reklam
Regionxeberlericom.az » Araşdırma » Rus əsgərinin arxasından Putinə açılan atəş: Paşinyan Qərbin sifarişi ilə Kremlin imicini hədəfə alıb

reklam

Rus əsgərinin arxasından Putinə açılan atəş: Paşinyan Qərbin sifarişi ilə Kremlin imicini hədəfə alıb

Ermənistan və onun beynəlxalq himayədarları Rusiyanın beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurmağa çalışırlar; Prezident Vladimir Putinin avtoritetinin ermənilərin açdığı atəşdən qorunması artıq Rusiya dövlətinin taleyüklü probleminə çevrilməyə başlayıb...

Ermənistanda keçirilmiş parlament seçkilərindən qısa bir müddət sonra bu uydurma dövlətin baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmişdi. Səfər qeyri-rəsmi status daşıyırdı. Və Rusiya prezidenti Vladimir Putin erməni baş naziri elə qeyri-rəsmi şəraitdə, nahar süfrəsi arxasında qəbul edərək, ona bəzi önəmli mesajlar vermişdi.

Kreml sahibi erməni baş nazirin xalqdan aldığı dəstəklə siyasi iradə tələb edən addımların atılmasına hazır olmasının vacibliyinə eyhamlar vurmuşdu. Gözlənilirdi ki, bu "bol yeməkli görüş"dən sonra erməni baş nazir Rusiya prezidentinin böyük önəm verdiyi üçtərəfli anlaşmaların icrasına xüsusi həssaslıqla yanaşacaq. Və nəhayət ki, regionda sülhün, əmin-amanlığın hökm sürəcəyi mərhələnin əsası qoyulacaq.

Ancaq son baş verənlər onu göstərir ki, Kreml sahibinin süfrəsində yeyib-içən erməni baş nazir "rus duz-çörəyi"ni çox tez unudub. Hər halda, N.Paşinyan hazırda Rusiyanın maraqlarını zərbə altında qoya biləcək mövqedən çıxış edir. Yəni, onun açıqlamalarında və mövqeyində prezident V.Putinin eyham vurduğu "siyasi iradə tələb edən qərarlar"ın əlamətləri görünmür. Əksinə, belə anlaşılır ki, hazırda Kreml və rəsmi İrəvan üçtərəfli anlaşmaları artıq "fərqli dillər"də oxuyurlar.

Məsələ ondadır ki, indi erməni baş nazir bilmədiyi rus dilində danışmağa qətiyyən həvəsli deyil. Əksinə, indi o, ümumiyyətlə, anlamadığı fransız, Amerika ingiliscəsi və digər bir sıra Avropa dillərində danışmağa can atır. Görünür, avropalılar onun üçün "xüsusi poliqlot" hazırlayıblar. Və həmin "poliqlot"un sayəsində də erməni baş nazir Rusiyanın əleyhinə olan Qərb təmsilçilərinin dediklərini eynilə təkrarlaya bilir.

Məsələ ondadır ki, Moskvadan döndükdən sonra erməni baş nazir Kreml sahibi ilə müzakirələri barədə bir kəlmə belə, danışmayıb. Hətta Ermənistan mətbuatı da bu görüş və orada müzakirə edilən məsələlərin detalları barədə heç nə yazmır. Və bu, rəsmi İrəvanın Kreml ilə növbəti dəfə məsafə saxlamaq niyyətinə düşməsi kimi də yozula bilər.

Maraqlıdır ki, bunun tam tərsi olaraq, erməni baş nazir telefonla danışdığı istənilən yüksək rütbəli Qərb təmsilçisinin dilə gətirdiyi "pozucu tezisləri" dərhal əzbərləməyə çalışır. Məsələn, erməni baş nazir ilə telefonda danışan ABŞ dövlət katibi Entoni Blinken "status" mövzusunu və Minsk Qrupu həmsədrlərinin fəaliyyətini "diriltməyə" yönəlik fikirlər dilə gətirib. N.Paşinyan da dərhal Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə "status" mövzusunda müzakirələrə hazır olduğunu bəyan edib.

