reklam
Regionxeberlericom.az » Cəmiyyət » “İstehlakçılara verilən su itkiyə gedən sudan azdır” – Kərəm Həsənov

reklam

“İstehlakçılara verilən su itkiyə gedən sudan azdır” – Kərəm Həsənov


“Sizin tapşırığınızla, əhalinin içməli su təminatı, suyun keyfiyyəti və bu sahədə olan vəziyyətlə, eyni zamanda, kənd təsərrüfatının suvarma sistemi ilə bağlı yaxın günlərdə tərəfimizdən monitorinq aparılmışdır. Həmçinin ölkənin mövcud su ehtiyatları, onlardan istifadə vəziyyəti ilə bağlı araşdırmalar aparılmış və hazırlanmış arayış ali diqqətinizə təqdim edilib”.

Bunu Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Azərbaycanın su mənbələri üzrə ehtiyatları təxminən 35,6 milyard kubmetr qiymətləndirilir:

“Axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatlarımız 1970-ci ildə, yeraltı su ehtiyatlarımız isə 1980-ci illərdə qiymətləndirilib. Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməyib. Bayaq Fövqəladə Hallar naziri bu məsələ ilə bağlı qeyd etdi. Eyni zamanda, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu da əvvəllər su ehtiyatlarımızın 1,8 faizini təşkil etmişdir. Hazırda isə 15 faiz su ehtiyatlarının azalması bu rəqəmlərə təsir etmişdir . Mövcud su ehtiyatlarına içməli su 2,2 faiz nisbətindədir. Amma buna baxmayaraq, bu rəqəmlər suyun təminatının azalmasına çox cüzi təsir edir”.

O, qeyd edib ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir:

“Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Çox düzgün qeyd etdiniz ki, su itkiyə məruz qalır və bu da təxminən istehlakçılara verilən su təchizatının 50 faizi həcmindədir. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir. Bəli, bu rəqəmlər var. Eyni zamanda, çox düzgün qeyd etdiniz ki, su anbarlarımızda mövcud vəziyyətlə, yəni hidrotexniki qurğuların və avadanlıqların istismar müddəti ilə bağlı bəzi yerlərdə vaxtı keçmiş məsələlər var. Ona görə də çox doğru tapşırıq oldu ki, bu təhlükə mənbələrinin aradan götürülməsi üçün hidrotexniki qurğuların yenilənməsi ilə bağlı müvafiq iş aparılsın.

Digər məsələ isə, çox düzgün buyurdunuz ki, suya qoyulan investisiyaların sosial-iqtisadi səmərəliliyi düzgün hesablanmır. Yəni, həm əhalinin sayına görə, eyni zamanda, təchizat sistemində, yəni investisiyaların geri dönməsi, iqtisadi cəhətdən onların səmərəli olması heç də düzgün hesablanmır və sosial səmərəliliyinə baxılmır. Belə ki, bəzi ərazilərdə, məsələn Xaçmaz rayonunda biz bu məsələlərə baxmışıq. Xaçmaz rayonunda su təchizatı həll edilməmişdən öncə bir su mənbəyi müəyyən olunub. Sonradan isə bu mənbəyə də quraqlıq təsir etmişdir və bulaq qurumuşdur. Nəticədə bu gün 2 min fərdi ev, təxminən 10 minə yaxın əhali su təchizatından narazıdır. Bu narazılığı biz ali diqqətinizə çatdırmışıq və Siz göstəriş vermisiniz. Biz əməkdaşlarımızı Xaçmaz rayonuna dərhal ezam etdik və Zeynal Nağdəliyevin şöbəsinin əməkdaşları ilə birlikdə orada bu məsələlərlə məşğul olduq

Eyni zamanda, şikayətlərlə bağlı isə onu demək istərdim ki, 12 rayondan su təchizatı ilə bağlı şikayətlər var idi. Bunu, əsasən, aran rayonları - Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Biləsuvar rayonları təşkil edirdi. Sizin tapşırığınız əsasında onların su ilə təminatı məsələlərinə ciddi fikir verilib və məsələlər araşdırılıb”.


Paylaş:


Müəllif : Tarix:
24-07-2020, 08:25
Sikayət   


loading...
Загрузка...