reklam
Regionxeberlericom.az » Gündəm » “Proqress–2016” MTK-nın Qarabağ Qazisi ilə SAVAŞI... - NARAZILIQ VAR!

reklam

“Proqress–2016” MTK-nın Qarabağ Qazisi ilə SAVAŞI... - NARAZILIQ VAR!









Bu yaxınlarda redaksiyamıza Qarabağ qazisi tərəfindən “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov barədə şikayət daxil olub. Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxıb. Məsələ ilə bağlı hələ keçən ildən həmin vətəndaşlar bu şəxsi aidiyyatı orqanlara şikayət etsələr də, ortada real bir nəticə olmayıb.

İkinci Qarabağ Müharibəsi iştirakçısı Eynullayev Emin Əmənulla oğlu Bizimyol.info xəbər portalına müraciət edərək bildirib ki, adı çəkilən MMC-nin rəhbəri Emil Səməndərov tərəfindən ona və başqa vətəndaşlara qarşı dələduzluq edilib, ona satılan ev, həm də eyni zamanda, başqa vətəndaşlara da satılıb:

“Müharibə başlayanda, könüllü şəkildə getdim və çox yaxın bir dostuma burdakı işlərimi əmanət etdim. Dostumun adı Asim Rüstəmovdur. Döyüş əməliyyatları gedən zaman dostum mənə zəng etmişdi, ancaq telefonu aça bilməmişdim. Daha sonra özü ilə danışdıq. Mənə dedi ki, düşmə bir ev var, imkan varsa, o evi alaq. Mən də özünə dedim ki, evdə pul var, getsin pulu evdən götürsün, evi alsın, mən də inşallah sağ-salamat gələrəm. Dostum getdi, evi aldı. Daha sonra mən qayıtdım. Aldığım evə gedib baxanda, gördüm ki, orda ayrı bir telefon nömrəsi yazılıb. Mən də öz nömrəmi ora yazmışdım, yəni mənzil mənə aiddir, səhv düşməsin deyə. Amma gördüm ki, mənim nömrəmi siliblər, başqa nömrə qeyd ediblər, üstünə də yazıblar ki, “bura nömrə yazmayın”.

Mən də götürüb, həmin nömrə ilə əlaqə saxladım. Dedim: “qardaş, bəs mən ev almışam burdan, sənin nömrən də mənim evimin üzərinə yazılıb. O da dedi ki, həmin ev ona satılıb, ondan əvvəl də başqa birinə satılıb. MTK rəhbərinə problemi dedim, ancaq o, bunu üzərindən atmaq istədi. Daha sonra mən məsələni araşdırmağa başladım. Bununla bağlı əlimdə yetərincə sənədlər var, onları da sizin redaksiyaya göndərmişəm.

Həmin şirkətin adı “Proqress – 2016” MTK-dır. Direktoru da Səməndərov Emil Tofiq oğludur. Deməli, 16 mərtəbəli yaşayış binasıdır, 5-ci blok, 7-ci mərtəbə, 119,5 kvadratmetr olan 39 nömrəli, 3 otaqlı mənzil, kvadratı 450 azn olmaq şərtilə, əlli üç min yeddi yüz yetmiş beş (53775) manat olmaqla, əlimdə olan sənəd-müqavilə, maliyyə arayışı var. Ancaq Emil Səməndərov bu əməlini boynuna almadı. Şikayətim əsasında məsələyə müstəqil auditor cəlb edildi. Həmin müstəqil auditor da Musayev Adıgözəl Maqsud oğludur. Getdim, onunla görüşdüm. Mənə dedi: “Araşdırmama görə, mənzil nə sənin, nə də həmin o danışdığın adamın adınadır. Bu mənzil bir xanımın adınadır”. Ancaq xanımın adı yadımda qalmadı. Daha sonra Korrupsiya ilə Mübarizə İdarəsinə gəldim. Orda Kənan adlı müstəntiqlə danışdım. Mənzil alınıb 03.12.2020-ci il tarixdə. Mən də müharibəyə oktyabrın 5-də qatılmışam. Həmin müstəntiqə vəziyyəti izah etdim, dedim mənim evim yoxdur, olan-qalan pulumu yığıb qoymuşam evə, getmişəm müharibəyə. Dostum mənimçün ev alıb. Bununla bağlı mən gələndən sonra etibarnamə və evlə bağlı bütün mülkiyyət hüququ mənə verilib. Həmin söhbətdən sonra Emil mənə dedi ki, filan vaxt gedim, mənim pulumu qaytaracaq. Getdim, dedilər: “xəstədir, sabah gələrsən”. Daha sonra bir neçə dəfə də getdim, yerində olmadı, hərdən bir bəhanə gətirdilər. İndi həmin o Emil, daha sonra Kənan adlı o müstəntiqə zəng edirəm, deyirlər: “get, kimə şikayət edirsən, et, kimə yazırsan, yaz”. Mən də Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. DTX-dan mənə məktub gəldi ki, mənim müraciətim Baş Prokurorluğa yönləndirilib. Amma Baş Prokurorluqdan indiyə qədər heç bir cavab gəlməyib. Həmin müstəntiq Kənanla bağlı şikayət yazmışam, o şikayəti götürüb, onun özünə göndəriblər. Mənim haqqında şikayət yazdığım məktubu həmin adamın özünə göndəriblər ki, məsələyə baxılsın”,- deyə, Eynullayev Emin bildirib.

Şikayətçinin adını çəkdiyi müstəqil auditor Adıgözəl Musayevlə əlaqə saxladım. O da şikayətçinin dediklərini təsdiqlədi. Məsələ ilə bağlı Baş Prokurorluğa bir həftəyə yaxın müddətdir ki, sorğu göndərmiş olsaq da, qurumun Mətbuat Xidmətinin nümayəndəsi Kənan Zeynalov hələ də sorğumuzu cavablandırmayıb. O, dəfələrlə zəng etməyimizə baxmayaraq, sorğunu yazılı şəkildə göndərməyimizi istəyib. Bir neçə dəfə məsələ ilə əlaqədar yazılı sorğu göndərsək də, Baş Prokurorluğun məsul əməkdaşı sanki “susma orucu”na başlayıb və bu dələduzluq faktı ilə əlaqədar heç bir açıqlama – təsdiq, ya da təkzib məlumatı vermir. Hətta məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə daxil olmuş məlumata baxılması üçün Baş Prokurorluğa müraciət edilib. Həmin müraciətdə DTX tərəfindən Baş Prokurorluqdan vətəndaşın müraciətinə baxılması xahiş olunur. Şikayətçi ayrıca olaraq baş prokuror Kamran Əliyevə də müraciət edib, amma digərləri kimi bu müraciət də cavabsız qalıb.

Bizimyol.info




Paylaş:


Müəllif : Tarix:
8-02-2022, 12:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər