reklam
Regionxeberlericom.az » Gündəm » BNA-da Ziya Məmmədov təcrübəsi: - İnsanları narazı salan nəqliyyatçılar

reklam

BNA-da Ziya Məmmədov təcrübəsi: - İnsanları narazı salan nəqliyyatçılar


Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı narazılıqlar artır.

Sıravi vətəndaşlar, ziyalılar, şou biznes nümayəndələri, televizya aparıcıları, hətta deputat və diplomatlar da bu qurumun fəaliyyətini tənqid edir. Vəziyyət isə düzəlmək əvəzinə, daha da pisləşir. BNA rəsmiləri bütün narazılıqlara cavab olaraq ölkəyə 300 yeni avtobusun gətiriləcəyini bildirib, lakin onların nə zaman xəttə buraxılacağı belə məlum deyil. Qeyd edək ki, son məlumatlara görə, Türkiyə istehsalı olan 300 avtobusun 150 ədədi artıq ölkəyə gətirilib və hazırda BNA-nın dayanacağındadır. Amma maraqlıdır ki, “BakuBus” avtobuslarının da ölkəyə gətirilməsi ilə BNA rəsmiləri nəqliyyat probleminin aradan qalxacağını bəyan edirdi, amma gözlənilənlər olmadı.

2015-ci ildən sərnişinlərin istifadəsinə verilən “BakuBus” avtobusları qısa zaman sonra yollarda qalmağa başladı və hazırda bu marşurut avtobuslarında da problemlər mövcuddur.

BNA-nın səlahiyyətində olan digər sahə-dayanma-durma qaydalarının pozulmasına görə, avtomobillərə cərimə yazılması ilə bağlı da ciddi problemlər mövcuddur. Şəhərin mərkəz hissəsində avtomobil dayanacaqlarının təlabata uyğun olmaması, yəni infrastrukturun hələ də tam qaydaya salınmadığı bir vaxtda BNA-nın sürücüləri cərimələməsi ciddi narazılıqlara səbəb olur.

Hələlik son olaraq teleaparıcı Tarix Əliyev (Tolik) Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlini sosial şəbəkədə sərt tənqid edib:

"Mənə çox maraqlıdır, hörmətli Vüsal müəllim, bu qədər insanların narazılığını görürsünüz? Bu qədər insanın haqqını sizin o işçiləriniz yeyir, haram xoşları olsun. Mənim 20 manatım var, 100 dəfə də çəksələr, it aparan olsun, verəcəyəm pulu. Elə bilərəm, nəzir verirəm. Amma kasıbların maşınını çəkdiyiniz bəsdir. Camaat 20 manata evinə bazarlıq edib, aparıb balalarına yedizdirər! Mənə maraqlıdır, sizin maşınlarınızın adı heç BNA kameralarına tuş gəlib, yoxsa olmaz, rəisin qohumları, əqrəbaları xüsusi siyahıdadır?”

Bundan əvvəl də BNA müxtəlif səviyyələrdə tənqid olunub. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafa bir müddət əvvəl parlamentdə çıxışı zamanı BNA-nın məsuliyyətsiz bir quruma çevrildiyini deyib:

“Bakı Nəqliyyat Agentliyi dayanacaq olmayan yerlərdə park edən maşınların şəkillərini çəkib cərimə yazmaqla işlərini bitmiş hesab edir. Halbuki ən vacib məsələ piyadaların həyati təhlükəsizliyidir, bu xidməti isə göstərməyə laqeyd yanaşırlar. Ancaq ölkə prezidentinin və digər vəzifəli şəxslərin müntəzəm hərəkət etdiyi yollarda bu zolaqları vaxtında yeniləyirlər, şəhərin digər yerlərində isə buna əhəmiyyət vermirlər. Hələ çəkilən ağ boyanın keyfiyyətini demirəm. İçinə nə qatırlarsa, bir neçə həftəyə pozulmuş olur. Bu məsuliyyətsizlik piyada ölümlərinin və xəsarət almalarının sayını artıra bilər".

Tanınmış yazıçı, diplomat, Milli Məclisin keçmiş deputatı Xeyrəddin Qoca da bir müddət əvvəl BNA ilə ciddi problem yaşamışdı. Belə ki, Xeyrəddin Qocanın qızı övladını 20 nömrəli məktəbə qoyan zaman dayanma-durma qaydalarını pozub və BNA kamera görüntüləri əsasında ona protokol tərtib edib. Yazıçı isə sosial şəbəkələrdə bu məsələyə etiraz edərək bu protokolun qanunsuz olduğunu bildirib:

“Əvvəla, mən protokolun yazılmasına görə, etiraz etməmişəm. Protokol yazılıb, gedib ödəyərik. Mənim etirazım odur ki, BNA-nın səlahiyyətləri hələ nə Milli Məclis, nə də Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Amma BNA öz yaydığı açıqlamada bildirir ki, gündə 3000-4000 maşına protokol tərtib olunur”.