Eyni proses Fransa prezidenti Emmanuel Makronla erməni baş nazir Nikol Paşinyan arasındakı ünsiyyətdə də müşahidə edilir. Fransa prezidenti Cənubi Qafqazda davamlı sülhün yalnız Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə "status" müzakirələri nəticəsində mümkün ola biləcəyini iddia edir. N.Paşinyan da Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin dərhal bərpa edilməsinə çağırır.


Son olaraqsa, Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistana səfər edib. Fransız mənşəli bu avropalı da erməni baş nazir ilə eyni dildə danışıb. Şarl Mişel də N.Paşinyanı üçtərəfli anlaşmaları poza biləcək mövqeyə həvəsləndirib. Və N.Paşinyan da onun dediklərini eynilə təkrarlamaqla, Qərbin təlimatlarını yerinə yetirməyə hazır olduğunu təsdiqləyib.

Belə anlaşılır ki, ABŞ, Fransa və bəzi Avropa siyasi dairələri yalnız Azərbaycana deyil, ilk növbədə elə Rusiyaya qarşı həlledici mübarizəyə qərar veriblər. Hər halda, rəsmi İrəvanın üçtərəfli anlaşmaların icrasından yayınmağa həvəsləndirilməsi ilk növbədə Rusiyanın əleyhinə yönəlmiş addımdır. Çünki üçtərəfli anlaşmaların qarantı Rusiya prezidenti Vladimir Putinin həmin sənədlərin altında olan imzasıdır.

Ancaq son baş verən olaylar, Paşinyan hakimiyyətinin hərbi-siyasi təxribatları Rusiya prezidenti V.Putinin imzasının qarantor statusunu ciddi şübhə altına salır. Bunun belə olduğunu hətta Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlar da təsdiqləyir. Belə ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi Ermənistan ordusunun Şuşa şəhərinin şimal-qərbində atəşkəsi pozduğuna eyham vurmuşdu. Bu, o deməkdir ki, Ermənistan Rusiyanın təminatı altında olan üçtərəfli anlaşmaları növbəti dəfə kobud şəkildə pozub.

İndi Rusiya Müdafiə Nazirliyinə də, Paşinyan hakimiyyətinə də eyni sualı ünvanlamaq haqqı yaranır. Şuşanın şimal-qərbində Ermənistan ordusu nə axtarır? Həmin bölgə üçtərəfli anlaşmaya görə, hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətindədir. Belədirsə, Ermənistan ordusunun silahlı qrupları Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə niyə hələ də qalmaqdadır?

Üçtərəfli anlaşmanın 4-cü bəndinə görə, Ermənistan ordusu Azərbaycan ərazilərindən artıq çoxdan çıxarılmalıydı. Əgər, bu, baş verməyibsə, deməli, rus sülhməramlılar ya buna göz yumurlar, ya da erməni silahlı dəstələri onlara əhəmiyyət vermirlər.

Ancaq istənilən halda, bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin icra etdiyi missiyanın effektivliyini şübhə altına salır. Çünki, Ermənistan ordusu rəsmi İrəvanın təlimatı ilə Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazilərdən atəşkəsi davamlı olaraq, pozur. Rəsmi İrəvan isə bu pozuculuq fəaliyyətini ABŞ və Fransanın sifarişinə, dəstək vədlərinə əsasən davam etdirir.

Deməli, əsas hədəf yalnız Azərbaycan deyil, həm də Rusiyadır. Ermənistan və onun beynəlxalq himayədarları Rusiyanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Rusiya sülhməramlı qüvvələrinin missiyasını iflasa uğratmağa cəhd göstərirlər.

Ona görə də hesab etmək olar ki, Ermənistan ordusu Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənib, atəşkəsi pozarkən əslində, birbaşa Kremli hədəfə almış olur. Daha dəqiq desək, ermənilər rus əsgərinin arxasında gizlənib, məhz Rusiya prezidenti Vladimir Putinin avtoritetinə atəş açırlar. Bu baxımdan, prezident Vladimir Putinin ermənilərin açdığı atəşdən qorunması artıq Rusiya dövlətinin taleyüklü probleminə çevrilməyə başlayıb.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu




Paylaş:


Müəllif : Tarix:
17-07-2021, 22:23
Sikayət   


loading...
Загрузка...