reklam
Regionxeberlericom.az » Cəmiyyət » Marketlərə edilən "basqın" - ƏHALİNİ QORXUDAN NƏDİR?

reklam

Marketlərə edilən "basqın" - ƏHALİNİ QORXUDAN NƏDİR?


Ötən həftə sonu koronavirus pandemiyası ilə bağlı iki günlük sərt karantin rejiminin tətbiq olunacağı xəbəri əhali arasında ajiotaj yaratdı. Həftənin cümə günü əhali səhər tezdən marketlərə axın etdi. İki gün üçün hətta 20-30 çörək alanlar oldu. Bundan başqa, paytaxt sakinləri yumurta, süd, tərəvəz, ümumiyyətlə, ərzaq və təmizlik vasitələrini də ehtiyaclarından dəfələrlə çox aldı. Nəzərə alsaq ki, növbəti həftələrdə də sərt karantin rejimi tətbiq oluna bilər, bu cür vəziyyətin yaşanmaması üçün nə etmək olar?

Əhalidə yaranan bu təlaşın səbəbini necə izah etmək olar və ehtiyacdan artıq alış-veriş etmək büdcəyə necə təsir edir?

Deputat, iqtisadçı-alim Vüqar Bayramov Lent.az -a açıqlamasında bildirib ki, həftə sonunda karantin rejimi tətbiq edilən bəzi ölkələrdə də oxşar problemlər müşahidə olunmuşdu: “Həftə sonu çölə çıxmaq qadağası tətbiq olunan bəzi ölkələrdə də vətəndaşlarlar cümə günü daha çox ərzaq almağa can atırdı. Məsələn, Türkiyədə də ilk vaxtlar həftə sonunda karantin tətbiq ediləndə bu hallar müşahidə olunurdu. Daha sonra vəziyyət praktiki olaraq aradan qaldırılıd. Bu halların baş verməməsi üçün vətəndaşlar arasında maarifləndirmə çox vacibdir. Müşahidələr göstərir ki, bir vətandaş hətta həftə sonu ehtiyacından, istehlakından daha çox ərzaq məhsulları alıb. Karantin iki günü əhatə edirdi və bazar ertəsindən yenidən mağazaların fəaliyyətə başlayacağını nəzərə alsaq, bu halın daha çox psixoloji faktorlarla bağlı olduğunu demək olar. Yenə də deyirəm, maarifləndirməyə ehtiyac var. Bəzi vətəndaşların ehtiyacından çox alış-veriş etməsi ailə büdcəsi baxımından da arzuolunan hal hesab olunmur. Çünki aldığı ərzaq məhsullarının bir qismini istifadə edə bilməyəcək və xarab olacaq”.

Deputat qeyd edib ki, KİV və sosial şəbəkələr vasitəsilə həm dövlət qurumları, həm də ictimai xadimlər, parlament üzvləri vətəndaşlara müraciət edir və izahatlar verirlər: “Bu həftə sonu karantinin ilk olduğunu nəzərə alsaq, məsələnin dediyim kimi, psixoloji tərəfləri də var. Ümid edək ki, növbəti həftələrdə karantin tətbiq olunarsa, bu tip vəziyyət müşahidə olunmayacaq. İnsanlar doğru qərar qəbul edəcək və öz ehtiyaclarına uyğun alış-veriş edəcəklər”.

Psixoloq Taryel Faziloğlu isə bildirib ki, bu vəziyyət güvənsizlik sindiromundan yaşanıb: “Azərbaycanda insanların kütləvi güvənsizlik sindiromu var. Adamlar nə dövlət qurumuna, nə işlədiyi şirkətə, nə də ətrafında olan insanlara güvənir. Bu isə kütləvi psixoz yaradır. Qorxu hissi psixozun əsas əlamətlərindən biridir. İki gün karantin tətbiqi və mağazaların bağlı olması xəbərindən sonra insanlarda “birdən ac qalaram” kimi ortaya çıxan emosional təfəkkür məntiqi düşüncəni blokladı. Bu bloklanma nəticəsində cümə günü mağazalarda məlum hadisələr yaşandı. İstəsək də, istəməsək də bir vəziyyətdən qorxduğunuz zaman avtomatik olaraq o qorxuya qarşı müdafiə mexanizmi işə düşür. İnsanın müdafiə mexanizmi işə düşəndə isə artıq rasional olaraq məntiqi düşüncə qapanır. Verilən reaksiya müdafiə reksiyası olur. İnsanların iki günlə bağlı verdiyi reaksiya məntiqi deyil, emosional reaksiya olduğuna görə maksimum dərəcədə daha çox qorunmaq instikti ilə özlərinə lazım olan ərzağın bir necə dəfə artığını alırlar. Bu, Azərbaycan əhalisi üçün səciyyəvi haldır. Bu, bundan sonrakı həftələrdə də müşahidə olunacaq. Təəssüf ki, güvənsizlik sindromundan qaynaqlanan kütləvi psixoz halının yaratdığı vəziyyətdən hamımız əziyyət çəkirik”.

Psixoloq bildirib ki, bu problemlə bağlı kompleks psixoloji tədbirlər aparılmalıdır: “Həm KİV-lərdə maarifləndirmə, maarifləndiririci filmlər olmalıdır. Yəni, təbliğat sisteminə aid olan bütün vasitələrdən istifadə edərək əhalidə kütləvi şəkildə psixoloji immunitetin formalaşdırılması, psixoloji güvən hissinin formalaşdırılması üçün kompleks tədbirlər görülməlidir. Tədbirlər görülərsə, cəmiyyət olaraq bu problemi aşa bilərik. Bunun əvəzinə bəzi inzibati tədbirlərlə bu məsələni oratdan qaldırmaq mümkün deyil. Məsələn, karantin rejimini kütləvi şəkildə pozmaq istəyi kütləvi psixozun əlamətlərindən biridir. Güvənmədiyi instansiyadan aldığı əmri həzm etməsi və ona əməl etməsi insanların psixoloji olaraq imtina etdiyi haldır. Nəticədə qoyulan qaydaların bu cür kütləvi şəkildə pozulması hallarıl ilə üzləşirik”.


Paylaş:


Müəllif : Tarix:
9-06-2020, 15:34
Sikayət   


loading...
Загрузка...