reklam
Regionxeberlericom.az » Gündəm » Rusların pomidorlu basqısı... - NƏ BAŞ VERİR?

reklam

Rusların pomidorlu basqısı... - NƏ BAŞ VERİR?

Xəbər verdiyimiz kimi, dekabrın 10-dan Rosselxoznadzor Azərbaycandan pomidor və almanın Rusiyaya idxalına müvəqqəti qadağa qoyub. Məlumatda deyilir ki, qərar fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə zərərvericilərin gətirilməsi və yayılmasının qarşısını almaq məqsədi daşıyır.

“Fitosanitar rifahı qorumaq, zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”, - məlumatda deyilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Rosselxoznadzor”un dekabrın 10-dan Azərbaycandan pomidor və almanın Rusiyaya ixracına qadağa qoyulması ilə əlaqədar qərarın öyrənilməsinə başlayıb, bu problemin həllinə ümid edir. Hazırda Rusiya Azərbaycandan alma və pomidor ixracı üzrə əsas bazardır.

Xüsusilə Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında 167 milyon 802,36 min dollar dəyərində 154,98 min ton pomidor ixrac edib. Bunun $166 milyon 600,8 min dollar dəyərində olan 152,212 min tonu, bütün ixracın 98,2%-i Rusiyaya ixrac olunub. 2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 14,8%, dəyər ifadəsində 17,7% artıb.

Həmçinin yanvar-sentyabr aylarında ölkəmiz 15 milyon 796,65 min dəyərində 37,613 min ton alma ixrac edib ki, bunun 34,955 min tonu Rusiyaya satılıb. Ümumilikdə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan alma ixracının 93,4%-i Rusiyanın payına düşüb.

Qeyd edək ki, son illər ərzində bir neçə dəfə belə hallar baş verib və bu Rusiyanın ilk belə davranışı deyil. Hələ ki Azərbaycan tərəfi rəsmi olaraq sözügedən məhsullarda zərərvericilərin aşkarlanmasını inkar edən bir fikir səsləndirməyib. Bəs görəsən, bu qadağanın siyasi səbəbləri varmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Rusiyanın bu addımının siyasi səbəbdən olması real deyil: “Rusiyanın indiki şərtlər daxilində bu yolla Azərbaycana siyasi təzyiq formalaşdırması üçün bir səbəb yoxdur. Rusiya sülhməramlıları Azərbaycana gəlib, bu dövlət öz şərtlərini diqtə edib. İndiki halda Rusiya ilə Azərbaycan arasında hazırda bu kimi qərarların qəbul edilməsini şərtləndirən bir mühit olduğunu düşünmürəm. Başqa bir məsələ, Rusiyanın nə qədər etibarlı tərəfdaş olmasıdır. Bu məsələdə bir əminliyim yoxdur. Hələ ki bizim dövlət qurumlarından konkret açıqlama verilməyib ki, bizim ixrac etdiyimiz almada və ya pomidorda Rusiya dövlət qurumlarının açıqladığı xəstəlik elementləri tapılıb ya yox. Bunun əks arqumentləşdirilməsi aparılmalı və bizim qurumlar da bununla bağlı açıqlama verməlidir. Bundan sonra daha yaxşı analiz edə bilərik ki, bu, siyasi səbəblərə dayanır, yoxsa iqtisadi? Ola bilər ki, həqiqətən də məhsullarda problem ortaya çıxıb”.

İqtisadçı vurğuladı ki, istənilən halda Rusiya etibarlı tərəfdaş deyil və sahibkarlar ənənəvi bazarlardan asılılığı azaltmalıdırlar: “Çünki normal institutların idarə etmədiyi ölkələrdə hər zaman bu kimi problemlər ortaya çıxır. Bu birinci dəfə deyil, Rusiya dəfələrlə siyasi səbəblərdən Azərbaycandan ixrac olunan məhsullara, xüsusilə də həssas məhsullara, saxlanma müddəti az olan kənd təsərrüfatı məhsullarına belə embarqolar tətbiq edib. Bu da Azərbaycanın kənd təsərrüfatında istehsal dövriyyəsinin pozulmasına səbəb olur. Ona görə də sahibkarlar ənənəvi bazarlardan və əlaqələrdən asılılığı azaltmağa çalışmalı, fərqli bazarlar axtarmalı, istehsal etdikləri məhsulun keyfiyyətini müvafiq standartlara yüksəltməyə çalışmalıdırlar. Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına qoşulmaqla, Avropa Birliyi ilə saziş imzalamaqla böyük bazarların azərbaycanlı sahibkarların üzünə açılmasını təmin edən mühiti formalaşdırmalıdır. Aqrar məhsulların 95 faizi Rusiya bazarına, onun da 70-80 faizi Moskva bazarına yönəlir. Bazar bu qədər məhduddur, bu şəraitdə qəbul edilən istənilən qərar Azərbaycan sahibkarının məhsulunun realizə edilməsi prosesini pozur. Nəticədə sahibkar məhsulu daxili bazarda realizə etməyə çalışmalıdır ki, burada da təklif artır, qiymət aşağı düşür. Bəzi hallarda, ümumiyyətlə, satış mümkün olmur, çünki daxili tələbatın da bir limiti var. İstənilən halda sahibkar itki ilə üzləşir. Bunun nəticəsində növbəti istehsal ilində sahibkarın öz vəsaiti hesabına investisiya etmək imkanları məhdudlaşır, əlavə investisiya etmək, biznesi genişləndirmək, innovasiya tətbiq etmək imkanları azalır. Bunun nəticəsi olaraq bütövlükdə iqtisadiyyatda və sahibkarların fəaliyyətində orta və uzunmüddətli dövrdə planlaşdırılan böyüməyə nail olmaq olmur”.

R.Həsənov hesab edir ki, bu mənada hökumət böyük bazarlara giriş imkanlarını təmin etmək üçün əlində olan alətlərdən istifadə etməlidir: “Təşviqlər, ÜTT və AB ilə əməkdaşlığın genişləndirilməsi məsələsini həll etməlidir. Maarifləndirici və təbliğat mexanizmlərinin effektiv işləməsini təmin etməlidir. Devalvasiyadan sonra Azərbaycan üçün əhəmiyyətli məsələlərdən biri məhsul ixracından ölkəyə valyuta axınının təmin edilməsi idi. Çox ciddi bir situasiya yaranmışdı. Bu şərtlər daxilində belə məhsulunu xarici bazarlara çıxartmaq istəyən fermerlərə, mikrosahibkarlara gömrük-keçid məntəqələrində problemlər yaradılırdı. Bu problemləri də aradan qaldırmaq lazımdır. Sahibkar da təşəbbüskar olmalı, ənənəvi istehsal, ənənəvi ixrac və ənənəvi bazar yanaşmasından əl çəkməlidir, fəaliyyətini şaxələndirməli, xüsusən də aqrar sahə kimi həssas məhsullarda alternativ variantlar olmalıdır. Məhsulun əkilib becərilməsi ilə realizə edilməsi arasında xeyli müddət var və bu müddət ərzində siyasi-iqtisadi konyukturun hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq o qədər də asan olmur. Bu səbəbdən sahibkarın hər zaman A, B, C variantları olmalıdır. Təəssüf ki, bizdə bu yoxdur”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
11-12-2020, 09:36
Sikayət   


loading...
Загрузка...