reklam
Regionxeberlericom.az » Siyasət » Laçından Laçına gedə bilməmək dərdi... - Azı, 3 il də buna dözək?..

reklam

Laçından Laçına gedə bilməmək dərdi... - Azı, 3 il də buna dözək?..



Son məlumatlara görə, hazırda Laçın şəhərində 200-ə yaxın, Zabux kəndində 50-yə yaxın, Sus kəndində isə 15-20 erməni sülənir...

Fikir savaşı...

Şükürlər olsun ki, müstəqil(!) dövlətimizin uğurlu xarici siyasəti, müzəffər ordumuzun 44 günlük savaşı, şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına Ağdam, Kəlbəcər kimi Laçın rayonu da bir güllə atılmadan Azərbaycan dövlətinin nəzarətinə keçdi...

Allahdan şəhidlərimizə rəhmət, yaralı, xəstə qazilərimizə şəfalar diləyirik...

Fəqət, Laçın rayonunun hamısını nəzarətə ala bilmədik! 10 Noyabr üçtərəfli razılaşmasına əsasən rayonun mərkəzindən keçən Gorus-Laçın-Şuşa-Xankəndi yolu hər tərəfə hava xətti ilə 2,5 km olmaqla 5 km “dəhliz”lə bərabər Rusiyanın “sülhməramlı” adıyla gəlmiş hərbi kontingentinin nəzarətinə verildi...

Bu minvalla Laçın şəhəri, düz Gorus-Laçın yolunun üzərində yerləşən Zabux kəndi, şimal istiqamətində 5 km dəhlizə daxil olan Sus və Qarıkaha kəndləri, cənub istiqamətindən isə Ağanus və Kərəvuz kəndləri Rusiya ordusunun məsuliyyət zonasına düşüb. Həmin əraziyə Ermənistan tərəfindən bu qəsbkar ölkənin və Rusiyanın vətəndaşları, o cümlədən Ermənistanın və separatçı rejimin məmurları sərbəst buraxılır... Azərbaycan Respublikasının Kəlbəcər və Qubadlı istiqamətlərindəki ərazilərindən isə yalnız rəsmi Bakının xüsusi icazəsi olduğu halda hərbçilərimiz və digər vətəndaşlarımızın Laçın şəhərinə keçməsinə izn verilir. Cənub tərəfdən Ağanus kəndi, şimal tərəfdən isə Qarıkaha kəndindəki Rusiya hərbçilərinin qurduğu postlardan keçəndən sonra avtomobillərdə və ya əllərdə Azərbaycan bayrağı qaldırmaq olmaz. Eyni zamanda xüsusi icazə alan yerli və ya xarici jurnalistlər istisna olmaqla foto və video-çəkilişlər də qadağan edilir...

44 günlük müharibə nəticəsində Laçın şəhəri və “dəhliz” ərazisinə düşən adı çəkilən kəndlərin bir neçəsində qanunsuz olaraq məskunlaşmış hayların çoxu Ermənistana köçsə də, sonradan onlardan bir hissəsi geri qayıdıb. Erməni mənbələrinin yaydığı son məlumatlara görə, hazırda Laçın şəhərində 200-ə yaxın, Zabux kəndində 50-yə yaxın, Sus kəndində isə 15-20 erməni sülənir...

Razılaşmaya əsasən 3 il ərzində ermənilərin gediş-gəlişi üçün Şuşa və Laçın rayonları ərazisindən Ermənistana alternativ yol çəkilməlidir. Yəqin ki, yalnız bundan sonra Laçın şəhəri və sözügedən kəndlərdəki haylar Azərbaycanın həmin yaşayış məntəqələrindən çıxmağa məcbur olarlar. Hələki Rusiya hərbçiləri Laçın, Zabux və Susdakı ermənilərə dəyib-toxunmur. Laçın şəhərindəki və Sus kəndindəki haylar radikal, revanşist çıxışlar etmirlər, sakitcə başlarını girləyirlər. Onlardan fərqli olaraq XX əsrin əvvəlində xalq qəhrəmanı Sultanbəy tərəfindən tayqulaq erməni generalı Andranikin qoşununun darmadağın edildiyi Zabux kəndində sanki Azərbaycanın acığına hələ 2011-ci ildə Livandan gətirilmiş və tayqulaq sələfinin adını daşıyan Andranik Çavuşyan adlı qanunsuz “mer” irqçi və revanşist çıxışlar edir, bu kəndin onların vətəni olduğunu və buradan çıxmayacaqlarını söyləyir. Moderator.az dəfələrlə Zabux kəndi barədəki materiallarında bu livanlı terrorçunun davranış və çıxışları haqda yazıb...

Ağanus, Turşsu və Fətəlipəyə kəndlərində isə ermənilər yaşamasa da, Şuşa rayonunun qonşuluqdakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi(keçm. Kirov) kəndlərində isə haylar hələ də yaşayır. Bu günlərdə Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan 1991-ci ilədək erməni terrorçularının əsas bazalarından olan həmin kəndlərə səfər edib...

Hələki, azı, 3 il Laçın şəhəri və bəhs edilən kəndlərin əsl sakinləri –Azərbaycan türkləri doğma dədə-baba yurdlarına həsrət qalacaqlar...

29 il dözmüşük, 3-4 il də dözək. Yalnız Laçının yox, Yuxarı Qarabağda Şuşanın Malıbəyli, Quşçular, Qaybalı, Kosalar kimi bir çox kəndləri, Xankəndi, Kərkicahan, Xocalı, Ağdərə və s. məntəqələrimizdə yaşamış soydaşlarımızda hələ qeyri-müəyyən dövrədək yurdlarına ayaq basa bilməyəcəklər...

İnşallah, ağıl, səbir, təmkin, güc və iradəmizlə o yurdlarımıza da sahiblənəcəyik. Amma düşmənlərin həmin yurdlardakı əməlləri qarşısında susmamaq, onları qeydə alıb ictimailəşdirmək şərti ilə...

Sultan Laçın //moderator.az//


Paylaş:


Müəllif : Tarix:
18-05-2021, 13:38
Sikayət   


loading...
Загрузка...