arxada oturan qadınlara baxmağa başladı, bu hərəkəti xoşuma gəlmədi. Evə gəldikdən sonra Pünhan maşında məni gözlədi ki, qalxıb paltarımı dəyişim, sonra pivə içməyə gedək. Paltarımı dəyişərək düşdüm. Gedəndə yolda dedim ki, o nə hərəkət idi edirsən, baxırsan arxada oturan qadınlara. Pünhanda da dedi ki, o nə sözdü deyirsən, biz qonşuyuq, yaxşı münasibətimiz var. Niyə elə söz deyirsən”.

“Dedim ki, içkilidir, yəqin mübahisə ediblər”

Digər təqsirləndirilən Mülayim Abdinov da ifadəsində özünü təqsirli bilməyib: “Hadisə baş verən günü “Cənnət bağı” kafesində olmuşuq. Arzumanı evə Zülfüqar aparmalı idi. Ora Pünhan gəlmişdi, Arzuman, bacım, həyat yoldaşım və uşaqlar Pünhanla gedəsi oldular. Şiqə zəng vurdum ki, gəlib onları aparsın. Şaiq dedi ki, obyektini saat 12-də bağlayacaq və o vaxt gələr. Sonra zəng vurdu ki, obyekti bağlayıram, 15 dəqiqəyə gəlirəm. Şaiq gəlmişdi və bizi götürmüşdü. Əvvəl Allahyar kəndinə, qayınanamgilə getdik, qayınanamın düşürdüb Ərkivan kəndində evimizə qayıtdıq. Evimiz Pünhanın atasıgilin evi ilə yan-yanadır. Evə gəldikdən sonra mal almaq üçün bazara gedəcəkdim. Evə çatanda bazara getməyə yarım saat vaxtı qalmışdı. Ev paltarımı dəyişdim, bazar paltarımı geyindim. Evdən çıxdım və gördüm ki, Arzuman ağ idman paltarında gəlir. Ondan soruşdum ki, hardan gəlirsən, dedi gəl gedək deyəcəm. Yuxarı qalxdıq, dedim ki, nə olub, Arzuman Pünhanla dalaşdığını bildirdi. Dedim ki, içkilidir, yəqin mübahisə ediblər. Arzumana dedim ki, gedirəm bazara, nə isə olsa deyərsən. Sonra bazara getdim”.

“Boynuma götürdüm ki, mən etmişəm”

Təqsirləndiriıən şəxs daha sonra əlavə edib: “Səhər Arzuman mənə zəng etdi, dedi ki, polislər gəliblər, deyirlər ki, axşam Pünhan sizlə olub. Dedim ki nə olub, gecə sən mənə ətraflı danışmadan. Dedi dalaşmışıq, mən çıxmıram. Məndə əziklər var, polislər biləcəylər. Ona dedim ki, eybi yoxdu, burdan çıxıb gedər polis şöbəsinə görsün nə olub. Bazardan çıxaraq polis şöbəsinə getdim. Yalandan müstəntiq Samirə danışmağa başladım ki, yemək yeyən zaman Pünhan bizim stola gəlib, ona sifətimi turşutmuşam ki, səni çağırmamışam, niyə gəlmisən. Bu səbəbdən aramızda mübahisə olub, dalaşmışıq. Boynuma götürdüm ki, mən etmişəm. Bundan sonra məni Masallı polis şöbəsinin müvəqqəti saxlama yerinə saldılar. Arzumana da dedim ki, narahat olma boynuma götürdüm”.

Apelysiya şikayətinin dəlillərini növbəti dəfə araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Aruzman Abdinovun cəzasının yüngülləşdirilməsi, Mülayim Abdinovun isə barəsində bəraət hökmünün çıxarılması barədə verdikləri apelyasiya şikayətləri təmin olunmayıb.


Paylaş:


Müəllif : Tarix:
17-04-2020, 09:52
Sikayət   


loading...
Загрузка...