Qeyd edək ki, sözügedən hadisə bu ilin mart-ın 5-də günlərlə baş verib və açıqlama həmin zamana aiddir.

BNA-nın fəaliyyətini tənqid edənlər arasında ekspertlər də var ki, onlardan bəziləri, hətta bu qurumun ləğv olunmasını təklif edir. İqtisadçı-ekspert Samir İsmayılov da BNA-nın ləğv olunmasının tərəfdarıdır. S.İsmayılov BNA-nı “5-ci təkər”ə bənzədib:

“Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qurumun saxlanılması “beşinci təkəri” xatırladır. Fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib.

Belə görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkinq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.

Şou biznes nümayəndələri də BNA-nın fəaliyyətini mütəmadi tənqid edir. Müğənni Elvin Abdullayev də sosial şəbəkədə parklanma qaydasının pozulmasına görə 20 manat cərimə yazılmasını tənqid edib:

“Bakı Nəqliyyat Agentliyi (BNA) ağını çıxarıb. Dinc əhalini incitmək olmaz. Taksi sürücüləri nə qazanır ki, onları 20 manat cərimələyirsiniz? Ailə saxlamırsınız? Uşağınız yoxdur? İcazə verin ailə dolandıranlar halal pullarını qazansınlar. Dəxlisiz yerlərdə sərnişinləri düşürən-mindirən avtobusların xətlərini bağlayın, deyim, hə. Çəlimsiz, arıq 3-4 nəfər əlində taxta ilə sürücüləri qovur, utanmazlar. 20 manatı günlərlə işləyib, qazana bilməyən adamlar var”.

Bu siyahını kifayət qədər uzatmaq olar. Müxtəlif peşə, vəzifə sahibləri də var ki, BNA-nın bir qurum yararsız olduğunu deyir, ləğv olunmasının vacibliyini vurğulayır. Bu qurumu tənqid edənlər sırasında dövlət televiziyasının da olması vəziyyətin nə dərəcədə ciddi olduğunu açıq şəkildə göstərir.

Belə ki, Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan “Nəsillərin debatı” proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib. İyun ayının 27-də efirdə yayımlanan proqramda qurumun məsul əməkdaşlarının üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədikləri bildirilib. Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını və telefon zənglərinə belə, cavab vermədiklərini vurğulayıb:

“Çox maraqlıdır ki, biz Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarına dəfələrlə zəng vurmuşuq. Lakin onlar dəvət alsalar belə, verilişimizə gəlməkdən çəkindilər. Hətta onların “çağrı mərkəzi" (141 zəng mərkəzi-müəl.) də var ki, zənglərə cavab vermir. Hər hansı məsələyə aydınlıq gətirilməsini istədikdə, çəkinirlər, heç bir cavab vermək istəmirlər. Yəni biz çalışırıq ki, televiziya olaraq məsələni gündəmə gətirək, onların səlahiyyətində olan məsələlərə işıq salsınlar. Lakin problemlər çözülməmiş qalır".

Şikayətlərin, narazılıqların ünvanına çevrilən BNA isə hələ də öz “fəaliyyətindədir”. Ölkənin nəqliyyat sisteminə Nəqliyyat Nazirliyi nəzarət etdiyi zamanlar Ziya Məmmədov da məhz bu cür problemlərə görə gündəmə gəlirdi və nəticədə onun rəhbərlik etdiyi qurum ləğv olundu. Ziya Məmmədov ölkənin nəqliyyat sisteminə nəzarət etdiyi zaman onun “nəqliyyat qoçuları” adı ilə məşhurlaşan, taksilərin qəniminə çevrilən dəstəsi ölkə miqyasında ciddi narazılıqlar yaradırdı. İndi də BNA-nın fəaliyyəti eyni ilə Ziya Məmmədovun “nəqliyyat qoçuları”nın funksiyasını yerinə yetirir, hətta belə demək mümkündürsə, artıq onları belə keçib.

BNA niyə insanları narazı salmalıdır?

Nəzərə alsaq ki, yaranan narazılıq təkcə BNA-nı deyl, həm də ümumilikdə hökuməti hədəfə gətirir, problemlərin aradan qaldırılması üçün ciddi tədbirlər vacibdir. Hesab olunur ki, qısa zaman ərzində BNA ilə bağlı yekun qərar veriləcək. Vəzifələrinin öhdəsindən gəlməmək bir tərəfə, əlavə problemlər yaradan qurumun ləğvi və ya ciddi kadr dəyişiklikləri ilə yenidən formalaşması istisna edilmir.


Paylaş:


Müəllif : Tarix:
26-09-2019, 09:34
Sikayət   


loading...
Загрузка...